Ana Sayfa > Xəbər > “ATƏT sədri Qarabağ münaqişəsinin həlli ilə bağlı bizə söz verdi” – Rövşən Rzayev

“ATƏT sədri Qarabağ münaqişəsinin həlli ilə bağlı bizə söz verdi” – Rövşən Rzayev


3-06-2015, 12:32. Yazar: admin
“ATƏT sədri Qarabağ münaqişəsinin həlli ilə bağlı bizə söz verdi” – Rövşən Rzayev
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç iyun ayının 1-də Azərbaycana səfər etdi. ATƏT sədri səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirdi.

Bununla yanaşı o, ötən gün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə müzakirələr aparıb. İcmanın İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az saytına açıqlamasında bildirib ki, müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparılıb:
“ATƏT sədri bizə söz verdi ki, təşkilata rəhbərlik etdiyi dövr ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı tutarlı addımlar atılacaq. Azərbaycan xalqı və biz də lazımi addımların atılmasını və ərazi bütövlüyümüzün təmin olunmasını istəyirik”. Rövşən Rzayev onu da deyib ki, görüşdə icma nümayəndələri Ermənistanın Dağlıq Qarabağda girov saxladığı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını da xahiş ediblər.

Deputat Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında görüş keçirilməsi perspektivi ətrafında da fikir mübadiləsi aparıldığını vurğulayıb:

“ATƏT sədri və onun başçılıq etdiyi nümayəndə heyəti icmaların görüşü ilə əlaqədar bizə çox maraqlı suallar verdi. Bizim icmanın Dağlıq Qarabağın erməni icması ilə uzun müddətdir görüşmədiyini diqqətə çatdırdıq. Bildirdik ki, Dağlıq Qarabağın azərbaycanlı icması dialoq üçün səy göstərsə də, erməni tərəfi bu görüşdən qaçır. ATƏT sədrindən xahiş etdik ki, bu istiqamətdə bizə dəstək olsunlar”.

Geri dön