Ana Sayfa > Xəbər > Ərdoğan siyasi revanşa hazırlaşır: Rəqiblər hədəfə alına bilər
Ərdoğan siyasi revanşa hazırlaşır: Rəqiblər hədəfə alına bilər17-06-2015, 18:22. Yazar: admin |
Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələri olduqca maraqlı məqamları ortaya çıxartdı. Bu seçkilər Türkiyə üçün müəyyən mənada “siyasi ələk” rolunu oynadı. Məsələ ondadır ki, bu seçkilər uzun müddətdən sonra ilk dəfə olaraq, siyasi qüvvələr nisbətini tam şəkildə gözlər önünə sərdi. İndi hansı partiyanın nə qədər siyasi təsir gücünə malik olduğu daha aydın anlaşılır. Maraqlıdır ki, parlament seçkilərinin mövcud nəticələrinə ilkin baxış AKP-nin kifayət qədər ciddi bir faizlə səs itirməsi barədə təsəvvürlər yaradır. Hətta bəzi siyasi rəqiblər, xüsusilə də, CHP bunu öz siyasi qələbəsi kimi təqdim etməyə can atır. Belə ki, hakimiyyətə gəldiyi gündən üzübəri həmişə mütləq qələbəni özü üçün təmin edə bilən AKP bu dəfə 40,86 faiz səslə kifayətlənməli oldu. Buna qədərsə, AKP adətən, 45 faizdən artıq səs qazana bilirdi. ƏRDOĞAN-GÜLƏN CAMAATI SAVAŞININ AKP ÜÇÜN ACI NƏTİCƏLƏRİ... Ancaq təxminən 5-6 faizlik səs itkisini AKP-nin çöküşü və ya məğlubiyyətə doğru dönüşü kimi dəyərləndirmək də yanlış təsəvvürlərdən qaynaqlanır. Halbuki, bu nəticə əslində, elə əvvəlcədən də ehtimal edilirdi. Çünki AKP-nin son dövrlərdə apardığı siyasi-ictimai savaşın mahiyyəti müəyyən faiz çərçivəsində səs itkisini qaçılmaz edirdi. Hər halda, AKP son dövrlərdə özünün ən uzunmüddətli və səhnəarxası hakimiyyət ortağı olan Gülən camaatı ilə tərs düşmüşdü. Və yollar ayrılmışdı. Məsələ bununla da qalmamışdı və açıq siyasi savaş keyfiyyəti qazanmışdı. Əvvəlcə gülənçilər Ərdoğan hakimiyyətinin üzərinə hücuma keçmişdilər. Və “yolsuzluq əməliyyatı” AKP-nin siyasi-ictimai mövqelərinə sarsıdıcı zərbə rolunu oynamışdı. Ancaq təcrübəli və çevik siyasətçi olan o vaxtkı baş nazir və indiki prezident Rəcəb Teyyub Ərdoğan “yolsuzluq əməliyyatı”na qəfil yaxalanan AKP hakimiyyətini ağır vəziyyətdən çıxara bildi. Dərhal da AKP ilə münasibətləri düşmənçilik həddinə çatmış Gülən camaatını “vətən xaini” elan edərək, Türkiyə cəmiyyətinin önünə atdı. Ardıncasa, AKP hakimiyyətində və dövlətin müxtəlif məqamlarında yerləşmiş gülənçilərə qarşı bütün ölkəboyu əks-hücuma keçdi. Nəticədə güləncilər ciddi şəkildə zəiflədildilər. Ancaq bununla belə onların siyasi təsirləri tam şəkildə neytrallaşdırıla bilmədi. AKP-nin indi seçkilərdə cəmisi 5-6 fazi səs itirərək, 40,86 faiz səs toplamasını da elə Ərdoğan-Gülən camaatı savaşının real nəticəsi kimi dəyərləndirmək olar. Halbuki AKP-nin bu seçki itkilərini Türkiyə müxalifətinin, xüsusilə də, CHP-nin öz siyasi qazancı kimi dəyərləndirməsi bir qədər tələskənlik kimi görünür. Məsələ ondadır ki, AKP-nin səs itkilərinin qarşılığında CHP-nin səs qazancı nəzərə carpmır. Əksinə, ötən seçkilərdə təxminən 27 faizə yaxın səs toplayan CHP bu dəfə 24,95 faiz səs qazana bilib. Bu isə CHP-nin seçkilərdə növbəti dəfə uğursuz iştirakı anlamına gəlir. MƏĞLUB OLDUĞU HALDA, QALİB POZASI ALAN CHP... Bütün bunları nəzərə aldıqda, CHP lideri Kamal Qılıncdaroğlunun təkbaşına hakimiyyət şanslarını itirmiş AKP ilə koalisyon hökumətdə iştirak etməyə razılaşmaq üçün kifayət qədər ağır şərtlər irəli sürməsi təəccüblüdür. Çünki CHP lideri AKP-dən bir sıra önəmli nazir portfellərini və üstəlik, ilk iki il üçün baş nazir postunu tələb edir. AKP rəhbərliyi bu tələblərə hələlik reaksiya verməyə həvəs göstərmir. Ancaq CHP liderinin tələblərinin müsbət qarşılıq qazanacağı da qətiyyən inandırıcı görünmür. Ən azından ona görə ki, indiki vəziyyətdə CHP qalib deyil, sadəcə, məğlub partiyadır. Üstəlik, CHP öz əsas siyasi rəqibinin səs itirdiyi bir seçkidə də məğlub partiya ünvanını qorumaqla yanaşı, hələ üstəlik, özü də səs itkisindən yayına bilməyib. Deməli, CHP-nin və onun siyasi liderinin hakimiyyət piramidasına doğru bu qədər iri addım atmağa can atması real siyasi nəticələrə dayanmır. Və daha əsaslı siyasi təhlil apardıqda, bu canatmanın həm CHP, həm də Türkiyə üçün təhlükəli nəticələr verə biləcəyini də düşünmək olar ki, bu da ayrıca bir önəmli mövzudur. Təbii ki, belə vəziyyətdə AKP-nin itirdiyi 5-6 faiz səsin hansı partiyanın “torba”sına doldurulduğu da maraq doğurmaya bilməz. Seçkinin yekun nəticələrinə diqqət yetirdikdə, AKP-nin itirdiyi səsləri toplaya bilən yeganə partiyanın məhz HDP olduğu ortaya çıxır. ÖCALANDAN DİREKTİVLƏR və GÜLƏNÇİLƏRDƏN SƏS ALAN HDP-nin YÜKSƏLİŞİ... Qısaca qeyd edək ki, bu partiya Türkiyə üçün əsas problem olan siyasi qüvvələrdən sayılır. Çünki HDP PKK-nın siyasət səhnəsindəki dili, gözü və qulağı kimi davranır. Bu partiyanın sıralarında vaxtilə dağa çıxaraq, silahlı PKK-çı kimi fəaliyyət göstərmiş xeyli sayda şəxs var. Ən əsasısa, HDP öz siyasi qərarlarını İmralı adasında həbsdə saxlanılan PKK lideri Abdullah Öcalanın direktivləri və məsləhətlərinə uyğun olaraq, qəbul edir. Ona görə də, əsas siyasi hədəfi əvvəlcə Türkiyəni federallaşdırmaq, daha irəlidə isə ümumiyyətlə, parçalamaq olan HDP PKK-nin siyasi qolu kimi də təsəvvür olunur. Beləliklə, AKP-nin itkilərini CHP öz siyasi uğuru kimi təqdim etməyə çalışsa da, həmin səsləri məhz HDP toplayıb. Yəni iddia oluna bilər ki, AKP ilə düşmənçilik dönəminə girmiş gülənçilərin səsləri HDP-nın qismətinə düşüb. Böyük ehtimalla gülənçilərlə HDP arasında səhnəarxası siyasi bazarlaşma və anlaşma hələ xeyli əvvəldən mövcud olub. Bunu HDP-nin seçki taktikasındakı ciddi dəyişikliklər də göstərir. Belə ki, indiyə qədər dövlətə qarşı fəaliyyət ittihamı ilə Türkiyə Anayasa Məhkəməsi tərəfindən dəfələrlə qapadılan və hər dəfə də yeni adlar altında zühr edən bu siyasi qüvvə bu dəfə seçkilərə məhz proporsional sistem üzrə qatılmışdı. Halbuki əvvəllər bu siyasi qüvvə seçkilərdə partiya kimi deyil, təsir imkanları güclü olan regionlarda öz üzvlərinin müstəqil namizəd statusunda iştirakına üstünlük verirdi. Çünki HDP-nin seçki barajını aşa biləcək səviyyədə seçici dəstəyi yox idi. Ancaq bu dəfə gülənçilərlə anlaşma və onların səsləri sayəsində partiya qismində 12,9 faiz səslə seçki barajını aşaraq, Türkiyə parlamentinə nə az, nə çox, düz 80 deputat keçirə bildi. Bu baxımdan, seçkilərin ən karlı partiyası da elə HDP hesab oluna bilər. BAŞ NAZİR POSTUNA CAN ATAN KAMAL QILICDAROĞLUNUN ÜMİDLƏRİ “SUYA DÜŞƏ BİLƏR” Bəs, bundan sonra Türkiyənin siyasi sistemi necə şəkillənə bilər? Təbii ki, bu sualın cavabı hazırda daha çox prezident R.T.Ərdoğandan asılıdır. Onun Türkiyənin yeni hökumətinin qurulmasını hansı partiyaya həvalə edəcəyi bir çox məqamlara aydınlıq gətirəcək. Hələlik isə, Türkiyə prezidentinin öncəliyi seçkilərin qalibi olan AKP-yə verəcəyi qətiyyən şübhə doğurmur. Ancaq AKP-nin indiki şərtlər daxilində koalisyon hökumət qurmaq şanslarının yüksək olduğunu iddia etmək də bir qədər çətindir. Düzdür, CHP-nin keçmiş lideri Dəniz Baykalın prezident R.T.Ərdoğanla son görüşü ümidləri bir qədər artırıb. Ancaq CHP lideri K.Qılıcdaroğlunun ağır şərtləri həmin ümidləri də arxa plana keçirtməyə başlayıb. Bəzi məlumatlara görə, CHP lideri səhnəarxasından MHP və HDP ilə danışıqlar apararaq, AKP-siz Türkiyə hökuməti modelini reallaşdırmağa can atır. Ancaq MHP-nin və CHP-dəki bəzi dairələrin HDP ilə hökumət ortaqlığına yumşaq desək, müsbət reaksiya verməməsi K.Qılıcdaroğlunun planlarını boşa çıxara bilər. Bu baxımdan, AKP-nin koalisyon hökumət qurmaq cəhdlərinin alınmayacağı təqdirdə, analoji prosesi yürütmək şansı qazanacaq CXP-nin də hədəfə çata biləcəyi inandırıcı görünmür. Hətta AKP-nin və ya lap elə CHP-nin liderliyində koalisyon hökumətin qurulması belə, Türkiyə üçün siyasi problemin tam həllini vəd etmir. Belə ki, Türkiyədə koalisyon hökumətlərin uğursuz olması praktikada dəfərlərlə sübuta yetirilib. Digər tərəfdən, AKP koalisyon hökumətə ən yaxşı halda, müvəqqəti olaraq, dözümlü yanaşa bilər. Hər halda, AKP-nin hakimiyyətə ilk gəlişində CHP ilə qurulan koalisyon hökumətin sonrakı taleyi də buna misal ola bilər. Çünki Türkiyənin canlı siyasi əfsanəsi olan Dəniz Baykalın o dövrdə lideri olduğu CHP-nin iştirakıyla qurulan koalisyon hökumət daxili ziddiyyətlərin qurbanına çevrilmişdi. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Dəniz Baykalın lideri olduğu CHP, indiki CHP ilə ciddi şəkildə fərqlənir. Belə ki, təcrübəli və peşəkar siyasətçi olan Dəniz Baykal CHP-nin siyasi kursunda və hədəflərində davamlılıq prinsipini qoruyub, saxlaya bilirdi. K.Qılıcdaroğlunun liderliyi dönəmindəsə, CHP bu önəmli prinsipdən ciddi şəkildə uzaq düşüb. Eyni zamanda, son dövrlərdə CHP daxilində ciddi ziddiyyətlərin olduğu da qətiyyən diqqətdən yayınmır. Və daxili qeyri-sabitliklə yüklənmiş CHP ilə qurulacaq koalisyon hökumətin gələcək taleyinin necə ola biləcəyi elə indidən kifayət qədər ciddi suallar doğurur. ƏRDOĞANA QARŞI ƏN BÖYÜK TƏHLÜKƏ: KOALİSYON HÖKUMƏT... Nəhayət, daha bir önəmli məqam da mövcuddur. Belə ki, hər hansı koalisyon hökumətin qurulması prezident R.T.Ərdoğanın siyasi maraqlarına qətiyyən cavab vermir. Çünki bu halda, şəriksiz hakimiyyət modelinə meylli olan prezident Ərdoğan qərar qəbul edərkən, hökumətin və parlamentin fərqli mövqeləri ilə hesablaşmaq məcburiyyətində qala bilər. Eyni zamanda, koalisyon hökumət prezident Ərdoğan və onun yaxın ətrafı ilə bağlı araşdırmalara qapı aça bilər. Bu isə şəxsi eqoları çox yüksək olan prezident Ərdoğanın tolerant yanaşa biləcəyi məqam deyil. Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, Türkiyədə koalisyon hökumətin qurulması ilə bağlı siyasi proseslər ən yaxşı halda, iki istiqamət üzrə inkişaf edə bilər. Yəni birinci halda, koalisyon hökumətin qurulması ilə bağlı proses, danışıqlar zamanı ziddiyyətlərin dərinləşdirilməsi ilə məqsədyönlü şəkildə uzadıla bilər. İkinci variantdasa, ən qısa zamanda iflasa uğraya biləcək bir müvəqqəti koalisyon hökumətin qurulması planlaşdırıla bilər. Və bu hər iki variantda da Türkiyəni təkrarən seçkilərin keçirilməsi perspektivləri gözləyir. Əgər, bütün bunlar reallaşarsa, prezident Ərdoğan ölkədə yeni seçkilər keçirtməklə, Türkiyədə AKP-nin təkbaşına hakimiyyətdə qalmasını təmin etməkdə çətinlik çəkməz. Çünki yeni siyasi revanşa hazırlaşdığı açıq-aşkar müşahidə edilən prezident Ərdoğanın artıq bir müddət sonra qaçılmaz ola biləcək yeni seçkilərlə bağlı ciddi planlar qurmaqda olduğu da qətiyyən diqqətdən yayınmır. Hər halda, AKP-nin təkbaşına hökumət qura bilməsi prezident Ərdoğan üçün hava-su kimi vacibdir. Əks halda, prezident Ərdoğanın Gülən çamaatına qarşı başlatdığı genişmiqyaslı “hesablaşma əməliyyatı” nəinki yarımçıq qala, hətta onun özünə qarşı çevrilə bilər. Deməli, Türkiyənin siyasi elitasının yaxın vaxtlarda növbədənkənar parlament seçkilərinə qərar verə biləcəyi qətiyyən istisna deyil. Geri dön |