Ana Sayfa > Xəbər > Beynəlxalq Bankla bağlı dilemma yaranıb

Beynəlxalq Bankla bağlı dilemma yaranıb


27-05-2015, 12:07. Yazar: admin
Beynəlxalq Bankla bağlı dilemma yaranıb
Son günlər Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında gedən proseslər onun özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Bir sıra ekspertlərin fikrincə, adıçəkilən bank dövlətə məxsus olduqca, vəsaitlərin idarə edilməsində sui-istifadə halları da artacaq.

Qeyd edək ki, ABB-nin səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə məxsusdur. Hələ bir neçə il öncə bankın özəlləşdirilməyə çıxarılması təklifi irəli sürülmüşdü. Çünki bankın bazardakı mövqeyinin çox böyük olması bu sektorda rəqabət mühitinin zəifləməsinə, monopoliyanın yaranmasına yol açıb. Eyni zamanda, dövlət vəsaitlərin səmərəsiz xərcləndiyi, kredit qoyuluşlarında böyük fırıldaqların olması barədə dəfələrlə faktlar ortaya çıxıb. Belə iddialar da var ki, bank ətrafında bilərəkdən problemlər yaradılaraq, onun səhmlərinin bazara ucuz çıxarılmasına və məmurlar tərəfindən alınmasına hazırlıq prosesləri gedir. Hazırkı situasiyada bu addım atıl bilərmi?


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, Beynəlxalq Bankın ümumi bank sektoruna təsir imkanları yüksəkdir: "Ölkədə iki dövlət bankı var. Bunlar Azərbaycan Beynəlxalq Bankı və "AzeriTürk Bank"dır. Beynəlxalq Bank bazarda kifayət qədər paya sahibdir. Bütün göstəricilər üzrə ABB-nin payı yüksəkdir. Bu baxımdan Beynəlxalq Bank ətrafında hər hansı bir hadisə baş verirsə, bank sektoruna mütləq təsir göstərir.
ABB-nin özəlləşdirilməsi məsələsi uzun müddətdir ki, gündəmdədir. Adıçəkilən maliyyə qurumunun bazar payı 40 faiz təşkil edir. Respublika üzrə kredit qoyuluşlarının 1/3-i, depozitlərin isə 25 faizi məhz bu bankın payına düşür. Həm dövlət bankı olmağı, həm də bazarda böyük paya sahibliyi onun əhəmiyyətli olmasına gətirib çıxarır".

S.Əliyev vurğuladı ki, eyni zamanda ABB rəqabət mühitini pozur: "Dövlətin büdcədən gedən resursları bir neçə bank ətrafında bölüşdürülür ki, onların arasındakı ən böyük pay sahibi Beynəlxalq Bankdır. Məsələn, Dövlət Neft Şirkətinə verilən böyük həcmli kreditlər ABB vasitəsilə həyata keçirilib. Müəllimlərin maaşı, pensiyalar, təqaüdlər, sosial müavinətlər ABB və "Kapital" Bank vasitəsilə reallaşır. Beynəlxalq Banka qarşı özəl bir münasibət var, müəyyən üstünlüklər verilib. Bu baxımdan ABB-nin özəlləşdirilməsi bank sektorunda rəqabət mühitinin yaxşılaşdırılmasına təkan ola bilər. Beynəlxalq Bankın maliyyə vəziyyəti bir neçə ildə pisləşib. Doğrudur, dövlət bankı olduğuna görə beynəlxalq reytinqi yüksək olan az banklardan biridir. Çünki səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə malik olduğuna görə, kapitallaşmasında dövlət dəstəyi hər zaman mövcuddur.
İndi isə vəziyyət çox ağırdır. Burada problemli kreditlərin dəyəri təəssüf ki, milyardla ölçülür. Mətbuatda müxtəlif rəqəmlər gedir, 3-6 milyard manat arası dəyişir. Reallıq odur ki, ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi çox yüksəkdir. Bunun da səbəbi bu bankın daim iri biznes kreditlərinə üstünlük verməsi olub. Eyni zamanda kredit qoyuluşlarının pis idarə edilməsinin törətdiyi fəsadlar azmış kimi devalvasiya hadisəsi baş verdi".

Ekspert əlavə etdi ki, manatın devalvasiyası bankın vəziyyətini daha da çətinləşdirib: "Sözügedən bankın açıq valyuta mövqeyi çox yüksək idi. Mərkəzi Bank son dəyişikliyə qədər bu istiqamətdə kapitalın 10 faizi qədər limit qoymuşdu. "Fitch" reytinq agentliyinin hesabatında göstərilirdi ki, 2014-cü ildə ABB-nin açıq valyuta mövqeyi onun kapitalının 1,3 misli qədər, yəni 1,4 milyard dollar olub. Ona görə də devalvasiyadan sonra ən çox zərər çəkən maliyyə təşkilatlarındandır.
Hökumət bankın kapitallaşmasına müəyyən qədər dəstək göstərir. Bu yaxınlarda səhm yerləşdirməklə, Maliyyə Nazirliyinin payı cüzi olaraq da artdı".

Ekspertin fikrincə, hazırda Beynəlxalq Bankın özəlləşdirilməsi fayda verə bilməz: "Belə vəziyyətdə onu almağa heç kəs maraq göstərməyəcək. Özəlləşdirilməyə çıxarılarsa, bunun üçün hökumət öncə bankı sağlamlaşdırmalıdır. Bu sağlamlaşmanı qeyri-ənənəvi üsulla, sahibkarlardan "bandotdel" vasitəsilə pulları yığaraq etməyə çalışırlar. Bu yolla vəsaitlərin bir hissəsini yəqin ki, bərpa edəcəklər".

Hüquqşünas Əkrəm Həsənov da düşünmür ki, Beynəlxalq Bankı indiki vəziyyətdə kimsə ala bilər: "Problemli bir bankı kim alar? Onun hazırkı durumunu həll etmək dövlətin üzərinə düşür.
Ya da dövlət onu elə ucuz qiymətə satsın ki, hansısa sahibkar almağa maraq göstərsin".
Hüquqşünas hesab edir ki, bu məsələdə, eyni zamanda bir əmanətçi problemi də var: "Çünki ABB ən iri kredit portfelinə malik olmaqla yanaşı, əmanətlərin də ən böyük hissəsi onun payına düşür. Qanuna görə həmin əmanətlərə dövlət cavabdehdir. Belə ki, ABB sabah müflis olsa, əmanətləri dövlət qaytarmalıdır. Bəzən bildirirlər ki, Əmanətlərin Sığortalanması Fondu qaytara bilər. Əslində, burada söhbət başqa-başqa funksiyalardan gedir. Fond ayrıca bir qurumdur, banklardan vəsait toplayır və həmin pullar hesabına əmanətçilərin depozitlərini ödəyir. Əgər bir neçə bank eyni vaxtda müflis olarsa, o zaman Əmanətlərin Sığortalanma Fondu da iflas ola bilər. Bu vaxt dövlət həmin əmanətlərə cavabdeh deyil. Amma Beynəlxalq Bankdakı əmanətlərə birbaşa dövlət məsuliyyət daşıyır. Sığortalanma Fondu 12 faizədək, maksimum 30 min manatlıq əmanətlərləri sığortalayır. Beynəlxalq Bankda isə vətəndaşın qoyduğu depozitin məbləğindən və faizindən asılı olmayaraq, dövlət 100 faiz məsuliyyət daşıyır. Əgər ABB özəlləşdirilərsə, əmanətlərin həcmi azalacaq. Buna görə də həmin bankı hansısa iş adamı almaz. Çünki problemlər daha da dərinləşə bilər. Özəlləşdirməni bankın inkişaf dövründə etmək lazım idi",- Ə.Həsənov bildirdi.

Geri dön