Ana Sayfa > Xəbər > Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə keçirilir - FOTO
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə keçirilir - FOTO7-02-2024, 09:50. Yazar: admin |
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkilərində səsvermədə iştirak edib. APA-nın Moskva müxbiri xəbər verir ki, səfir qeyd edib ki, suveren respublikanın bütün tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir. “Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir. Moskva ilə Bakı arasındakı saat fərqini nəzərə alaraq, Bakıda səsvermə başlayıb. Xankəndi və Xocalıda, şəhərlərimizin bir çoxunda səsvermə gedir. Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib. Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb. APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın Voznesenski döngəsi 15 ünvanında yerləşən 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 42 və 43 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb. Moskva və Moskva ətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər. Qeyd edək ki, Rusiyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkilərində səsvermə hüququndan istifadə edə bilmələri üçün təkcə Moskvadakı səfirliyimizdə deyil, ölkəmizin Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. Rusiyanın Şimal Qərb federal dairəsinə daxil olan regionlarda yaşayan Azərbaycan vətəndaşları Sankt-Peterburqdakı, Ural, Sibir və Uzaq Şərq dairəsinə daxil olan regionlarda yaşayan vətəndaşlarımız isə Yekaterinburqdakı Baş konsulluqlarımızda açılan seçki məntəqələrində səsvermədə iştirak edirlər. Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərən seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi 15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5. Geri dön |