Ana Sayfa > Xəbər > “Gültəkin Hacıbəylinin kim olduğunu hamı bilir”

“Gültəkin Hacıbəylinin kim olduğunu hamı bilir”


18-06-2015, 16:55. Yazar: admin
“Gültəkin Hacıbəylinin kim olduğunu hamı bilir”
“Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri “Yeni Müsavat” qəzetinin bu qurumun sədri Cəmil Həsənliyə qarşı yazılarına reaksiya veriblər.

Onlar bu yazıları şər-böhtan adlandıraraq qəzetin ünvanına ağır ittihamlar səsləndiriblər.

Sözügedən məsələyə münasibət bildirən “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan AzVison.az-a deyib ki, mediada yazılanlara bu şəkildə reaksiya verilməsi sırf avtoritarizmin əlamətləridir.

A. Ayxan fikirlərini belə davam etdirib: “Hətta Avropada çıxan qəzetlər belə siyasətçiləri hansısa canlıya bənzədirlər, onları çox ağır formada tənqid edirlər. Mətbuatın işi yazmaqdırsa, haqlı və ya haqsız şəkildə tənqid etməkdirsə, siyasətçinin də vəzifəsi buna dözüm nümayiş etdirməkdir. Tənqidə dözümləri yoxdursa, özlərinə demokrat yarlığını yapışdırmasınlar. Siyasətçinin mətbuatda yazılanlara dözüm nümayiş etdirməlidir. Onlar yazılanlara bu şəkildə təpki verirsə, demokratiya və demokratlıqdan söhbət gedə bilməz. Bu sırf avtoritar düşüncə tərzidir ki, qəzetə belə zəhmətkeş hücumları təşkil etdirirlər”.

A. Ayxan vurğulayıb ki, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvlərinin “Yeni Müsavat”a bu münasibəti avtoritarizmin çox eybəcər şəkildə təzahürüdür: “Siyasətçisənsə, iqtidara gəlmək istəyirsənsə, böyük bir siyasi prosesi apardığını iddia edirsənsə, jurnalistlə, mətbuatla dava aparmağa haqqın yoxdur. Bu qəti şəkildə demokratiya ilə bir araya sığmayan əməldir. Bu adamlar avtoritardırlar və söz və mətbuat azadlığına birbaşa düşmən münasibətdədirlər. Fərqli fikri, düşüncəni birmənalı şəkildə qəbul etmirlər. Bunların potensial diktator olma qorxusu var. Ona görə də bu cür adamların Azərbaycanda hakimiyyətə gəlməsi qətiyyən yolverilməzdir”.

Baş redaktorun müavini Cəmil Həsənlini milli dəyər adlandıran Gültəkin Hacıbəylinin fikirlərinə də münasibət bildirib: “Gültəkin Hacıbəyli uzun illər Azərbaycanın milli dəyəri kimi mərhum prezident Heydər Əliyevi, sonra isə prezident İlham Əliyevi adlandırırdı. Xanım Hacıbəylinin mövqeyinin belə kəskin dəyişməsi məni xeyli təəccübləndirir. Yəni, onun siyasi mövqeyi o qədər sürətlə dəyişir ki, təqib etmək mümkün deyil. Bu gün Gültəkin Hacıbəylinin kimliyi hər kəsə bəllidir. İndi isə Cəmil Həsənlini milli dəyər sayır. O, açıqlamasında mənə işarə edərək bəzi fikirlər səsləndirib”.

Geri dön