Ana Sayfa > Xəbər > Cəbhəçilər Müsavatı Rauf Arifoğlundan üz döndərməyə çağırır

Cəbhəçilər Müsavatı Rauf Arifoğlundan üz döndərməyə çağırır


18-06-2015, 14:42. Yazar: admin
Cəbhəçilər Müsavatı Rauf Arifoğlundan üz döndərməyə çağırır
“Yeni Müsavat”-AXCP arasında baş verən söz savaşının miqyası böyüdü. Belə ki, cəbhəçilərin sosial şəbəkədə Müsavat Partiyasının ünvanına işlətdikləri sözlər, qarşı tərəfi də dilə gətirdi.

Hafta.az-ın məlumatına görə, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Rauf Arifoğlunun üzvü olduğu Müsavat Partiyasına, onun liderlərinə sualları var:

“Hörmətli İsa bəy, Arif bəy, siz hələdəmi bu adamı dəstəkləyirsiniz? Onun ünvanına deyilən ittihamları Müsavatın ünvanına qəbul edirsiniz? Onun uğurunu öz uğurunuz sayırsınız? Son aylarda 10-larla partiya üzvünü nizamnamə pozuntusuna, o cümlədən, “milli–mənəvi dəyərlərə zidd”, “müsavatçılıq irsinə yaraşmayan” hərəkətlərinə görə partiyadan çıxarmısınız. Buna qarışmıram, öz işinizdir.
Sualım belədir, bəs 2013-cü ildə namizədliyini dəstəklədiyiniz, seçkilərdəki qələbəsini təbrik etdiyiniz Milli Şura sədri Cəmil Həsənlinin Müsavat Partiyasının üzvü Rauf Arifoğlu tərəfindən söyülüb, təhqir edilməsi müsavatçılığa uyğundurmu? Müsavatçılıq beləmi olur?”.

AXCP üzvünün bu sualına Müsavat Partiyasının başqan müavini Elman Fəttah bu cür cavab verib:

“Aranızda olan müharibəyə Müsavat Partiyasını qatmayın. Aylardır gecə-gündüz nəzarətinizdə olan "Azadlıq" qəzetindən, Müsavata söylənən böhtanları tirajlayanda buna etiraz etmək lazım idi. “Yeni Müsavat” qəzeti ən kəskin yazıları elə Müsavat Partiyasına yazır. Hər şeyin hamıya aydın olduğu halda “Yeni Müsavat”la davanıza bizi qatmağa cəhd etməyin. Üzvləriniz hər gün Müsavat Partiyasını söyür. Niyə səsinizi çıxarmırsınız, Gözəl xanım?”.

Məsələ ilə bağlı AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı da sosial şəbəkə vasitəsilə öz fikrini bildirib:

“Müsavat Partiyası ya özündə qətiyyət tapıb Raufdan imtina etməli, ya da ki səssiz qalıb Raufla eyni siyasi mövqeyi paylaşdıqlarını göstərib ictimai rəydə onun mənfi imicini bölüşməlidirlər. Raufla birgə davam etmək geriyə yolu olmayan, reabilitasiya imkanı olmayan bir seçimdir və müsavatçılıq dəyərlərinin iqtidarla siyasi biznesə qurban verilməsi deməkdir. Əgər Müsvat Partiyası ondan qurtarmaq xətti seçərsə, o zaman biz də öz əlimizdə olan informasiya resursları ilə bu partiyanın "Yeni Müsavat" ehtiyacından qurtulmasına yardım edə bilərik. Ona görə də Müsavat rəhbərliyi bu məsələdə üzvlərinə "Yeni Müsavat"ın onlar üçün yeganə informasiya resursu olması fikrini təlqin etməməlidir. Alternativ imkanlar varsa, deməli, bu bəhanədir. Seçim Müsavat rəhbərliyinindir və bu həm də siyasi kursun seçimidir. Müsavatla AXCP-nin münasibətləri indiki xarakteri o demək deyil ki, Müsavat Raufla eyni mövqeyi paylaşmalıdır. Gerçək siyasi müxalifətçilik kiməsə görə deyil. Müsavat Partiyası əgər ictimai rəyə özünü səmimi müxalif mövqedə olan partiya kimi təqdim etmək istəyirsə, bunun ilk addımı Rauf Arifoğlundan imtina etmək olmalıdır. Bu isə qətiyyət və gerçək müxalifətçilik tələb edir”.

Gözəl Bayramlının “Son aylarda 10-larla partiya üzvünü nizamnamə pozuntusuna, o cümlədən “milli – mənəvi dəyərlərə zidd”, “müsavatçılıq irsinə yaraşmayan” hərəkətlərinə görə partiyadan çıxarmısınız”, - fikrinə isə Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli cavab verib:

“Gözəl Bayramlı deyir ki, 10-larla adam çıxarmısınız, biz qarışmırıq. Əvvəla 10-larla yox, 10 nəfər çıxarılıb. Sual olunur, bizim çıxardıqlarımızın Razi Nurullayevdən, yaxud Nərimanovdakı cəbhəçilərdən üzü daha da oyana olduğunun fərqindəsinizmi?”.

Rauf Arifoğlu isə “İbrahimbəyov getdi, Cəmil də gedəcək - Kərimli bəlası isə əbədidir...” başlıqlı yazısında yenidən Cəmil Həsənli və cəbhəçilərə sərt cavab verib.

Beləliklə də Cəmil Həsənli ilə Rauf Arifoğlu arasında başlanan söz savaşına artıq adlarını qeyd etdiyimiz partiyalar da qoşulublar. Bununla da parlament seçkiləri öncəsi müxalifət cəbhəsində mühit daha da gərginləşib.

Geri dön