Ana Sayfa > Xəbər > "Qara bazar"ın nisyə dəftəri
"Qara bazar"ın nisyə dəftəri7-07-2015, 16:24. Yazar: admin |
İnsan qaldıra biləcəyi yükün altına girməlidir. Bu, xüsusilə də maddi baxımdan böyük əhəmiyyət daşıyır. Ödəyə bilməyəcəyi borca girən şəxsin sonrakı taleyi həmişə acı olur. Tarixən belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Azərbaycanda “qara bazar”da mərc oyunları vətəndaşlar üçün əməlli-başlı ağır yükdür. Özü də bu yük onların üzərinə özləri hiss etmədən qoyulur ki, sonradan altından çıxmaq mümkünsüzə çevrilir. İnsanlar əllərində real olmayan pullarla pul qoyuluşu etdikdə böyük səhvlərə yol verirlər. Bu mənada “qara bazar”ın öz müştərilərinə vurduğu zərbələrin həcmi ölçüyə gəlmir. Proses isə çox sadədir. “Qara bazar” pul qoyuluşlarını əksər hallarda nisyə şəkildə - telefon zəngi və ya SMS-lə qəbul edir. Məsələn, kimsə bir komandanın qələbəsinə 500 manat yatırmaq istəyir. Hazırda bu məbləğdə maliyyəsi olmasa da “qara bazar” nümayəndəsinə zəng edərək mərcini ona deyir. O da öz növbəsində bunu qəbul edir. Mərc tutmayanda rəqəm borca yazılır. Adətən pulun qeyri-rəsmi ödəniş vaxtı bir gün sonradır. Əksər hallarda maddi problemi olan borc yiyəsi nümayəndəyə zəng edərək pulun gətirəcəyini və axşam daha bir mərci qəbul etməyi xahiş edir. Cavab təbii ki, müsbət olur və məbləğ böyüməyə başlayır. Cibdən gedən pul nağd olmadığından “virtual borc” heç bir ağırlıq vermir. Müştəri ardıcıl pul qoyuluşları edir, məbləğ böyüyür. Bu gedişlə rəqəm o həddə çatır ki, müştəri onu ödəmək iqtidarında olmur və “nisyə dəftəri” öz qara üzünü göstərmək üçün hərəkətə keçir. Minlərlə belə fakt var ki, insanlar borclarını ödəmək üçün ev əşyalarını, avtomobilini, qiymətli əşyalarını, hətta mənzillərini belə satmağa məcbur olurlar. Hamısı da hər şey əldən çıxandan sonra “ayılır” və “mən bu duruma necə gəlib çıxdım” sualını özlərinə verirlər. Ancaq o vaxt gec olur. Ad çəkmədən danışsaq, 2013-cü ildə Gəncə şəhərində bir bank işçisi “qara bazar”a olan borcunu ödəmək üçün oğurluğa belə getməkdən çəkinməyib. O, çıxış yolunu kassadan 132 min manatı götürərək ödəniş etməkdə görüb. İtkinin üstü qısa müddətdə açılıb. Həmin şəxs bu dəfə banka borcu qaytarmaq üçün evini və bütün qiymətli əşyalarını satmalı olub. Daha sonra işdən də çıxarılıb. “Qara bazar”da mərc oynayan yəqin ki, hər kəs belə real hadisələrlə üzləşən çox sayda adam tanıyır. Tanıyır və baş verənlərdən nəticə çıxarmağa çalışırlar. Gözlə görülməyən hətta 1 manat belə sonradan min, on min dəfə böyüyə, bəlaya səbəb ola bilər. Geri dön |