Ana Sayfa > Xəbər > Krım Kremlin işinə yaradımı? - Bir il əvvəlin işğalı və sonrası

Krım Kremlin işinə yaradımı? - Bir il əvvəlin işğalı və sonrası


14-03-2015, 17:10. Yazar: admin
Krım Kremlin işinə yaradımı? - Bir il əvvəlin işğalı və sonrası
Düz bir il əvvəl Rusiyanın Krımı ilhaq etmək üçün həyata keçirdiyi misilsiz hərbi əməliyyat barədə çox yazılıb, danışılıb.

Doğrudur, bu hadisələrdən çox keçmədən həmin taktika Ukraynanın şərqində bir qədər fərqli formada tətbiq olundu və məsələ irimiqyaslı müharibəyə qədər gəlib çıxdı. Nəticədə Krımın “nəzakətli adamlar” tərəfindən ildırım sürəti ilə ilhaq edilməsi əməliyyatı bir qədər arxa plana keçdi.

Bəs bir il əvvəl Krımda hadisələr necə cərəyan etmişdi?

Rusiya ordusu barədə uzun illərdir mövcud olan təəsürat bu əməliyyatla necə alt-üst olmuşdu və nəyə görə Krım əməliyyatından sonra NATO-nun Rusiyaya qarşı hərbi strategiyası yararsız hala gəlmişdi? Nədən bu hadisələrdən sonra əksər keçmiş sovet respublikaları, hətta NATO-ya üzv olan Baltik ölkələri panikaya düşdülər və nə zaman haradan peyda olacağı bilinməyən “nəzakətli adamlar” onların qorxulu yuxusuna çevrildi?

Virtualaz.org saytı bir il əvvəlki hadisələrin sırf hərbi aspektini oxuculara çatdırır.

Beləliklə, bir il əvvəl Krımda baş verənləri hərbi baxımdan bir neçə aspektə ayırmaq olar: yarımadada strateji obyektlərin nəzarət altına alınması və Ukrayna ordusunun hərbi hissələrinin blokadası; ardınca situasiyanın nəzarətdə saxlanılması və hadisələrin PR effekti.

Hadisələrin bütün əməliyyatın taleyini həll edən birinci aspekti daha maraqlıdır. Əla təşkil edilmiş və silahlanmış hərbi bölmələrin qəfildən və çevik çəkildə yarımadada peyda olması təkcə ölkə daxilindəki müşahidəçiləri şoka salmadı, eyni zamanda vəzifələri ölkə hüdudları daxilində bu cür yerdəyişmələri izləmək olanları da mat qoydu.

Qərb mətbuatı ancaq bir neçə gün sonra nə baş verdiyini dərk etməyə imkan tapan NATO-dakı mənbələrə istinadən yazırdı: “Bu, əsl maskirovkadır”.

Bu zaman rus sözü olan “maskirovka” öz hərəkətlərinin düşməndən gizlədilməsi üçün görülən kompleks tədbirlər mənasını verirdi. O həddə qədər gizlədilməsini ki, düşmənin reaksiyası ya qeyri-effektiv, ya da gecikmiş olsun. Bu termin Qərb hərbi dərsliklərində uzun zamandır tərcüməsiz istifadə olunur.

Əsas fərq onda idi ki, əgər qərblilər hansısa hərbi əməliyyatı planlaşdıranda onun hazırlıq mərhələsini əvvəlcədən elan edirdilər, yaxud büruzə verirdilər. Rusiya isə Krım əməliyyatının hazırlıq mərhələsini və ya bununla bağlı olan hər hansı digər fəaliyyəti diqqətlə gizlədə bildi. Məsələn, tutaq ki, Qərb ölkələri İraqda və ya Əfqanıstanda əməliyyat hazırlayır. O zaman həftələr, hətta aylar qalmış bunu başa düşməyə imkan verən çoxlu əlamətlər müşahidə edilir.

Sual ancaq ondan ibarət olur ki, konkret hərbi əməliyyatlar hansı tarixdə başlayacaq, konkret hansı obyektlərə zərbə endiriləcək.

Krımda isə bunların heç biri baş vermədi. Əslində Krımda “rus baharı”nın başlaması tarixi 2014-cü il fevralın 23-dən hesablanır. Həmin gün Kiyevdə Yanukoviçin devrilməsinə cavab olaraq Sevastapolda mitinq keçirildi və kütlə Aleksey Çalıyı “xalq meri” elan etdi.

Şəhərdə və ətraflarında “özünümüdafiə dəstələri” formalaşdırılmağa başladı. Bu zaman Rusiyanın Krımı geri qaytarmaq planı barədə heç nə məlum deyildi. İndi prezident Putinin dediklərinə inansaq bu əməliyyat fevralın 22-dən 23-nə keçən gecə planlaşdırılmışdı.

Lakin “nəzakətli adamların” məhz hansı gün Krımda peyda olduqlarını hələ də dəqiq bilən yoxdur.Hərçənd ki, naməlum silahlıların fevralın 26-dan 27-nə keçən gecə Krımda Ali Sovetin binasını tutması Rusiyanın Mərkəz və Qərb hərbi dairələrinin irimiqyaslı manevrlərinin başlaması ilə eyni vaxta təsadüf etdi.

NATO isə əməliyyatın başlamasını faktiki olaraq 4-5 sutka gecikmə ilə öyrəndi. Nəticədə Vaşinqtonda və Brüsseldə nə baş verdiyini ancaq o vaxt dərk etməyə başladılar ki, fevralın 27-dən 28-nə keçən gecə Krımın hava məkanında və Qara dənizin şimal-şərqində onlarla vertolyotun və təyyarənin yerdəyişməsi radarlarda qeydə alındı.

“Nəzakətli adamların” hərəkətə keçməsi Rusiyanın Krımdakı hərbi kontingentini gücləndirməsi ilə eyni vaxtda baş verirdi. Fevralın 28-dən başlayaraq Krımın hava məkanında dəfələrlə Rusiya istehsalı olan, ancaq tanınma nişanları silinən döyüş vertolyotları, o cümlədən müasir Mi-8AMTŞ, Mi-8MTB5, Mi-35-lər qeydə alındıı.

Fevralın 28-dən martın 1-nə keçən gecə Krımın hava məkanı bağlı elan edildi. Bəzi mənbələrə görə, həmin gecə yarımadadının aerodromlarına hansı dövlətə məxsusluğu bilinməyən İl-76 nəqliyyat təyyarələri enirdi.

Artıq həmin vaxt Krımın “özünümüdafiə qüvvələri” kimi elan edilmiş “nəzakətli adamlar” isə operativ hərəkət edirdi. Martın 1-i səhər Krımda faktiki olaraq “nəzakətli adamlar” Ukrayna ordusunun bütün hissələrini blokadaya almışdı. Həmçinin limanların və aerodromların blokadaya alınması Ukraynanın qalan hissəsindən yarımadaya qüvvələr göndərilməsini istisna edirdi.

Qərb analitiklərinə görə, əməliyyat o qədər sürətlə həyata keçirilmişdi ki, bunu adi, hətta yaxşı hazırlıq keçmiş silahlı qüvvələr üçün qeyri-adi hesab etmək olardı. Hərbi obyektlərin və aerodromların blokadaya alınmasına cəmi 1 sutka vaxt keçdi. Bütün obyektlər silah tətbiq edilmədən nəzarət altına alındı.

Əməliyyat qurbanlarsız keçirdi, baxmayaraq ki, Krımda Ukrayna qoşunları var idi. Krımdakı hadisələrdə Rusiya donanmasının da mühüm rolu oldu. Krımda hadisələrin başlamasına qədər Aralıq dənizinin şərqində kifayət qədər güclü Rusiya hərbi-dəniz qruplaşması cəmləşdirilmişdi, bura “Admiral Kuznetsov” təyyarədaşıyanı, “Böyük Pyotr” raket kreyseri, sualtı qayıqlar və digər hərbi vasitələr daxil idi. Rusiya HHQ-nin Qərb dairəsindəki zərbə hissələrinin və strateji aviasiyasının döyüş hazırlığında olmasını da nəzərə alsaq, bu qruplaşma Amerikanın həmin rayonda dislokasiya olunmuş və “Corc Buş” təyyarədaşıyanının başçılıq etdiyi zərbə qruplaşması ilə tarazlıq yaradırdı.

Aralıq dənizindəki Rusiya qruplaşması klassik “fleet in being” rolunu oynadı-bu qruplaşmanın mövcudluğu opponentləri ABŞ-ın Ukraynada “nəzakətli adamların” peyda olmasına cavab olaraq Kiyevə hərbi dəstək göstərməsinin cavabsız qalmayacağı barədə düşünməyə məcbur etdi.

Habelə Rusiyanın Krım donanması da əməliyyatda bilavasitə rol oynadı. Ukrayna donanmasının yerindən tərpənməsinə belə imkan vermədi. Məsələn, Qara dəniz donanmasının istismardan çıxarılmış “Oçakov” gəmisi Donuzlav gölününün çıxışında batırıldı və Ukrayana donanmasının yolunu kəsdi. Üstəlik Ukrayna donanmasının şəxsi heyətinin xeyli hissəsi Rusiyanın tərəfinə keçdi.

Eyni zamanda Kiyevdəki hadisələr Rusiyaya Krım əhalisi arasında “hakimiyyəti ələ keçirən millətçilər” barədə təhlükədən narahatlığı artırmaq üçün əla PR imkanları yaratdı.

Krımda hər iki tərəfdən yüzlərlə zirehli texnikaya və digər silahlara malik 40 minlik hərbi kontingentinin olmasına baxmayaraq əməliyyat təəcüblü şəkildə qansız keçdi - martın 18-də naməlum snayper tərəfindən vurulan Ukrayna praporşiki istisna olmaqla.

Krımdakı “nəzakətli adamların” hansı dövlətə məxsus olduğu uzun müddət təsdiqlənməmiş qaldı. “Nəzakətli adamlar”ın hərbi geyimlərində heç bir tanınma nişanı yox idi, onların gözlərində qara eynək, sifətlərində maska var idi. Sonradan Putin onların Rusiya hərbçiləri olduğunu təsdiq edənə qədər heç kim sübut edə bilmirdi ki, “nəzakətli adamlar” məhz Rusiyanın hərbi qüvvələridir.

Krım əməliyyatı onu göstərdi ki, Rusiya ordusu artıq əvvəlki ordu deyil-cəmi bir neçə sutka ərzində minlərlə canlı qüvvənin və texnikanın yenidən dislokasiyasını həyata keçirə, ildırım sürəti ilə Krım böyüklükdə ərazini nəzarət altına ala və eyni zamanda irimiqyaslı qəfil hərbi manevrlər keçirə bilər.

Məhz bu əməliyyatdan sonra NATO-da Rusiyanın “hibrid müharibə” taktikası barədə araşdırmalar başladı. Məlum oldu ki, alyansın Rusiya hərbi gücü haqda dəyərləndirmələri adekvat deyil.

İlk dəfə idi ki, hansı dövlətə məxsusluğu rəsmən bilinməyən silahlı qüvvələr başqa ölkənin ərazisini ilhaq edirdi və NATO buna qarşı praktiki olaraq heç nə etməyə qadir deyildi. Bu səbəbdən Krım əməliyyatı hərbi dərsliklərə daxil olub və görünür, onun haqqında hələ uzun müddət danışacaqlar (lenta.ru portalının materiallarından istifadə olunub).

Geri dön