Ana Sayfa > Xəbər > Avropa Oyunları: 39 000 manatlıq yalana qarşı 3900 manatlıq həqiqət

Avropa Oyunları: 39 000 manatlıq yalana qarşı 3900 manatlıq həqiqət


17-03-2015, 12:43. Yazar: admin
 Avropa Oyunları: 39 000 manatlıq yalana qarşı 3900 manatlıq həqiqət
Bir neçə aydır ki, mətbuat səhifələrində Bakıda keçiriləcək I Avropa Oyunları ətrafında qara piar aparılır. Bu oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin lüzumsuz xərclər olduğuna insanları inandırmağa çalışan qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində yaymaqla məşğuldurlar. Bu kateqoriyaya aid olan müəlliflər apardıqları təbliğatın istənilən nəticə vermədiyini gördükdə “şok effekti” yaradacaq informasiyalar yaymağa başladılar. İstinad nöqtəsi olmayan məlumatlar yayan bu adamlar Avropa Oyunlarında iştirak edəcək hər bir əcnəbi idmançıya görə Azərbaycan hökumətinin 39 min manat, köməkçi heyət üzvlərinin isə hər birinə 16 min manat xərc çəkəcəyi barədə uydurmanı tirajlamaq yolunu tutdular.
Xatırlayırısınızsa martın əvvəlində bu rəqəmlərin heç bir ciddi əsasa söykənmədiyini göstərən təhlillə çıxış etmişdik. “Avropa Oyunları indiki vaxtda Azərbaycana lazımdırmı” başlığı altında təqdim etdiyimiz həmin təhlil xarakterli yazıda bir əcnəbi idmançıya 39 min manat xərc “hesablayan” müəlliflərə suallar ünvanladıq. Haradan götürmüsünüz bu rəqəmləri? Onları necə hesablamısınız? Təbii ki, suallarımız cavabsız qaldı. Bir nəfər ortaya çıxıb bir kəlmə də olsun demədi ki bu nə rəqəmlərdi, onları necə hesablayıblar və ya ümumiyyətlə haradan götürüblər? Susdular və üstəlik də həmin rəqəmləri bir daha səsləndirmədilər. Bilirsinizmi niyə? Çünki suallarımıza cavab tapa bilmədilər. Bu, siyasi motivlərə söykənən və “obıvatel”ə hesablanmış bir hay-küy idi, “bəlkə keçər” prinsipi ilə ortaya atılmışdı. Əvvəlcə bu hay-küyü yaratdılar, sonra görəndə ki onu cəmiyyətə sırımaq o qədər də asan olmayacaq, yenə qayıtdılar köhnə bayatılara, heç bir ciddi arqumentə söykənməyən ümumiləşdirilmiş ittihamlara...
Hakimiyyətə siyasi müxalifətdə dayanmaq tamamilə normal haldır. Ancaq dövlətin maraqlarına qarşı çıxmaq, onun nüfuzunu düşünməmək, “Avropa dəyərlərinə xidmət” adı altında öz ölksinə, xalqına qarşı az qala xəyanət yolunu tutmaq heç bir halda normal qarşılana bilməz. Bir idmançıya görə çəkiləcək xərci 10 dəfə şişirdərək cəmiyyətə təqdim etmək müxalifətçilik deyil, yalançılıqdır. Bax, əslində bu YALANlara son qoymaq lazımdır!
Gəlin yenə də real rəqəmlərin və faktların dili ilə danışaq. Çünkü əlahəzrət fakt həmişə öz sözünü deməyi bacarır. Ötən yazımızda qeyd etmişdik. Bir daha təkrar edirik ki, bir idmançının Avropanın ən ucqar ölkəsindən Azərbaycana gəlib getməsinin nəqliyyat xərcı ən çoxu 1500 manatdan, bir idmançının 15 günlük yemək xərci isə maksimum 2000 manatdan artıq ola bilməz. Gələn idmançıların Olimpiya kəndində pulsuz yaşayacaqları, nəqliyyat xidmətini isə özəl bir nəqliyyat təşkilatının göstərəcəyi halda bir idmançıya çəkilən xərclərin 39 min manat olacağını deyən adamlar hansı hesablamalara söykənir? Bir idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərcin 3500-3900 manat olduğunu bilə bilə bu xərcləri cəmiyyətə 10 dəfə şişirdilmiş formada təqdim etmək qərəzdən xəbər verimirmi?
39 minlik iddianı ortaya atmış, bu rəqəmi əlində bayraq etmiş qəhrəmanlar aylardan bəri ilk dəfə bu ilin mart ayının 15-də keçirdikləri mitinqdə nədən bu rəqəmləri səsləndirmədilər? Görünür özləri də dərk edirlər ki, bu böyüklükdə yalan olmaz! Bir idmançının xərcı maksimum 3900 manat olsa belə (nəzərə alaq ki, yarışları uduzan idmançı həmən öz vətəninə qayıdır, ancaq biz 3900 manat xərci hər bir idmançının yarışların sonunadək qalması şərti ilə hesablamışıq) 6 min idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərc 23,4 milyon manat edir. İndi götürün bunu 21 milyard manatdan çox olan Azərbaycan büdcəsinin xərcləri ilə müqaisə edin! Bu, 0,1%-dən bir qədər artıqdır! Azərbaycanın Avropa Oyunlarından əldə edəcəyi dividentləri nəzərə almayanlar dövlət büdcəsindən bu oyunlarla bağlı xərclərin 1,3 milyard manat təsdiq edilməsi faktını görməzdən gəlib infrastruktur layihələrinə, idman qurğularının tikintisinə ayrılan vəsaitləri də oyunların təşkilinə çəkiləcək xərc kimi göstərirlər. Görəsən bu adamlar xərclərin gah 8 milyard, gah da 4 milyard manat olacağını deyəndə heç məsuliyyət hiss etmirlərmi?
Bakıda keçiriləcək I Avropa Oyunlarını 1 milyarda qədər insan izləyə biləcək. Deməli, bu qədər insan iki həftə ərzində Azərbaycanı daha yaxından tanıya biləcək. Bu oyunları 1500 –dən artıq jurnalist işıqlandıracaq. Məgər bütün bunlar Azərbaycanın dünyaya daha yaxından tanıdılması, onun son 10 ildə əldə etdiyi uğurların dünyaya göstərilməsi imkanı deyilmi? Ölkəyə xarici investitsiyaları daha geniş şəkildə cəlb etmək, turizmin inkişafına təkan vermək, yerli istehsal şirkətlərini tanıtdırmaq üçün yaranmış fürsətdən niyə istifadə olunmamalıdır?
O ki, qaldı idman qurğularının tikintisinə və bərpasına çəkilən xərclərə, bu tikintilər Azərbaycana qalacaq, bura gələn idmançılar onları söküb özlərı ilə aparmayacaqlar...


“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor Fikrət Yusifov

Geri dön