Ana Sayfa > Xəbər > “Separatçılar Donetskdə müstəqil dövlət yarada bilməyəcəklər”

“Separatçılar Donetskdə müstəqil dövlət yarada bilməyəcəklər”


18-03-2015, 15:50. Yazar: admin
“Separatçılar Donetskdə müstəqil dövlət yarada bilməyəcəklər”
“Ukraynada baş verən proseslər Rusiya və NATO qarşıdurmasının nəticəsindən çox aılıdır. Ukraynadakı vəziyyət artıq bütün mövqelərdə aydındır. Ukrayna Avropa İttifaqına inteqrasiya edəcək və bir daha Rusiyanın koloniyası olmayacaq”.

Bunu Modern.az-a Ukraynada seperatçılarla aparılan danışıqlar və onlara verilə biləcək xüsusi statusla bağlı məsələlərə münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib.

Ukraynanın həm Rusiya, həm də ABŞ və Avropa üçün strateji, həyati əhəmiyyətə malik olduğunu bildirən politoloq Donbasın rus əhalisinin müxtariyyətə hüquqlarının tam çatdığını bildirib:

“Qərb Ukraynanı sona qədər dəstəkləyəcək. Seperatçıların ələ keçirdikləri ərazilər Ukraynaya məxsusdur, lakin sözsüz ki, onların muxtariyyətə tam hüquqları çatır. Çünki Donetsk və Luqansk əhalisinin əksəriyyəti ruslardan ibarətdir. Ona görə də Ukrayna iqtidarı da bu vəziyyəti nəzərə alacaq. Orada yerləşən əhalinin heç biri Rusiyaya getməyi düşünmür. Məsələn, Litva Avropa İttifaqının üzvüdür və orada yaşayış səviyyəsi Rusiyadan qat-qat yuxarıdır. Ona görə də orada yaşayan ruslar Litvanı sevir və orada yaşamaq istəyir.

Amma sözsüz ki, onlar özünün müxtariyyət hüquqları uğrunda demokratik dövlət çərçivəsində mübarizə apara bilər. Bu da tam məqbuldur. Mümkün deyil ki, Baltikyanı respublikalarda yaşayan ruslar inqilab edərək Rusiyaya qayıtsınlar. Heç Ukraynada da bu baş verməyib”.

Ekspertin fikrincə, Donetsk və Luqanskda separatçılar muxtariyyət təklifləri ilə razılaşmadıqları təqdirdə həmin ərazilər məhv ediləcək:

“Rusiya Ukraynaya qoşun yeritməsəydi və rusları Ukrayna əleyhinə təbliğatla yönəltməsəydi bu hadisələr də baş verməzdi. Orada yaşayan əhali Ukrayna əleyhinə döyüşmək fikrində deyil. Onlar hamısı Ukraynanın tərkibində yaşamaq istədiklərini bildirir. Müharibə zamanı çoxlu sayda qaçqın Ukraynadan axın etmişdi. Hazırda onların hamısı yenidən Ukraynaya qayıdır.

Seperatçılar artıq başa düşürlər ki, onlar Luqansk və Donetskdə müstəqil dövlət yarada bilməyəcəklər. Belə dövlətlərin yaranması, yaxud Rusiyanın tərkibinə daxil olmaq mümkün deyil. Deməli, bir şey qalır, o da yüksək muxtariyyət hüquqlarıdır. Onu da Ukrayna verir. Onlar verilən muxtariyyəti qəbul edəcəklər. Qəbul etməsələr, müharibə nəticəsində Ukraynanın həmin regionları darmadağın olacaq. İndi Donetsk və Luqanskda Rusiyanın apardığı siyasət nəticəsində daş daşın üstündə qalmayıb. Ona görə bu müharibə onların xeyrinə deyil”.

Geri dön