Ana Sayfa > Xəbər > "İşğalçı Ermənistana qarşı sanksiya tətbiq olunmaması artıq hər kəsə məntiqsiz görünür"
"İşğalçı Ermənistana qarşı sanksiya tətbiq olunmaması artıq hər kəsə məntiqsiz görünür"18-03-2015, 15:55. Yazar: admin |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin martın 17-də keçirilən iclasında "dondurulmuş" münaqişələr, o cümlədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi müzakirədə Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş" münaqişə kimi qələmə verilməsinə qəti etiraz edib və "dondurulmamış", aktiv münaqişə kimi müzakirəyə çıxarılmasına nail olub. S. Seyidov bildirib ki, bu gün Ermənistanın işğal etdiyi torpaqlarda, təmas xəttində hər gün insanlar həlak olur, təxribatlar baş verir: “Müzakirələr zamanı nəzərə çatdırıldı ki, "dondurulmuş" münaqişələrdən fərqli olaraq, orada indi də əhali güllə altındadır və hər gün hücumlara məruz qalır”. S. Seyidovun sözlərinə görə, müzakirələrdə o da diqqətə çatdırılıb ki, beynəlxalq sənədlərin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin uzun illərdir icra olunmamasının əsas səbəbi odur ki, işğalçı ölkəyə qarşı nəinki sanksiya tətbiq olunmayıb, hətta həmin ölkə digər dövlətlərlə birlikdə Avropa Şurasının fəaliyyətində sərbəst iştirak edir: “Biz bəyan etdik ki, Dağlıq Qarabağ münaqişəsini törədən işğalçı ölkə bu gün AŞPA-da problemsiz oturur və müzakirələrə qatılır. Onlara dedik ki, axı sizin təcrübəniz var. Məsələn, bu yaxınlarda Rusiyaya qarşı sanksiyalar tətbiq etdiniz, amma işğalçılıq siyasəti yeridən Ermənistana heç bir sanksiya tətbiq olunmur. Biz məsələni bu dəfə konkret qaldırıb, irad tutduq ki, Ermənistana qarşı sanksiyaların tətbiq olunmaması tamamilə məntiqsizdir”. S. Seyidov deyib ki, toplantıda Azərbaycan tərəfinin mövqeyini bir çox ölkə dəstəkləyib və bunu görən Ermənistan nümayəndələri səs-küy salaraq iclasın gedişini pozmaq istəyiblər: “Amma əvvəlki illərdən fərqli olaraq, Ermənistan nümayəndə heyətinin söylədiklərini AŞPA-da əksəriyyət ciddiyə almır. Artıq hər kəs görür ki, bir ölkəyə qarşı sanksiya tətbiq edilir, lakin Azərbaycan torpaqlarını işğal edərək AŞPA-da rahat oturan Ermənistana qarşı heç bir addım atılmır. Bu, hər kəsə məntiqsiz görünür”. S. Seyidov qeyd edib ki, bu müzakirələri, eləcə də xüsusi məruzəçi Robert Valterin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialların toplanması ilə məşğul olduğunu nəzərə alsaq, tezliklə AŞPA-da Dağlıq Qarabağla bağlı hansısa sənədin qəbul olunacağını söyləmək olar. Geri dön |