Ana Sayfa > Xəbər > Rektorun qızını döyən qardaşlardan biri həbs olundu
Rektorun qızını döyən qardaşlardan biri həbs olundu18-03-2015, 13:24. Yazar: admin |
Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb. APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. Qeyd edək ki, dünən protestin baxılmasına başlanıb və iclas bu günə təxirə salınıb. Təqsirləndirilən Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova prosesdən sonra jurnalistlərə açıqlamasında qadının döyülməsini özündə əks etdirən videogörüntülərə baxdığını, lakin həmin görüntülərdəki şəxslərin onun övladları olmadığını deyib: “Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”. Qeyd edək ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib. Geri dön |