Ana Sayfa > Xəbər > Sevinc Fətəliyeva: “Azərbaycanın müstəqil siyasəti bəzi dövlətləri narahat edir"
Sevinc Fətəliyeva: “Azərbaycanın müstəqil siyasəti bəzi dövlətləri narahat edir"29-06-2015, 13:29. Yazar: admin |
“Təəssüf ki, biz artıq dəfələrlə bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma kampaniyalarının şahidi oluruq. Hər nə qədər istəməsək də, ölkəmizə qarşı vəziyyət dəyişib və ikili yanaşmalar hökm sürməkdədir”. Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlardan çıxış etməsinə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, son zamanlar Azərbaycanla əlaqədar gedən müzakirələrin və verilən bəyanatların sayının artdığını görürük: “Dünyada gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, Azərbaycanın müstəqil siyasət aparması bir çox dövlətləri və təşkilatları narahat edir. O cümlədən də bir sıra dairələr dünya arenasında heç bir dövlətin təsiri olmadan Azərbaycanın müstəqil mövqedən çıxış etməsini qəbul etmək istəmirlər. Bu baxımdan da bu və ya digər formada dövlətimizin müstəqilliyini zəiflətməyə, gücünü məhdudlaşdırmağa çalışırlar. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Çünki Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, bir sıra uğurlara imza atıb. Məhz bu uğurları gözləri götürməyən qüvvələr bu cür kampaniyaları canlandırırı ki, bunun da yaxın gələcəkdə iflasa uğrayacağına əminik”. Sevinc Fətəliyeva həmçinin ABŞ Dövlət Departamentinin yaydığı bəyanata da münasibət bildirərək qeyd edib ki, bu bəyanat qərəzdən başqa bir şey deyil: “Azərbaycanda insan haqlarının pozulduğunu, söz və mətbuat azadlığının olmadığını bəyan edənlər bəs nəyə görə günlərdir Ermənistanda baş verən proseslərə heç bir münasibət bildirmirlər? Bu, aydın məsələdir. Çünki məhz bu bəyanatları yayanlar ermənilər və erməni lobbisindən qidalananlardır. Düşünürəm ki, nə qədər bu tipli bəyanatlar verirlərsə versinlər, hansı sənədi saxtalaşdırırlar saxtalaşdırsınlar heç bir halda həqiqəti dana bilməyəcək, Azərbaycanı öz yolundan döndərə bilməyəcəklər”. Geri dön |