Ana Sayfa > Xəbər > “Hesab etmirəm ki, bu, Elman Rüstəmovun özbaşına fəaliyyətidir”

“Hesab etmirəm ki, bu, Elman Rüstəmovun özbaşına fəaliyyətidir”


16-03-2015, 12:45. Yazar: admin
“Hesab etmirəm ki, bu, Elman Rüstəmovun özbaşına fəaliyyətidir”
Vertikal.az Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir. Millət vəkili müsahibəyə martın 17-də Azərbaycan hökuməti Milli Məclis qarşısında təqdim edəcəyi illik hesabat ərəfəsində bahalaşma dalğası, manatın devalvasiyası haqda suala cavabla başlayıb:

- Təbii ki, suallar gözləniləndir. Əslində 2015-ci ilin üç ayı ərzində ümumi daxili məhsulla bağlı verilən rəqəmlər doğru deyil. Keçən ilin ilk üç ayı ərzində 8,4 mlrd. ümumi daxili məhsul elan ediblər. Bu il isə deyirlər 4,1 faiz artım var. Hansı artımdan söhbət gedir, bu, necə nəzərdə tutulub? İqtisadi doktrina ilə bağlı dəfələrlə hökumət qarşısında məsələ qaldırmışdıq.

Hökumət “neftimiz var, nə etməliyik” kimi cavablar vermişdi. Parlamentdə mənə verilən cavablarda bir ritorika var idi. Bununla bağlı mövqeyimizi ifadə edəcəyik. Mən həmişə demişdim ki, neftin qiymətini Azərbaycan müəyyən etmirsə, sabah bazarda nə baş verəcəyindən asılı olaraq ölkə iqtisadiyyatı çökəcək. Bu gün faktiki onunla üz-üzə qalmışıq. Artıq ayrı-ayrı nazirliklərin və strukturların təmərküzləşməsi ilə bağlı hökumət qərar qəbul etməlidir. Bu qədər nazirliklər, komitələr, strukturların olmasının heç bir mənası yoxdur. İdarəçilik daha az xərclə həyata keçirilməlidir. Bu tipli kifayət qədər məsələlər var.

- İqbal bəy, vətəndaşları qayğılandıran əsas məsələ manatın kursundakı dəyişiklik olduğu üçün hesab olunur ki, əsas suallar baş bankir Elman Rüstəmova ünvanlanacaq. Sizin də cavab istədiyiniz suallar varmı?

- Təbii ki, Elman Rüstəmov da sual qarşısında qalacaq. Ancaq hesab etmirəm ki, bu, Elman Rüstəmovun özbaşına fəaliyyətidir. Bu, Azərbaycan hökumətinin bütövlükdə qəbul etdiyi qərardır. Elman Rüstəmov, sadəcə, onu elan edib.

- Onun bu müddətdə ortaya çıxmaması hətta iqtidara yaxın deputatları da narazı salıb...

- Ola bilər elə şeylər olsun. Amma mən iqtidara tam kimi baxıram. Mənimçün ayrı-ayrı məmur yoxdur, iqtidar bütövdür. Neqativ faktlarda, rüşvət almada, korrupsiyada, yaxud da işin icra edilməməsində fərdlərin rolu var. Amma bütöv siyasətin içərisində ayrı-ayrı nazirliklərin, komitənin, yaxud hansısa qurum sədrinin rolu yoxdur, siyasət ümumidir.

- Əvvəlki illərdə hesabat günü hökuməti istefaya getməyə çağırmısınız. Bu dəfə eyni tələb qüvvədə qalırmı?

- Çox şey hökumətin nə deyəcəyindən asılıdır. Bəlkə hökumət çıxıb üzr istəyəcək, deyəcək bunlar bizim səhvlərimizin nəticəsində olub, səhvlərimizi düzəldəcəyik.

- Adətən tənqidlərə, istefa çağırışlarına baxmayaraq, yekunda bir neçə nəfər istisna olmaqla hökumətin hesabatı qəbul olunub.

- Parlament çoxluğu YAP-çılardan ibarətdir və nəticəni parlament çoxluğu təmin edir. Təəssüflər olsun ki, burda bizim edə biləcəyimiz bir şey yoxdur. Parlament çoxluğuna nail olmaq lazımdır.

- Ombudsmanın hesabatı qadınlar bayramı ərəfəsinə düşdüyü üçün məruzəni bayram xətrinə qəbul etdilər. Yəqin hökumətə də ilaxır çərşənbə güzəşti olacaq...

- Yox, hökumət ciddi məsələdir. Ombudsmanla bağlı mövqeyimi demişəm, Azərbaycanda Ombudsman İnstitutu yoxdur. O həm institut olaraq, həm də kollektiv olaraq fəaliyyət göstərmir. Ona görə də mən fəaliyyəti olmayan bir qurum haqqında nə danışım? Amma Nazirlər Kabinetinin iştirakı ilə büdcə qəbul olunur, büdcəni icra edir və s. Bunlar ayrı-ayrı şeylərdir.

- Hesabat günü Hüseyn Abdullayevlə bağlı məlum olaya bənzər hadisə təkrarlana bilərmi?

- Hökumət nümayəndələri, hökumətə yaxın deputatlar içərisində növbəti Hüseyn Abdullayevin olduğunu güman etmirəm.

- Söhbətimiz əfv gözləntilərinin olduğu bir dövrə təsadüf edir. Siz dəfələrlə amnistiya və əfv çağırışları edibsiniz. Necə bilirsiniz, Avropa Oyunları ərəfəsində siyasi məhbuslarla bağlı problem həllini tapacaqmı?

- Amnistiya gözləmirəm, çünki olsaydı, qanun layihəsi parlamentə göndərilərdi. Əfv gözləyirəm. Amma problem birdəfəlik həll olunmayacaq. Çünki hələ məhkəməsi tamamlanmamış siyasi məhbus hesab etdiyimiz kifayət qədər adamlar var. Amma məhkəməsi bitmişlərin də hamısının əfv ediləcəyini gözləmirəm. Hökumətin də bu gün fərqli bir siyasəti var. Hökumət Qərblə kəskin qarşıdurmaya getmək istəmir, amma yumşaq qarşıdurmadan da çəkinmir.

- Elə isə ənənəvi suallardan biri: Azərbaycan hakimiyyəti bu gün kimin yanındadır, Rusiyanın, yoxsa Qərbin?

- Hakimiyyətin siyasəti bəllidir. Hakimiyyət Qərbin yanındadır. Ona görə də sadəcə, “yanındayam deyə, mənə bu qədər təzyiq edə bilməzsən” deyib Qərbin üzərinə gedir, başqa bir şey yoxdur.

- Rusiya təhlükəsinin kifayət qədər real olması fikri ilə razısınızmı?

- Rusiya hər zaman təhlükədir. Cənubi Qafqazdan çıxmayana qədər, imperiya maraqlarından imtina etməyənə qədər hər zaman təhlükəlidir. Ukrayna, Moldova, Cənubi Qafqaz üçün təhlükə davam edir. Orta Asiya hələlik Rusiyanın istədiklərini yerinə yetirmiş kimi görünür. Ona görə də hələlik orda konfliktlər yoxdur. Amma ilk fürsətdə Rusiyaya qarşı çıxacaq bir Orta Asiya cümhuriyyəti olarsa, orda da konfliktlərin və Rusiya “maşa”sının işə düşəcəyi şəksizdir. Təəssüf ki, dünya da hələlik Rusiyanı durduracaq mexanizmə malik deyil.

- Rusiya rəhbəri Azərbaycan rəsmilərini təltif edirsə, bu, Bakı ilə Moskva arasındakı münasibətlərin göstəricisi sayıla bilərmi?

- Bunlar boş, mənasız şeylərdir və heç bir əhəmiyyəti yoxdur. Azərbaycan tərəfindən olanlar da çox gözəl bilirlər ki, o təltif olunmanın heç bir əhəmiyyəti yoxdur. Rusiya tərəfi də bunu yaxşı bilir. Sadəcə, görünən tərəfdə publikaya, Qərbə mesaj verir. Həm də bu kimi mövqelərlə yanında saxlamağa cəhd edir. Bu, Azərbaycan hakimiyyətinin, yaxud ayrı-ayrı adamların mövqeyini dəyişmir.

- Parlament seçkilərində iştirakla bağlı müxalifətə yeni bir model təklif edirsinizmi?

- Biz geniş birlik təklif etdik. Çünki qalib gəlmək üçün resurslar ayrı-ayrı partiya rəhbərlərinin dediyi səviyyədə deyil. Biz də gücləri, mövqeləri, imkanları bilirik. Hələlik bir sıra partiyalar bununla razılaşmır. Razılaşanlar isə bütövlükdə ictimai-siyasi situasiyanı tam şəkildə dəyişə biləcək gücdə deyillər. Onların hamısına hörmət edirəm, hamısı kifayət qədər mübarizə aparmış, mövqe ifadə etmiş adamlardır. Amma reallıq budur ki, siyasi partiya olaraq güclər ictimai-siyasi vəziyyəti dəyişməyə yetmir. Ona görə biz də hələlik əlahiddə qaydada gedirik. Amma bizim “125-lər” formatımız var. ADP, “125-lər Klubu” və Ümid Partiyası.

Hesab edirəm seçki marafonuna bütün indiyə qədər olan formatların hamısından daha uğurlu və daha güclü çıxacaq. İndiyə qədər siyasətdə olmayan, yaxud siyasətdən qaçmaq istəyən, ictimai-siyasi mövqeyi və çəkisi olan insanlar “125-lər Klubu” çərçivəsində birləşir. Bu, olduqca uğurludur və onlar yeni bir ictimai-siyasi prosesə fərqli bir dinamika, ritorika, düşüncə və yanaşma gətiriblər. Bu, özü əslində çox pozitivdir. Hesab edirəm ki, bu pozitivlik də udacaq. Ən azı ortaya yeni xətt və yeni yanaşma qoyacaq. Əslində biz proses aparırıq. Təbii ki, həm də qalib gəlməyi düşünürük. Amma qalib gəlməmək hər şeyi itirmək demək deyil. Demokratiya bir prosesdir, bu prosesi aparmaq lazımdır. Seçkilər bir vərdişdir, bu vərdişin sıradan çıxmasına imkan vermək olmaz. Biz bunun üçün də mütləq seçici ilə ünsiyyətdə olmalı, onun yanında olmalıyıq, mövqeyimizi ifadə etməliyik və nəhayətdə qalib gəlməyin yollarını aramalıyıq.

- Hakimiyyət-müxalifət dialoqunun məntiqi nəticəsi olaraq parlament seçkilərində müxalifətə müəyyən faizdə yer tanına bilərmi?

- Bu gün onu ifadə etmək çox çətindir. Çünki dialoq özü çox pozitiv mesaj olsa da, hələlik konkret mövzu ətrafında gəldiyimiz bir nəticə olmayıb. Hələ mövzunu, formatı müəyyən edirik. Aprel görüşü bu mənada yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu, olacaq, ya olmayacaq, bunu zaman göstərəcək. Məsələn, mən seçki məsələsini müzakirə etməyin tərəfdarı deyiləm. Çünki dəqiq bilirəm ki, bu şərtlər çərçivəsində hakimiyyətin Seçki Məcəlləsinə dəyişiklik etmək kimi bir niyyəti yoxdur. Seçki Məcəlləsinə dəyişiklik etmək niyyəti yoxdursa, seçkidən niyə danışmalıyıq ki? Biz daha konkret məsələlərdən danışa bilərik, məsələn, siyasi dustaqların həbsdən azad olunması, məhkəmənin ədalətli aparılmasından danışa bilərik.

Burdan başlayan qalibiyyət, burdan qazana biləcəklərimiz bizim sonrakı addımlar üçün stimul ola bilər. Tutaq ki, hamı 2015-ci ilin seçki ili olduğuna görə seçkidən danışmağa çalışır. Amma heç kəs hesablamır ki, seçkidən nəyi danışacağıq? Seçki Məcəlləsi dəyişməyəcək, seçkini demokratik keçirtmək üçün bunu danışıqlar yolu ilə həll etmək kimi bir şey yoxdur. Hakimiyyət zatən deyir ki, seçkilər demokratik keçir. Ona görə də mən müxalifətin sırf iki-üç məsələnin üzərində köklənməsinin tərəfdarıyam. Azərbaycan hakimiyyəti və müxalifəti siyasi məhbuslarla bağlı üzərinə öhdəliklər götürülməlidir. Həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai institutlarda müxalifətin təmsilçiliyi olmalıdır.

- Sahibkarlara qarşı təzyiqlər, xüsusilə vergi orqanlarının əlavə ödənişlər tələb etməsi hansı vəziyyət yarada bilər? Ümumiyyətlə, müxalifət narazı sahibkarlarla işləyirmi?

- Mən ayrı-ayrı iş adamlarının, sahibkarların, orta təbəqənin zaman-zaman vergidən, gömrükdən, hüquq-mühafizə orqanlarının müxtəlif qanadlarından şikayətləndiyinin dəfələrlə şahidi olmuşam. Amma Azərbaycanda sabit orta təbəqə deyilən anlayış yoxdur. Bunlar ya məmurların çətiri altında fəaliyyət göstərir, ya çox kiçicik imkanlara malikdirlər ki, onlara da orta təbəqə demək mümkün deyil. Xırda iş adamları var ki, onların problemlərində hakimiyyətin ümumi yanaşması dəyişilməlidir. Mən sizi əmin edirəm ki, hakimiyyət bir balaca onlara güzəşt edən kimi onlar siyasi mövqeyini dəyişirlər, dərhal əvvəlki iddialarından geri dururlar, cari qazanclarından başqa bir şeyi düşünmürlər. Hətta təzyiqlərdən danışmaq belə istəmirlər. Ona görə də o təbəqə ilə işləyib sona qədər sistem qurmaq çox çətindir. Hətta mənim təcrübəmdə belə bir şey də olmuşdu. Bir qrup iş adamı mənə müraciət etmişdi, bir strukturdan gileyli idilər. Mən parlamentdə məsələ qaldırandan sonra onlar parlamentə teleqram vurdular ki, “Bizim adımızdan siyasi məqsəd üçün istifadə olunmasın”. Yəni belə şeylər də olur.

- Yəni sahibkarlar zəhmət çəkib özləri öz dərdlərinə çarə tapsınlar?

- Yox, əstəğfürullah. Davamlı və ardıcıl olacaqlarsa, biz onların problemlərini hər zaman qaldırmağa borcluyuq. Hətta bizim yanımızda olmasalar belə. Amma məhz onların vasitəsi ilə nəyinsə gerçəkləşməsini, ictimai-siyasi situasiyada dəyişiklik olacağını gözləməyin və onlara da ümid etməyin. Amma sona qədər müdafiə edəcəyik, haqlarını qoruyacağıq, yanlarında olacağıq, hətta bizi qəbul etməsələr belə.

- İqbal bəy, hökumət nümayəndələri təkidlə bahalaşmanın olduğunu danmaqdadır, digər tərəfdən də süni bahalaşmaya qarşı mübarizə aparıldığını bildirirlər...

- Bahalaşma birmənalı var. Əslində bahalaşmanın qarşısının alındığı barədə hökumətin mütəmadi bəyanatları yanlışdır. Bu, azad bazar iqtisadiyyatına ziddir, sahibkarın hüquqlarının tapdanmasıdır. Necə yəni qiymətləri qaldırma? Sən mənə malmı vermisən, deyirsən malımı bu qiymətə sat? Mənim malımdan xoşum gəlmir, yaxud bahadır, alma! Heç bir sahibkara bunu demək mümkün deyil. Azad rəqabət formalaşmalıdır ki, qiymətlər təbii surətdə tənzimlənsin. Sən manatı 34 faiz ucuzlaşdır, xammalın Azərbaycanda hətta ərzaq daxil olmaqla 50 faizdən yuxarısı ölkə xaricindən gəlsin, qiymət də bahalanmasın? Necə, hansı yolla?

Bunun yolu yoxdur ki. Özləri özlərini aldadırlar. Ola bilsin ki, bir ay köhnə qiymətlə satsınlar, amma qorxusundan. Yaxud düşünsün ki, onsuz da köhnədən gətirmişdim. Amma iki ay sonra belə olmayacaq. Hökumətin özü də gözəl bilir ki, bu, mümkün olmayacaq. Sadəcə, əhaliyə göstərmək istəyir ki, biz qiyməti qalxmağa qoymuruq. Amma qiymət onsuz da qalxır. Hökumət camaatı aldatmaqla məşğuldur. Mən xaricə pul verirəm, qiyməti necə qaldırmayım?

Geri dön