Ana Sayfa > Xəbər > Rusiya ordusu Ermənistandan çıxarılarsa… (ŞƏRHLƏR)

Rusiya ordusu Ermənistandan çıxarılarsa… (ŞƏRHLƏR)


14-03-2015, 11:21. Yazar: admin
Rusiya ordusu Ermənistandan çıxarılarsa… (ŞƏRHLƏR)
SSRİ dağıldıqdan sonra keçmiş müttəfiq respublikalarından sovet qoşunları çıxarılmağa başladı. Güney Qafqazda bu proses ilk olaraq Azərbaycanda yekunlaşdı. Sonra Gürcüstan da belə addım atdı. Lakin torpaqlarımızı məhz imperiya ordusunun köməyilə işğal etmiş Ermənistan hüquqi olaraq Rusiyanın tabeliyinə keçən ordu hissələrini ərazisindən çıxarmaq cəsarətində bulunmadı. Nəticədə 1995-ci ildə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistanda saxlanması və Türkiyə ilə sərhədlərin birgə mühafizəsi haqda 25 illik müqavilə imzalandı. 2010-cu ildə isə həmin müqavilə yenilənərək 2044-cü ilədək uzadıldı. 2015-ci ilin əvvəlində məhz Gümrüdə Rusiya hərbi qulluqçusunun bir erməni ailəsini qətlə yetirməsi ermənilərin Rusiyaya qarşı kütləvi etirazlarına səbəb olmaqla, ilk baxışdan 102-ci bazanın Ermənistandan çıxarıla bilməsi ehtimalını gücləndirdi… Bu mövzuda 3 sualı “üyütmək” üçün “Dəyirman”ımıza 3 tanınmış “dəyirman”çı dəvət etdik:

1.Ötən 20 il ərzində faktiki olaraq Rusiyanın əyalətinə çevrilmiş Ermənistan bu müqavilə ilə nə qazandı?

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc:

- Ermənistan faktiki olaraq bu 20 il ərzində Rusiya hərbi qüvvələri hesabına öz ordusunu formalaşdırmağa çalışdı. Yəni Rusiya yalnız bir təhlükəsizlik missiyası ilə yanaşı, eyni zamanda, müxtəlif akademiyaların təşkilinə, Ermənistan ordu hissələrini təşkilati strukturuna, idarəçiliyinə formalaşmasına da kifayət qədər təsir göstərib. Odur ki, Ermənistan ordusu sırf Rusiya modelində ortaya çıxıb və bu ölkədə rus hərbi sistemi hökm sürməkdədir. Deyilənləri sırf Azərbaycandan olan baxışla deyil, neytral bir ekspert kimi dəyərləndirsək, onların Ermənistanın xeyrinə işləməsinin təsdiqini taparıq. Yəni heç bir tarixi hərbi ənənələri olmayan Ermənistan üçün yalnız sovet dövründə yetişmiş hərbçi ermənilər hesabına ordu formalaşdırmaq çətin olardı. Qarabağ savaşlarında müəyyən təcrübə qazansalar da, orada da Rusiyanın böyük rolu olmuşdu. İkinci tərəfdən, Rusiyanın hərbi mövcudluğu Ermənistanın daxili siyasi həyatında önəmli bir faktor olaraq daim hiss edilib. Yəni istənilən erməni siyasətçisi üçün aydındır ki, həlledici anda son qərarı Kremlin siyasi göstərişlərinə uyğun olaraq Rusiya hərbi bazası verəcəkdir. Bir sözlə, Ermənistanda daim Rusiya hərbi gücləri ilə daha çevik dil tapa bilərək Kremlin marağını cəlb edə bilən siyasi qüvvələr həm prezidentliyi, həm də bütövlükdə hakimiyyəti ələ ala biliblər. Bundan əvvəl Köçəryan, sonra isə Sarkisyan məhz bu hərbi partiyasına arxalanıb. Bu minvalla siyasi müstəqilliyini faktiki itirsə də, daim Türkiyə və Azərbaycan xofu olan Ermənistanın öz təhlükəsizliyini təmin etməsi onun qazancıdır…

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov:

- “Əslində Rusiyanın müstəmləkəsi olan Ermənistan kimi bir ölkənin hər hansı bir uğurundan danışmağın mənası yoxdur. Aydın məsələdir ki, Ermənistan Rusiyanın hər hansı bir sözü qarşısında heç nə demək iqtidarında deyil. Bunu neçə illərdir Azərbaycan siyasi dairələri və mediası vurğulayır. Amma artıq son illər, xüsusən Gümrüdəki son olaylardan sonra Ermənistan ictimaiyyətinin özü də gerçəyi açıq dərk edir. Qarabağ uğrunda savaşda da bu ölkə nə hərbi, nə iqtisadi, nə də insan resursları baxımından nə keçmişdə, nə də indi Azərbaycandan üstün olmayıb və ola bilməyəcək də. Sadəcə, Rusiyanın havadarlığı ilə Qarabağı zəbt etməsi isə əslində Ermənistanın deyil, Rusiyanın uğurudur və hələlik onun xeyrinədir. Ancaq son proseslər həm Ukrayna ilə bağlı gərginlik, həm Rusiyadakı iqtisadi böhran göstərir ki, Qarabağla bağlı status-kvo dəyişiləcək. Ona görə də hesab edirəm ki, Ermənistan indiyədək Rusiyanın hesabına əldə etdiyi müvəqqəti “uğurlarla” qürrələnmək əvəzinə mövcud gerçək durumu barədə obyektiv nəticə çıxarmalı və bu vəziyyətdən minimum az itki ilə çıxmaq üçün doğru qərar verməlidir.

Siyasi analitik Tahir Cəfərli:

- Əslində Qarabağ Ermənistan üçün bir tələ idi və Qarabağın Rusiyanın əli ilə Azərbaycandan alınması ermənilərin həmin tələyə düşməsinə şərait yaratdı. Rusiya ilə bu və digər hərbi müqavilələri imzalamaqla Ermənistan nəinki nəsə qazandı, hətta sovet dövründə olduğu durumdan da pis duruma düşərək siyasi, iqtisadi müstəqilliyini tam itirərək yenidən Rusiyanın forpostuna çevrildi. Qarabağı əldə etsə də, Rusiyadan tam asılı olan Ermənistan məcbur idi ki, həmin asılılığı hüquqi cəhətdən təsdiq etmək üçün yalvarsın. Çünki “atəşkəs” imzalandıqdan sonra Azərbaycan sürətlə inkişaf etməyə başlamışdı və Rusiya hərbi gücünün Ermənistanda olmayacağı təqdirdə əks-hücuma keçib Qarabağı asanlıqla geri ala bilərdi. Bunları dərk edən ermənilər də artıq sosial şəbəkə və mediadakı yazılarında öz ölkələrini “forpostan” adlandırırlar. Forpost zərbəni öz üzərinə götürən deməkdir. Bu gün Rusiya Ermənistana NATO ilə, yəni Türkiyə ilə sərhəddindəki forpost kimi baxır. Bununla da erməniləri fransızların təbirincə desək, “kanon de şeya”ya, yəni top ətinə çeviriblər. Bu o deməkdir ki, bu gün NATO ilə Rusiya arasında müharibə başlasa, NATO cənub cinahından ilk zərbəni məhz Ermənistana vuracaq. Digər tərəfdən, sözügedən müqavilədə göstərilir ki, əgər Ermənistan Azərbaycana hücum etsə, ruslar ermənilərin tərəfində vuruşmayacaqlar. Və Azərbaycan yalnız Ermənistan sərhəddini keçəcəyi təqdirdə Rusiya erməniləri müdafiə edəcək. Qarabağa aid isə bu sənəddə heç bir maddə yoxdur. Yəni Azərbaycanın kifayət qədər hüququ var ki, öz torpaqlarını azad etsin. Amma gerçəklik budur: gərək Rusiya Azərbaycana “göz vura” ki, gəlin alın. Bu da bizim Rusiya ilə yaxınlaşmağımızdan və ondan istifadə etməyimizdən asılıdır…

2. Bəs Rusiyanın ABŞ və Avropanın güclü siyasi təzyiqlərinə və iqtisadi sanksiyalarına məruz qaldığı, böhran yaşadığı bir vəziyyətdə və Gümrüdə rus əsgərinin törətdiyi qətliam olayı fonunda bundan sonra Rusiya ordusunun Ermənistandan çıxarılmasına şərait yaranması ehtimalı varmı?

Zahid Oruc:
- 1998-1999-cu illərdə Rusiya prezidenti Yeltsin Balkanlarda hərbi qüvvə yerləşdirmək barədə “mars-brosok” adlandırdıqları bir qərar verdi. Qərb də bunu böyük qısqanclıq və həyəcanla qarşıladı. Ancaq cəmi bir sonra bəlli oldu ki, Balkanlarda hərbi kontingent saxlanılması Rusiya üçün çox bahalı bir layihədir. Bunun üçün ən azı 1 milyon dollar pul lazımdır. O dövrdə sabiq baş nazir V.Çernomırdinin Azərbaycana səfəri və Heydər Əliyevlə görüşü zamanı diplomatiya tarixində çox nadir bir hadisə baş verdi. Heydər Əliyev ona sual verdi ki, siz Balkanlarda apardığınız siyasət üçün bizdən dəstək almağa gəlmisiz, ancaq Rusiya Ermənistandakı hərbi gücünü gün-gündən artırır, ona əlavə silah verir. Buna səbəb nədir? Çernomırdin cavab vermişdi ki, bu, Azərbaycanda narahatlıq doğurmamalıdır, oradakı rus ordusunun əsas hədəfi Azərbaycan deyil. Bəs onda kimdir? Ruslar açıq cavab vermişdilər ki, bizim məxfi sənədlərdə bu regionu “cənub cinahı” adlandırırıq. Və oradakı qoşunlarımızın da silahı NATO-ya, Qərbə qarşıdır. Odur ki, dediyiniz kimi, Qərbin siyasi, iqtisadi təzyiqləri ola bilər. Ancaq Rusiyanın əsas məqsədi Ermənistanı qorumaq deyil. Əsas niyyət bu regiona Türkiyədən, onun timsalında Qərbdən ola bləcək basqıların qarşısını almaqdır. Əgər Şimali Qafqazdakı təxminən 70 min, Abxaziya və Cənubi Osetiyadakı təxminən 60 minlik rus hərbi gücünü nəzərə alsaq, Kremlin hansı geniş məqsədlər güddüyünü anlayarıq. Rusiya Ermənistanda erməniləri yox, özünü qoruyur. Odur ki, Ermənistanda hansısa bir rus hərbçisinin bir erməni ailəsini qətlə yetirməsinə kütləvi etirazlar, Qərbin də bunu körükləməsi fonunda heç kəs düşünməsin ki, Rusiya öz qoşunlarını asanlıqla bu ölkədən çıxara bilər. Amma şərti olaraq təsəvvür etsək ki, belə bir hadisə baş verib, bu halda Ermənistan Azərbaycan və Türkiyə qarşısındakı bəlli mövqelərindən geri çəkilib həmin anda sülhə razılıq verə bilər. Mövcud gerçəklikdə isə Ermənistanda sırf Qərbin dəstəyi ilə hakimiyyətə gelə biləcək və Rusiya qoşunlarının ölkədən çıxarılmasına nail ola biləcək elə bir güclü qüvvə yoxdur. 1999-cu ilin parlament gülləbaranı erməni siyasətçilərinə elə bir dərs verib ki, belə baxıram, gələcək 100 ildə də bunu ağlına gətirən olmayacaq…

Üzeyir Cəfərov:
- Bəli, rus hərbçisi V.Permyakovun Gümrüdə bir ailəni qətlə yetirməsindən sonra Ermənistanda xeyli narazılıqlar oldu. Amma düşünmürəm ki, bu hadisə Rusiya qoşunlarının həmin ölkədən çıxarılmasına təkan verəcək bir gücdədir. Rusiya yüzlərlə, bəlkə də minlərlə ermənini qırar, amma öz qoşununu Ermənistandan çıxarmaz. Ona görə ki, Güney Qafqazda Rusiyanın yeganə dayağı Ermənistandır. Ermənistanı itirmək Rusiya üçün bütövlükdə regiona təsir rıçaqlarını itirməsi deməkdir. Amma bu hal da Azərbaycanın əlini-qolunu yanına salmasına səbəb olmamalıdır. Biz beynəlxalq təşkilatlara və Qərbə Qarabağla bağlı doğru siyasi qərarlar vermələri üçün təzyiqləri artırmalıyıq. Hesab edirəm ki, Bakıda keçiriləcək ilk Avropa oyunlarından sonra bu istiqamətdə işlər gücləndiriləcək.

Tahir Cəfərli:
- Bu mümkün deyil. Gümrüdəki hadisəni də çox güman ki, Qərb kəşfiyyatları rus ordusunu Ermənistandan çıxmağa məcbur etmək məqsədilə təşkil ediblər. Ermənistan Rusiya üçün Şərqin qapısıdır. Ona görə də onun öz ordusunu oradan çıxarması bütövlükdə Qafqaza nəzarəti itirməsi deməkdir. Ermənistanda AES də var. Rusiya o texnologiyanın kiminsə əlinə keçməsini də istəməz. Əsas məsələ Rusiya ilə ABŞ-ın dünyanı yenidən bölüşdürməsindədir. Bu bölgüdə Qafqaz Rusiyanın nəzarətinə verilib. O da var ki, Rusiya Ermənistanın iqtisadi inkişafında da maraqlı deyil. Əksinə, müqaviləyə görə rus ordusunun xərclərini ermənilər ödəyir…

3. Rus hərbi gücünün Ermənistandan çıxarılacağı halda ABŞ, Avropa və onların patronajlığı altında olan beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını hərbi, yaxud sülh yoluyla azad etməsinə imkan verəcəkmi?

Zahid Oruc:
- Təhlili mövqedən doğan əla bir sualdır. Son dövrdə Azərbaycanda belə bir illüziya formalaşıb ki, Rusiya bu gün dağılsa, ertəsi gün Azərbaycan Qarabağı əldə edəcək. Bu, çox yanlış, fanatik düşüncələrdir. Əslində Rusiyanın hazırda Ukrayna üzərindən Qərbə verdiyi çağırış dünyanın hazırkı bölüşdürülməsindən narazılıq əlamətidir. Bu baxımdan Rusiya Ukrayna, Gürcüstan kimi Azərbaycanın da NATO-ya üzv olmasına razılıq verə bilməz. Biz bir tərəfdən hərbçilərimizin NATO təlimlərində müəyyən iştirakına hərbi inkişaf baxımından razı olsaq da, demək lazımdır ki, burada bir illüziya var. Çünki nə qədər ki, Rusiya amili var, istər Gürcüstan, istərsə də Azərbaycan NATO-ya üz ola bilməyəcəkdir. Və regiondakı dövlətlər, onların rəhbərliyi bu gerçəkliyi dərk edib, nə qədər tez qərar qəbul etsələr, öz xalqlarını bir o qədər faciələrdən hifz edə biləcəklər. Hər birimiz Rusiyanın keçmiş səhvlərinə görə onun ünvanına kəskin ittihamlarımızı yağdırmışıq. Amma onu da qəbul etməliyik ki, siyasət hər bir ölkə ilə normal münasibətlər qurmağı tələb eidr. Və Azərbaycan rəhbərliyi də belə bir siyasət həyata keçirməkdədir. Ona görə də Ermənistandan Rusiya qoşunlarının çıxması halında avtomatik oraya Qərb qüvvələrinin daxil olması və yaxud Azərbaycan və Gürcüstanın dərhal hansısa Qərb hərbi klubuna üzv ediləcəyi, hər iki ölkənin ərazi bütövlüyü, o cümlədən, Qarabağ məsələsinə ədalətli təsir göstərəcəyini düşünmək tam yanlışlıqdır. Yalnız ona görə ki, münaqişələrlə idarə etmək siyasətini Rusiya elə Qərbin özündən öyrənib. Region sərvətlərini sümürmək üçün Qarabağ münaqişəsi Rusiyaya nə qədər lazımdırsa, Qərb üçün də o dərəcədə əhəmiyyətlidir. Hələ bir az da çox. Ən azı, ötən dövr ərzində bunun şahidi olmuşuq. Ona görə də son illər Azərbaycan parlamentinin NATO ilə əlaqələr qrupunda yer almış bir şəxs kimi deyə bilərəm ki, Qərb ölkələri daxillərində gözəl infrastruktur qursalar da, müasir texnologiyaya malik müəyyən dərəcədə demokratik cəmiyyətlər yaratsalar da, xarici siyasətlərində son dərəcə möhtəkir, sümürgəçi, mənfəətpərəst, sonda hamını meydanda tək qoyub gedəndirlər. Məsələn, ABŞ-ın hər hansı bir regionda qalib başa vurduğu və davamlı sülhə nail olduğu bir müharibə, münaqişə olubmu? Bütün bunlara görə mən Rusiyanın indiki dövrdə müəyyən dərəcədə güclənməsinin beynəlxalq təhlükəsizlik sistemində balans yaratdığını düşünürəm. Nəinki əksinə. Bilirsiz ki, Azərbaycanda 10 adamdan 9-u anti-Rusiya mövqeyindədir. Və həmin ölkənin Ukraynadakı savaşda məğlub olmasını arzulayaraq, bunu Qarabağın azadlığının bir yolu hesab edirlər. Ancaq belə düşünənlər onu nəzərə almırlar ki, Qərbin qarşısında Rusiyanı dayanmayacağı təqdirdə regionda yeni jandarm mövqeyindən çıxış edəcək həmin Qərb dairələri Qarabağı bizə verməyəcəklər…

Üzeyir Cəfərov:
- Azərbaycan bu gün də torpaqlarını azad etmək üçün anti-terror əməliyyatına başlasa, həmin güclər üzr istəyirəm, donquldanmaqdan savayı bir şey edə bilməyəcəklər. Ona görə ki, bu, Ukrayna ilə bağlı məsələdə də göründü. BMT-nin məlum qətnamələrini heç kəs qüvvədən salmayıb. Və həmin beynəlxalq sənədlər imkan verir ki, Azərbaycan sərbəst şəkildə öz ərazi bütövlüyünü bərpa etmək üçün anti-terror əməliyyatı keçirsin. Bu gün Ukraynadakı anti-terror əməliyyatını başda ABŞ olmaqla, bütün dünya dəstəkləyir. Odur ki, inanmıram ki, Qarabağı azad etmək üçün hərbi əməliyyatlar keçirəcəyimiz təqdirdə bizə Qərb tərəfindən ciddi təzyiqlər olsun.

Tahir Cəfərli:
- Nə BMT, nə ATƏT, nə də AŞ Qarabağı azad etmək üçün bizə heç vaxt şərait yaratmayacaqlar. Əvvəla, ermənilər xristiandır, biz isə müsəlmanıq. Ermənilər Qərbdə elə bir təbliğat aparıblar ki, amerikalılar, avropalılar biz azərbaycanlı müsəlmanların xristian erməniləri qırdığını düşünürlər. Bəzən sual verirlər ki, birinci xanım Mehriban Əliyeva nəyə görə Fransa, İngiltərə, yaxud İtaliyaya tez-tez səfərlər edir. Bu səfərlərin məqsədi Avropada, dünyada Azərbaycan xalqının vəhşi, təcavüzkar deyil, müasir və mədəni bir xalq olduğunu təbliğ etməkdir.

Əslində 1992-ci ildə Qarabağ məsələsini ATƏT-in himayəsinə verməklə, Azərbaycanın daxili problemini beynəlxalq müstəviyə çıxaranlar Azərbaycan xalqının düşmənləridir. ATƏT, sadəcə, Qərblə Rusiya arasında tarazlığı saxlamaq üçün mövcuddur. Çünki hər ikisinin marağı var, Qərbin Qafqaza girmək, Rusiyanın isə Qafqazda qalmaq marağı… Biz məsələni həll etmək istəyiriksə, ATƏT-dən uzaqlaşmalı Rusiya ilə strateji yaxınlığı gücləndirməliyik...

Geri dön