Ana Sayfa > Xəbər > Ağzını tikərək, aclıq edən məhkumun anasından ürəkparçalayan müraciət…
Ağzını tikərək, aclıq edən məhkumun anasından ürəkparçalayan müraciət…13-03-2015, 17:55. Yazar: admin |
“Oğlum Elşən Paşayev martın 2-dən 1 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək, aclıq edir. Onun vəziyyəti çox ağırdır. Penitensiar Xidmət oğlumun sağlamlıq durumu ilə bağlı məlumat vermir. Məni oğlumla görüşə buraxmırlar”. Bu barədə məhbus Elşən Paşayevin anası Lida Mirzəliyeva Turan-a bildirib. Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O, 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib. E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Lida Mirzəyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. “Ölüxananın (morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”, - deyə o, qeyd edib. Penitensiar Xidmət Turan-ın sorğusuna cavabda bildirir ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib: “Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”. Öz növbəsində Lida Mirzəyeva Penitensiar Xidmətin Elşən Paşayevin aclıq etməməsi və sağlamlıq durumunun normal olması ilə bağlı məlumatının düzgün olmadığını bildirir: “Oğluma tibbi yardım edilib-edilməməsi barədə də məlumat vermirlər. Xahiş edirəm ki, oğlumla görüşümə şərait yaratsınlar, ona yalvarım aclığı dayandırsın, ölməsin”. O, ailəsinin vəkil tutmağa imkanının olmadığını, oğlu həbs ediləndən sonra özünün və qızının xəstəlik tapdığını deyib: “Oğlum şərlənərək, həbsdə olduğu 10 il müddətində 47 dəfə baş prokurorun qəbulunda olmuşam. Qızımla birgə özümüzü yandırmışıq. Venalarımızı kəsmişik, mənim venama 67, qızımın venasına 18 tikiş qoyulub”. Ana oğlunun günahının olmadığını və işə yenidən baxılmasını vacib sayır: “Hökumətdən, Azərbaycanın qeyrətli analarından, sözü keçən xanımlarından acizanə xahiş edirəm ki, oğlumun ölümdən xilasında mənə dəstək olsunlar”. Martın 13-də məhbusun anası Lida Mirzəliyeva musavat.com-a telefon açaraq, oğlunun nə öldüsündən, nə qaldısından xəbərinin olmadığını bildirib və acizanə şəkildə kömək istəyib: “Mətbuat işçilərindən, əlaqədar təşkilatlardan, rəsmi qurumlardan yalvararaq, kömək istəyirəm. Qurban olum sizə, mənə oğlumdan bir xəbər verin. Özüm hazırda bərk xəstəyəm, sizə xəstəxanadan zəng edirəm. Elşən martın 3-dən aclıq edir. Penitensiar Xidmətdən təkzib veriblər, amma yalandır. Mənim oğlumun danışığının audioyazısı da var. Qardaşı ilə telefon danışığında deyib ki, aclığa başlamışam. Bizə zülm edirlər. Nə oğlumla görüşə icazə vermirlər, nə də telefonla danımağa... Deyirəm, heç olmasa, telefona bir dəfə gətirin, desin ki, mən sağam, aclıq etmirəm, onda inanım”. L.Mirzəliyeva dedi ki, oğlunu şərləyərək, tutublar: “1 saylı cəzaçəkmə müəssisəsinin rəisi hər dəfə bizi çox aqresiya ilə qarşılayır. Elə vəziyyət yaradır ki, biz ona cavab verək, nəsə pislik eləsin. Ombudsmana da müraciət etmişəm ki, oğlumla maraqlansın, cavabını gözləyirəm. Mənim oğlumu gözümüzün qabağında məhv edirlər. Martın 10-da heç bir günahı olmadığı halda, həbsinin 10 ili tamam oldu. 6 dəfə cəza növunün dəyişdirilməsi üçün müraciət etmişik, heç bir köməklik etmirlər. Mən bütün Azərbaycan analarına müraciət edirəm ki, səsimə səs versinlər. Bəlkə ədalətli insanlardan bizə kömək gələ... Mən müxalifətdə olduğuma görə övladımın başına bu iş gətirilib”. Məsələ ilə bağlı bir daha Penitinsiar Xidmətə müraciət etdik. Bu qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a bildirdilər ki, müraciətlərin cavablandırıması qaydalara uyğun reallaşır: “Bura ciddi rejimli məssisədir, müvafiq qaydalara uyğun görüş verilir. Məhkumun anası rəsmi müraciət etsin. Həmçinin rəhbərliyin qəbuluna da yazılıb, gələ bilər”. Şöbədən bir daha bildirildi ki, E.Paşayev aclıq aksiyası keçirmir və onunla bağlı yayılan xəbər yalnız şayiədir. Geri dön |