Ana Sayfa > Xəbər > Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR

Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR


22-06-2015, 11:34. Yazar: admin
 Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR
İyunun 1-də çimərlik mövsümü açıq elan olundu. Amma Xəzər sahillərinin darvazaları sadə vətəndaşların üzünə açılmadı. Bəli, səhv oxumadınız, məhz darvazaları! Xəzərin Abşeron yarımadası hissəsindəki sahillərinə sıravi azərbaycanlının əl çatması ildən-ilə çətinləşir.

Ötən il Türkandan belə bir xəbər almışdıq - müdafiə sənayesi naziri Yavər Camalov dənizə darvaza qoyub. İnanmadıq, getdik, öz gözlərimizlə görüb, gördüklərimizi qəzetdə dərc etdirməklə ictimailəşdirdik. Yavər Camalovun susqunluğu dənizə qoyulan darvazanın ona məxsus olması haqda sadə türkanlıların dediyini təsdiqləmiş oldu. Darvazanın hər iki tərəfindən uzanan hasarlar dənizin sahilboyu ərazisini qucaqlamaqla ora girişi bağlamışdı...
Bu hasarların içində ucaldılan imarətlərə xərclənən milyonlarla manatın qaynağı zatən hər kəsə bəllidir.

Amma milyonlar xərcləyib sadə insanların kin-nifrətini qazanmağa dəyərmi? Qızmar Günəş altında hasarın sonuna, nəhayət dəniz çimərliyinə çatmaq ümidi ilə sərsəri qalanların bəd-duaları qarşısında bir neçə saatlıq istirahət cəhənnəm odunda yanmağa bərabər deyilmi?
Təkcə Türkanda deyil, Şüvəlan, Mərdəkan, Bilgəh, Şıx, Pirşağı qəsəbələri ərazisindəki sahilboyu ərazilər də hasarlanıb. Sadə xalqı hakimiyyətdən narazı salıb sahilboyu hasarları çəkənlər də məhz hakimiyyətdə olanlardır...

Hələ sovet dövründə pioner düşərgələrinin sayı-hesabı olmayan Pirşağı qəsəbəsindəki yaşı bilinməyən çimərlik də hasarlanıb. Daha doğrusu, hasarlanma 1-ci Avropa Oyunları başladığı gündən 1 gün sonra sona çatdırılıb - prezidentin imzaladığı qanunda hasarların dəniz sahilindən 20-50 metrlik aralıda olması haqda qadağa var və məmurlar bu qadağanı sadəcə, saya salmırlar. Hər halda Pirşağıda belədir.

Bir neçə kilometr uzunluğu olan daş hasar sahilə 20 metr qalmış bitir və dəmir borularla dənizin içinə qədər yol bağlanır. Pirşağıda qanunun yanından belə ötüb keçiblər...
Halbuki həmin ərazilər xalqın üzünə həmişə açıq olub.

Vaxtilə pioner düşərgələrində dincələn sadə azərbaycanlı övladları bu gün hasarlanan çimərlikdə uşaqlıqlarını yaşayırdılar, onların heç ağlına gəlməzdi ki, müstəqil Azərbaycanda xatirələrinə 5 metrlik hasarlar çəkiləcək.



Kimdir bu adamlar? Kimin adamlarıdır?

Pirşağı icra nümayəndəliyində, Pirşağı bələdiyyəsində bu suallara cavab verəcək kimsə tapılmaz. Səbəb sadədir - 15 hektarlıq sahilboyu ərazini hasarlayan, xalqın üzünə bağlayan balıqçı Məmmədhəsən deyil. Hasarın bu üzündə qalanlar Bəylər Əyyubovun və Rusiyada yaşayan iş adamı Araz Ağalarovun adını çəkirlər. Bu adların çəkilməsində haqlıdırlar, haqsızdırlar - bu, başqa söhbətin mövzusudur.

Fakt odur ki, dənizə darvaza qoyub onu hasarlarla xalqın üzünə bağlayıblar. Özü də bunu Bakıda keçirilən mötəbər tədbir günlərində - I Avropa Oyunlarına start verildiyi iyunun 12-dən 13-nə keçən gecə ediblər. Avropa Oyunları çərçivəsində Bilgəhdə çimərlik futbolu üzrə beynəlxalq yarış gedir, Pirşağıda dənizi xalqın üzünə bağlayırlar. 10 il sonra çimərlik futbolunda ölkəni təmsil edəcək yeniyetmələr bu gün getməyə çimərlik tapmasa, orada futbol oynamasa, komandamız yarışlarda taxta medal da almaz.



Həmin hasarlara sadə azərbaycanlının ömrünün sonuna kimi qazana bilməyəcəyi qədər pulu töküb, yol kəsib orada yaşamağa dəyərmi? O baxımdan ki, bu istirahəti hasar sahibi Türkiyənin ən yaxşı kurortlarında yol kəsmədən, xalqa əziyyət vermədən, onun qəzəbini qazanmadan rahatca edə bilər. Maraqlıdır, doğrudanmı bu hasarları ucaldanlar 15 hektarlıq ərazidə istirahət edəcəklər? Buna vaxtları varmı? 1 günlük istirahət üçün sadə insanların dənizə yolunu kəsmək həqiqətənmi onlara lazımdır?

2003-cü il yanvarın 13-də sabiq prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqda” sərəncam imzalamışdı. Sərəncamın imzalanmasının səbəbi kimi vətəndaşların Azərbaycan Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciətləri göstərilirdi. Sərəncamda qeyd olunurdu ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. “Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb. H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra Hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.

Heydər Əliyevin sərəncamından 5 il sonra Milli Məclis dəniz sahilindəki 130 metrlik zolağı “20-50" metrlik zolaq sözləri ilə əvəzlədi. Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də ”Torpaq islahatı haqda" qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzaladı. Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verildi. Həmin sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.

 Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR
 Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR
 Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar! - FOTOLAR

Geri dön