Ana Sayfa > Xəbər > Oğurluğa qarşı nə etməli?!
Oğurluğa qarşı nə etməli?!18-03-2015, 14:33. Yazar: admin |
Həyatda müəyyən mənada hər hansı formada oğurluğun qurbanı olmayan insan demək olar ki, yoxdur. O zaman sual doğur: Oğurluğun qurbanı olmamaq üçün nə etmək lazımdır? Trend bu məsələdə vətəndaşlara kömək etmək məqsədilə bu mövzuda Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəsmi orqanı olan “Polis” qəzetində yer alan eyniadlı məqaləni təqdim edir. Oğurluq haqqında hər kəsin məlumatı var, çox “məşhur” cinayət növüdür. Müşahidə etmiş olarsınız, bəzən uşaqlar belə oyuncağını xəbərsiz götürdüyünə görə öz həmyaşıdının əməlini “oğurluq” kimi dəyərləndirir. Deməli, bu qanunsuz əməl - gizli yolla talama cinayəti özünün mahiyyətini böyüklü-kiçikli hamı üçün açır. Və əslində, bu təhlükə insanların daha tədbirli olmasını zəruri edir ki, qapı-pəncərələrini kimsə xəlvət açıb əmlaklarını talamasın. Eyni zamanda, qapını açıq qoyub qonşudan şübhələnməyə də dəyməz. Aydın məsələdir ki, bir oğurluq hadisəsi baş verəndə polis oğrunu axtarır, tapır və məsuliyyətə cəlb edir. Bu hadisənin hüqiqi tərəfi, cinayətkarlıqla mübarizə sahəsinə aiddir. Biz isə oğurluqdan qorunma yollarını axtarmalıyıq ki, ümumiyyətlə, zərərçəkənə çevrilməyək. Təbii ki, həyati hadisələrdə hazır resept olmur, hər şey situasiyaya görə dəyişir. Lakin qabaqlayıcı tədbirlərin effektinə inanan mütəxəssislər hesab edir ki, bəzi preventiv tədbirlərin qarşılığında mənzilləri oğrulardan qorumaq mümkündür. Birincisi, evinizdə tək olduğunuz zaman qapını tanımadığınız adamlara açmayın. Bu, əsas və demək olar ki, hamının əməl etməli olduğu qaydadır. Evdə olmadığınız müddətdə pəncərələrinizin də bağlı qalmasına eyni həssaslığın göstərilməsi tövsiyə olunur. Oğurluq etmək istəyən şəxs uzun müddət vaxt sərf edib, səs-küylə bağlı pəncərədən keçməz. Şüşəni sındırıb girmək də diqqət çəkə bilər, əgər pəncərəyə əlavə kilid taxılıbsa, oğrular şüşəni qırdıqdan sonra belə pəncərəni açmağa cəhd etməyəcək. Ümumiyyətlə yaxşı olar ki, balkon qapısı və pəncərələrinin sağlam dəmir çərçivəsi olsun. Bu yalnız birinci mərtəbələrə aid deyil, 2-3-cü mərtəbədə olan mənzillərə də şamil edilir. Çünki oğru üçün bir-iki mərtəbə yuxarı qalxmaq problem deyil. Mənzilinizi etibarlı mühafizə etmək üçün giriş qapısında ikili kilidin olmasına diqqət etməyiniz məsləhətdir. Bu, kilidin sındırılması və ya açarseçmə yolu ilə qapının açılmasını əngəlləyir. Söz var, deyirlər, kilidli olmayan polad qapının taxta qapıdan fərqi yoxdur. Bundan əlavə, gecələr qapının arxasında təhlükəsizlik zənciri bağlı saxlanılmalıdır ki, rahat yata biləsiniz. Evinizə və ya iş yerinizə yeni daşınıbsınızsa, qapı kilidlərini mütləq dəyişdirin. Hətta mənzilinizi müvəqqəti də olsa tərk etməli olsanız, bütün işıqları söndürməyin. Nəzərə alın ki, işığın parıltısına yalnız pərvanələr gəlir, oğrular isə qaçır... Əgər qapını, qeyd etdiyimiz kimi, iki yerdən kilidləyib açarı ayaqaltında, ayaqqabı içində, elektrik, qaz sayğaçının künc-bucağında gizlədəcəksinizsə, deməli, oğruları o qədər də ciddiyə almırsınız. Ya da polisin oğruları tapıb sizə dəymiş maddi ziyanın ödəniləcəyinə əminsiniz. Bəzən qapıyacan gələn səyyar satıcıları, bəxtinizi bağlamış cin-şeytanı “tutmaq” üçün evinizə girmək istəyən falçını, baxıcını, “cintutan”ı da içəri buraxmayın. Əks halda bəxt arayarkən, qiymətli əşyarlarınızı “itirə bilərsiniz”. Artıq bu kimi cinayətlər paytaxtda, eləcə də ətraf rayonlarda bir neçə dəfə baş verib və qızıl-zinət əşyalarını oğurlatmış ev sahiblərinin köməyinə yalnız polis çatıb. Texniki önləmlərlə yanaşı yaşadığınız binada, məhəllədə qonşularla münasibət də sizi “əli əyrilər”in həmləsindən qoruya bilər. Ekspertlər qonşuluq əlaqələrinin yaxşı olmasının oğrular üçün çəkindirici faktor kimi dəyərləndirirlər. Qonşuların bir-birilərini xəbərdar etmə, onların həmrəyliyi ümumən hər hansı hüquq pozuntusuna qarşı ictimai cəbhə yarada biləcəyi qeyd edilir. Görülmüş bütün tədbirlərə baxmayaraq, evə qayıtdığınızda pəncərə şüşəsinin qırıldığını və ya qapı kilidinin sındırıldığını gördüyünüz anda, oğruların hələ də içəridə ola biləcəyini ehtimal edib, evə girmək lazım deyil. Dərhal polisi məlumat verib (“102” Zəng Mərkəzi) evi nəzarətdə saxlamaq işin xeyrinədir. Və yaxud ola bilər ki, gecə yarsı evinizdə ayaq səsləri eşidərək oyana bilərsiniz. Belə bir vəziyyətlə qarşılaşan insana özünü nə yatırmış kimi göstərmək, nə də oğrunu tutmaq həvəsinə düşməmək tövsiyə edilir. Hər iki davranış həyatınız üçün risklidir. İşığı yandırıb evdə hərəkət etmək, tək olsanız belə guya kiminləsə danışırmış kimi yüksək səslə danışmaqla oğrunu qaçmağa məcbur edə bilərsiniz. Nəhayət bütün bu proseslərin sonunda “qızıl qayda” gəlir. Artıq mülkiyyət əleyhinə cinayət baş veribsə, heç bir şeyə toxunmadan polisə xəbər vermək lazımdır. Unutmayın ki, oğrunu tutmaq yalnız onun buraxdığı cinayət izləri ilə mümkündür. Panikaya düşüb gizlətdiyiniz əşyaların oğrunun tapıb-tapmadığını öyrənmək üçün ev əşyalarını ələk-vələk etməyiniz işin yalnız ziyanınadır. Qeyd etdiyimiz kimi, bütün bu tədbirlər öz imkanlarınız daxilində görə biləcəyiniz qabaqlayıcı tədbirlərdir. Əmlakınızın qorunmasını peşəkarlara həvalə etməyiniz isə oğrularla mübarizənin ən doğru yolu hesab edilə bilər. Belə ki, məlum olduğu kimi, DİN-in Baş Mühafizə İdarəsinin respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Bu qurumla müvafiq müqvilə bağlandıqdan sonra mənzil və obyektlərdə xüsusi təhlükəsizlik sistemləri quraşdırılır. Belə müasir texniki vasitələrin “hissiyatı” o dərəcədə yüksəkdir ki, mənzildə, hər hansı obyektdə baş verən ən cüzi dəyişiklikləri belə qeydə ala bilir. Verilən məlumata görə, mühafizə olunan obyektə kənar şəxslərin müdaxiləsi zamanı, siqnalizasiya sistemlərindən mərkəzləşdirilmiş mühafizə mərkəzinə həyəcan siqnalı daxil olur. Məlumat dərhal ərazidə xidmət aparan polis naryadlarına ötürülür. “Həyəcan siqnalı”nın daxil olmasından polis əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər olan vaxt, adətən, beş dəqiqədən artıq çəkmir. Geri dön |