Ana Sayfa > Xəbər > Vəkil Azərbaycandakı dəhşətli qətllər, cəzasızlıq mühiti və hakimlər haqda

Vəkil Azərbaycandakı dəhşətli qətllər, cəzasızlıq mühiti və hakimlər haqda


22-06-2015, 14:28. Yazar: admin
Vəkil Azərbaycandakı dəhşətli qətllər, cəzasızlıq mühiti və hakimlər haqda
Cəmiyyətdə xüsusi amansızlıqla törədilən cinayətlər, qətl hadisələri durmadan artır. Son belə hadisə iki gün öncə Gəncədə baş verdi. Ana 1 və 3 yaşlı iki övladını bıçaqladı.

Bu cür dəhşətli hadisələr müxtəlif səbəblərdən baş verir. Şəxsi ədavət, psixoloji gərginlik, ailədaxili münaqişə, qısqanclıq, biznes mübahisələri və s. - amansız qətllərə, qəddarlığa aparan əsas amillərdəndir.

Bəs belə hadisələrin kütləvi hal almasına səbəb nədir?

Virtualaz.org saytının bu və ya digər suallarını tanınmış vəkil Ceyhun Yusifov cavablandırıb.

-Ceyhun müəllim, son zamanlar xüsusi amansızlıqla törədilən qətllərin sayının artmasına səbəb nədir? İnsanlar niyə bu qədər qəddarlaşıb, qana susayıb?

-Bu sualın cavabını konkretləşdirmək düzgün olmaz. Çünki bu halların baş verməsinin bir çox səbəbləri var. Həmin səbəblər toplusu cinayətlərin başvermə səbəbləridir. Bunlar cəmiyyətdə hüquqi düşüncənin zəif olması, normaların sosial-hüquqi məzmununun izah edilməməsi, profilaktik maarifləndirmə işlərinin zəif qurulması və cəzasızlıq və s. kimi amillərlə əlaqədardır.

-Dediniz ki, əsas səbəblərdən biri profilaktik tədbirlərin, maarifləndirmə işlərinin zəif olması və cəzasızlıqla bağlıdır. Bəs niyə belədir?

-Qanunvericilikdə hüquq-mühafizə orqanlarının üzərinə əsas vəzifə kimi cinayətkarlıqla mübarizə ilə yanaşı ictimai təhlükəli əməlin, yəni cinayətin baş verməməsi üçün profilaktik tədbirlərin aparılması da qoyulub. Hər bir vətəndaş mütləq qaydada onlar barəsində real təhlükə, təhdid və riskli hərəkəti gördükləri təqdirdə öz hüquqlarına biganə yanaşmamalı, gələcəkdə daha böyük faciənin baş verməməsi üçün həmin hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Cəzasızlıq dedikdə isə bu, heç də ağır cəza verilməsini istəməyim anlamına gəlməməlidir. Cəzasızlıqla ağır cəza tamamilə fərqli anlayışlardır. Cəzasızlıq cəmiyyət üçün nə qədər qorxulu tendensiya yaradırsa, ağır cəza da cəmiyyət üçün bir o qədər qorxulu tendensiya yaradır. Verilən cəza əmələ adekvat olmalıdır. Cəza təkcə zərərçəkənin hüquqları baxımından deyil, eyni zamanda cəmiyyətin mənafeyi baxımından nəzərə alınmalıdır ki, heç kəs cəmiyyəti qorxu və təhdid altında saxlamasın.

İcraatımda olan iş - Cavid və Cahid Rəhimov qardaşlarının Sahil qəsəbəsində Zaur Tərlanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi faktı da bu halı təsdiq edir. Məlum hadisədən əvvəl Zaur Tərlanov polis əməkdaşı Eldar Tahirova qarşı cinayət törədir, və məsuliyyətə cəlb edilmir. Nəticədə nə baş verir? O, cəzasızlıqdan ruhlanaraq öz çirkin fəaliyyətini davam etdirir və məlum faciə baş verir. Bu da cəzasızlığın faciəvi sonluğudur. Əgər hüquq-mühafizə orqanları polis əməkdaşı Eldar Tahirova qarşı törədilmiş cinayətin adekvat cəzasını versəydi, heç sonrakı məlum hadisə də baş verməzdi.

-Bu cür halların cəzasızlıqla bağlı olduğunu deyirsiniz. Axı son dövrlər qəsdən adamöldürmə cinayətinin sanksiyası artırılıb və həmin şəxslərə ən ağır cəzalar nəzərdə tutulub. Bu isə qəsdən adamöldürmə cinayətlərinin sayının azaldılması məqsədilə həyata keçirilib, amma...

-Cəzaçəkmə müəssisələri hələ tam mənada islah yeri deyil. Əsl islah yeri cəmiyyətin özüdür. Əksər hallarda həmin şəxslərin cəmiyyətə qayıdıb yenidən adaptasiya oluna biləcəkləri inamı düzgün təbliğ edilmir. Cəzanın ağırlığı hələ cinayətin qarşısını alan məqam kimi qəbul edilməməlidir. Mən cəzasızlıq dedikdə onun əksi olaraq verilən cəzanın heç də daha da ağır olmasını nəzərdə tutmuram.

Cəza nə qədər ağırlaşacaqsa, həmin cinayətlərin tempi də artan istiqamətdə gedəcək. Hesab edirəm ki, verilən cəza əmələ adekvat olacağı təqdirdə həmin şəxs digər şəxslər kimi cəmiyyətə adaptasiya olunub bərabər şəraitdə yaşamanın üstünlüyünü dərk edər. Bundan sonra yenidən həmin cinayəti törətməkdən vaz keçər. Şəxs uzun müddət cəza çəkir, cəzası başa çatandan sonra cəmiyyətə qayıdır. Bu zaman ilkin olaraq həm dövlət orqanları, həm də ictimai sektor məhkum edilmiş şəxslərin cəmiyyətə adaptasiyasında fəal olmalıdır. Əks təqdirdə həmin şəxslər elə onlar üçün təhlükəyə çevriləcək.

Məsələn, cəzaçəkmə müəssisəsindən çıxmış şəxsin öncə əmək hüququ, məşğulluğu daha ön plana çəkilməli və həmin şəxslərin əvvəlki mənfi davranışı əməklə əvəz edilməlidir. Nəticədə həmin şəxs mənfi mühitdən uzaq durur, sosial və maddi vəziyyətini düzəldir, cəmiyyətlə bərabər, heç kəsdən fərqlənmədən yaşamaq imkanı əldə edir. Vətəndaş cəmiyyəti də bunların psixoloji davranışına ictimai diqqət və dəstəyi təmin etməlidir. Hesab edirəm ki, cəzanı ağırlaşdırmaqdansa onu əmələ adekvat etmək daha məqbul və doğru yanaşmadır.

-Sözlərinizdən belə çıxır ki, cəzanın ağırlığı bu tipdən olan cinayətlərin sayının azalmasına səbəb olmayacaq...

-İlkin olaraq ağır cəza nəzəri baxımdan bu tip cinayətləri azaldan səbəb kimi görünsə də bunu praktiki baxımdan inandırıcı hesab etmirəm. Bir çox ölkələrdə, o cümlədən ABŞ-ın bəzi ştatlarında ölüm hökmü hələ də qüvvədədir. Bu yanaşma doğru olsaydı, onda həmin cəmiyyətlərdə ölüm cəzası nəzərdə tutulmuş bütün cinayətlərin törədilməsinin qarşısı tam alınardı. Amma faktiki durum bu halı tamamilə inkar edir. Cəzanın ağırlığı prinsipi cəzanın fəlsəfəsinə uyğun gəlmir.

Son dövrdə baş verən qətllər - Saray bələdiyyəsinin sədrinə, eləcə də Aytac adlı uşağa qarşı olan hadisələr də göstərdi ki, sanksiya artsa da bu faktor bu tipdən və motivdən olan cinayətlərin azalmasına səbəb olmur. Müqayisə aparaq. Bir neçə il əvvəl mövcud olmuş inzibati xətanın sanksiyası dəfələrlə artırıldı. Hətta inzibati xəta ilə bağlı nəzərdə tutulan cərimənin miqdarı da Cinayət Məcəlləsində nəzərdə tutulan cərimə cəzasından artıq həddə çatdırılıb. Amma bu gün inzibati xətanın törədilməsi dövrünün müqayisəli təhlilini aparsaq görərik ki, inzibati xətanın cəzasının yüngül olduğu əvvəlki dövrdə törədilən inzibati xətaların sayı hazırkından da dəfələrlə aşağıdır. Bu da cəzanın ağırlığının cinayətin qarşısını alan ideal model olmadığını bir daha göstərir.

Hesab edirəm ki, cəzanı ağırlaşdırmaqdansa digər alternativ üsullarla bu halı aradan qaldırmaq lazımdır. Məncə, cinayətin başvermə səbəbi əsasən sosial və psixoloji gərginlikdir. Profilaktik tədbirlər də bu istiqamətdə həyata keçirilməlidir.

-Qısqanclıq zəminində olan qətllərin sayının artması da reallıqdır. Hətta bu cür hallar boşanmış cütlüklər arasında da baş verir...

-Ötən il hər birimizin qəlbini ağrıdan cinayətlər - Goranboy və Gədəbəydə baş vermiş qətl hadisələri bu kateqoriyadan olan cinayətlərdəndir. Hər iki hadisənin motivinə diqqət yetirdikdə görərik ki, qadınlar həmin hadisələrdən əvvəl öz həyat yoldaşlarının mənəvi-psixoloji işgəncələrinə məruz qalıblar. Nədənsə onlar sivil qaydada nikah münasibətlərini pozub ayrı-ayrılıqda həyatlarına davam etmək əvəzinə belə ağır cinayəti törətməyi seçiblər. Təəssüf ki, bəzən elə də olur ki, nikah pozulandan sonra da həmin şəxslər keçmiş həyat yoldaşlarının şəxsi həyatına müdaxilə edir, boşanmanı özlərinə psixoloji zərbə və sayğısızlıq hesab edirlər. Buna görə də daha da aqressivləsərək belə ağır cinayətlər törədirlər. Hesab edirəm ki, cəmiyyətdə təfəkkürün inkişafı belə motivdən olan cinayətlərin azalmasına səbəb olacaq.



-Gəlin müzakirə mövzusunu bir az dəyişək. Bir çox vəkillər bildirir ki, müdafiə hüququ dövlət orqanları, daha konkret desək, hüquq-mühafizə orqanları tərəfindən məhdudlaşdırılır, əsassız bəhanələrlə açıq şəkildə maneçilik törədilir. Bu nə dərəcədə həqiqətdir?

-Bu məsələyə birmənalı münasibət bildirmək obyektivlikdən kənar olardı. Suala iki hissədən ibarət olmaqla cavab vermək istəyirəm. Birincisi, qanunvericilikdə olan boşluqlardan vəkillərin əleyhinə istifadə olunması. İkincisi, şəkildə müdafiə hüququna süni şəkildə qoyulan məhdudiyyətlər. Birinci hala münasibətə gəlincə demək istəyirəm ki, Cinayət-Prosessual Məcəllədə aydın şəkildə göstərilməyən normalara istinad olunaraq müdafiəçilərin müdafiə hüququnu həyata keçirməsinə məhdudiyyət qoyulması halları var. Əksər hallarda müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi süni şəkildə və lüzumsuz yerə uzadılır.

Digər tərəfdən, qanunvericiliyə və vəkillik fəaliyyətinin operativliyinə zidd olaraq istintaq təcridxanalarında müdafiə etdiyi şəxslə konfidensial görüş üçün icazə məktubu tələb edilir. Bu isə çəkişmə prinsipinin pozulmasına səbəb olur. Nəticədə keyfiyyətli hüquqi yardımın həyata keçirilməsi bəzən mümkünsüz olur. İkinci hala münasibətdə bildirmək istəyirəm ki, əksər dövlət orqanları və digər qurumlar vəkil sorğularına vaxtında və müvafiq cavab versə də Əmlak Məsələləri Dövlət Komitəsi sorğulara cavab verməkdən imtina edir, qanunsuz şəkildə dövlət rüsumu tələb edir. Banklardan, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən, bəzi vergi orqanları və Dövlət Sosial Müdafiə Fondundan da sorğulara vaxtında və müvafiq cavab almaq çətinləşib. Bu isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna zidd olmaqla yanaşı araşdırma aparmağımıza da maneçilik törədir. Bu baxımdan hesab edirəm ki, vəkillərin iradı haqlıdır və bunun həllinə qanunvericiliyi təkmilləşdirməklə, subyektiv yanaşmanı aradan qaldırmaqla nail olmaq olar.

-Bir vəkil kimi aparılan hüquq islahatlarının nəticələrini görə bilirsinizmi?

-Bu gün məhkəmələrin maddi-texniki bazasının və infrastrukturunun yaxşı mənada inkişafının şahidi oluruq. Hesab edirəm ki, aşağı instansiya məhkəmələri icraatlarında olan işlərə daha ədalətli baxır. Sizi tam əmin edə bilərəm ki, bizdə olan bir çox məhkəmələrin çıxardığı ədalətli məhkəmə aktları heç Avropa ölkələrində də çıxarılmır. Bunu öz şəxsi təcrübəmə əsaslanaraq bildirmək istəyirəm ki, son dövrlər Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında onlarla tam ədalətli, qanuni və əsaslı məhkəmə aktları çıxarılıb. Məncə, bu da aparılan islahatların real nəticəsidir. Amma təəssüf ki, bunu bütün məhkəmələrə şamil etmək mümkün deyil. Regionlarda ağır cinayətlər məhkəmələrinin də yaranması təqdirəlayiq hallardandır. Məhkəmə-hüquq islahatlarının davamlı həyata keçirilməsi bir çox neqativ halların aradan qaldırılmasına təkan verəcək.

-Karyeranızda ən parlaq işlər hansılar olub? Onların sizdən ötrü xüsusi rolu olub?

-Vəkil kimi tanınmağıma icraatımda olan bütün işlərə xüsusi məsuliyyətlə və əzmkarlıqla yanaşmağım və uğurlu nəticələr əldə etməyim səbəb olub. Eyni zamanda bəzi nüfuzlu şəxslərin də müdafiəçisi olmuşam. Amma ən əsası proseslərdə əldə edilmiş müsbət nəticələr və bəraət hökmlərinin təsiri var. Əsas odur ki, məsələyə vicdanla yanaşıb daha mübariz olasan.

Geri dön