Ana Sayfa > Xəbər > “Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq

“Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq


3-10-2023, 21:57. Yazar: admin


Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərkosmos və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

"APA-Economics" xəbər verir ki, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından da yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək.

Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də Azərkosmosa dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.

Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib: “Bu layihə həm Azərkosmos, həm də “İsrael Aerospace Industries” şirkəti üçün unikal xarakter daşıyır və şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm. İmzalan müqavilənin dəyəri kommersiya sirri olduğu üçün açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, peyklərin dəyəri ucuzdur".

“Israel Aerospace Industries” şirkəti olaraq biz bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edirik və ölkələrimizin qarşılıqlı mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmlənməsinə çalışacağıq”, – deyə İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.

“IAI” proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.
Geri dön