Ana Sayfa > Xəbər > Prokuror qatil həkimə ittiham elan etdi – 3 il

Prokuror qatil həkimə ittiham elan etdi – 3 il


18-03-2015, 14:58. Yazar: admin
Prokuror qatil həkimə ittiham elan etdi – 3 il
Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses keçirilib.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Prosesdən danışan S.Vəkilov bildirib ki, məhkəmə iclasında sonuncu ekspert rəyinə imza atan həkimlərdən biri ifadə verib:

“Bugünkü məhkəmə prosesində rəy vermiş tibb ekspertlərindən Vaqif Rəhimov dindirildi. Proses iştirakçılarının suallarını cavablandıran Vaqif Rəhimov birmənalı olaraq bildirdi ki, cərrahiyyə əməliyyatının uğursuz keçməsində bütün tibb personalı məsuliyyət daşıyır. O cümlədən də cərrah və əməliyyatın həyata keçirildiyi “Medi Sina” klinikası. Çünki tibbi ekspert rəyindən də məlumdur ki, klinikanın bu əməliyyatı aparması üçün gərəkli olan lisenziyası olmayıb. Həmçinin, tibb müəssisəsi texniki baxımdan çox zəif təmin olunmuşdu. Aparatların müasir standartlara cavab verməsi şübhə doğurur. Bu məsələləri bir ekspert kimi tibb elmləri doktoru Vaqif Rəhimov izah etdi. Bütün proses Vaqif Rəhimovun çox səmimi və düzgün ifadələri və obyektivliyi ilə seçildi. Amma təəssüf ki, zərərçəkən tərəfin istintaq zamanı verdiyi vəsatətlərə düz 4 dəfə ekspert rəyi göndərən Şakir Musayevin rəhbərlik etdiyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hər dəfə bu konkret sualdan yayınaraq, bütün tibb personalının bu cinayətdə məsuliyyət daşıdığını təsdiqləməmişdi”.

Səhiyyə Nazirliyinin respublikanın baş onkoloq və ekspertlərinin imzası ilə prokurorluqda aparılan istintaqa göndərdiyi rəsmi məktubunda da bütün tibb personalının məsuliyyət daşıdığının əks olunduğunu xatırladan S.Vəkilov bu fakta əsasən vəsatətlər verildiyini, ancaq Ş.Musayevin başçılıq etdiyi idarənin verdiyi 4 ekspert rəyinin heç birində əməliyyatda iştirak edən tibb personalının hamısının məsuliyyət daşıdığının əks olunmadığını bir daha xatırlatdı:

“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yalnız anestezioloqun məsuliyyət daşıdğını təsdiqlədi, digər həkimlərin məsuliyyətdən yayınması üçün nə mümkündürsə, onu da etdi. Rəy verən ekspertlərdən birinin məhkəmə ifadəsində tibb personalının hamısının məsuliyyət daşıdığını elan və sübut etməsi isə bir daha Ş.Musayevin mahiyyətini ortaya qoydu”.

Qətnamə qəbul edildikdən sonra zərərçəkənin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə bağlı addımlar atmasında israrlı olacağını qeyd edən S.Vəkilov vurğulayıb ki, bugünkü prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı ittihamını elan edib:

“İstintaqın yekunlaşması ilə bağlı prokurora çıxış verildi və daha sonra müdafiə tərəfi Firuz İbrahimovun vəkili çıxış üçün vaxt götürdü. Prokuror elan etdi ki, Firuz İbrahimova elan olunmuş ittiham sübuta yetirilmiş hesab olunur. Dövlət ittihamçısı məhkəmədən Firuz İbrahimova iki maddə ilə elan olunmuş cəzanın birləşdirilməsi, həmçinin ilk məhkumluq və himayəsində azyaşlı övladın olmasını nəzərə alaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunmasını xahiş etdi. Zərərçəkmiş Anar Niftəliyev də çıxışı zamanı aylardır davam edən prosesin hökm elan olunana qədərki hissəsindən razılığını bildirdi və hakim Şəlalə Həsənovaya ədalətli mövqeyinə görə təşəkkür etdi. Həmçinin öz ittiham mövqeyini çatdırdı. Növbəti iclas 8 aprel saat 12:00-a təyin edildi. Bu tarixdə Anar Niftəliyevin nümayəndəsi kimi mən çıxış edəcəyəm”.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün zərərçəkənin şikayəti əsasında cinayət işi Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə DİN Baş İstintaq İdarəsinin nəzarətinə götürülüb. DİN Baş İstintaq İdarəsi Nəsimi Rayon Polis İdarəsi İstintaq şöbəsinin xətm qərarının ləğv olunması və işin Bakı şəhər Baş Polis İdarəsində araşdırılması barədə qərar qəbul edib.

Hazırda F.İdrisovun dələduzluq maddəsi ilə cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatındadır.

Onkoloq M.Məmmədovun vergidən yayınması ilə bağlı cinayət faktıni isə Bakı Vergilər Departamentinin İstintaq İdarəsi araşdırır.

Geri dön