Ana Sayfa > Xəbər > Prezident İlham Əliyev Böyük Britaniya baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Böyük Britaniya baş naziri ilə görüşüb


12-11-2024, 20:36. Yazar: admin


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunun Britaniya baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd edib. Bildirib ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik edib.

İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın COP29-un təşkili ilə əlaqədar vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün təşkilati işlərin həyata keçirildiyini deyib. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin olduğunu bildirib. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət addım kimi qiymətləndirib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb, bp-nin sərmayələri ilə Cəbrayılda Günəş panel stansiyasının tikintisi layihəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olan "Səngəçal"da istifadə edilən enerjinin bərpaolunan enerjiyə keçidini və dekarbonizasiyasını təmin edəcək.

Söhbət zamanı Böyük Britaniyanın Azərbaycanda minaların təmizlənməsi işinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

Prezident İlham Əliyev Böyük Britaniya baş naziri ilə görüşüb

Amma bütün bunlarla yanaşı, dövlətimizin başçısı Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirib.

Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Geri dön