Ana Sayfa > Xəbər > Ruslar Bakıya yayılır
Ruslar Bakıya yayılır7-07-2015, 15:06. Yazar: admin |
“Təəssüf ki, Azərbaycanda qanunvericilik bizə rus dilində radio işə salmağa imkan vermir”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Rusiyanın “Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev bildirir. “Biz radio layihəsini bir çox respublikalarda həyata keçirmişik. Qazaxıstanda 4 saat qazax dilində, 4 saat rus dilində yayılırıq. Moldaviyada və Tacikistanda da həm rus, həm də yerli dillərdə verilişlər hazırlayırıq”,- deyə “Sputnik” təmsilçisi bildirir. Adı nə qədər yeni səslənsə də “Sputnik” əslində postsovet məkanında yaxşı tanınan və 1929-cu ildən yayılan “Qolos Rossii” (Rusiyanın səsi) radiosunun varisidir. Hazırda Rusiya dövlətinə məxsus “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkib hissəsidir. May ayından Bakıda yerli radioların biri ilə layihə başlamış “Sputnik” Azərbaycanda həm audio verilişlər hazırlayır, həm də rus və Azərbaycan dillərində portal işə salaraq xəbər yayır. “Sputnik” radiosunun Bakı buraxılışı da sırf xəbərçiliklə bağlıdır - həftənin 5 iş günü səhər saat 10.00-dan axşam saat 20.00-a qədər hər saat başı xəbər bülleteni ilə efirə çıxır. Əziz Əliyevin təbirincə, məqsədləri nə baş verdiyini insanlara çatdırmaqdır. Yəni radio baş verənləri Rusiyanın baxış bucağı altında Azəraycan dinləyicilərinə çatdırır. Hökumət dairələrinə yaxın mənbələrin dediklərinə inanılarsa, yaxın zamanlarda “Sputnik” radiosu Azərbaycanın rusdilli auditoriyasına daha yaxın olacaq və rusca da xəbər bülletini ilə efirə çıxacaq. “Sputnik” in işə başlaması Azərbaycan hökumətinin son illərdə xarici radiolara qarşı tutduğu siyasətdə qəfil dəyişmə kimi dəyərləndirilə bilər. Məsələ bundadır ki, 2010-cu ildə Azərbaycanda "Azadlıq" radiosunun, "BBC"nin və "Amerikanın səsi" radiosunun yayımı dayandırılmışdı. Həmin vaxt bağlanan radiokanallar sırasına Rusiyaya məxsus "Yevropa plyus Baku" da daxil edilmişdi. İndi isə göründüyü kimi, yalnız rus radiosu Bakıya qayıdır. Politoloq Fikrət Sadıqov Rusiyanın “Sputnik” radiosunun Bakıda fəaliyyətə başlamasında elə bir ciddi problem görmür. “Bu radiokanal bütün dünyada olduğu kimi Rusiya həqiqətlərini dinləyiciyə çatdırır. Onunla eyni qrupa daxil olan “Russia Today” telekanalı Qərbin əksər ölkəsində yayılır. Amma bununla yanaşı bizdə də hamıya eyni şərait yaradılmalıdır və hər kəsə öz həqiqətlərini dinləyiciyə çatdırmaq imkanı verilməlidir. Yəni bir ölkəyə məxsus radionu bağlayıb, digər ölkəyə məxsus radionu açmaq düz olmaz. Bunun qarşılığında Azərbaycan da “Russia Today” kimi bir telekanal yaradaraq öz həqiqətlərini bütün dünyaya çatdırmalıdır”,- deyə Fikrət Sadıqov ANS PRESS-in əməkdaşı ilə söhbətində vurğulayıb. Geri dön |