Ana Sayfa > Xəbər > Putin Paşinyanın yaxasın buraxacaqmı?.. - YOXSA...

Putin Paşinyanın yaxasın buraxacaqmı?.. - YOXSA...


13-06-2023, 08:55. Yazar: admin
Putin Paşinyanın yaxasın buraxacaqmı?.. - YOXSA...

İyunun 9-da Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb, Bakı-İrəvan təmasları, əldə olunan razılıqlar barədə müzakirələr aparılıb. Ekspertlərə görə, müzakirələrin üçtərəfli formatdakı aspektlərini qeyd etməkdən ötrü Azərbaycan-Ermənistan sərhədindəki insidentlərə, Moskva-İrəvan arasındakı gərginliyə, Azərbaycanla Ermənistan arasındakı həll olunmamış məsələlər səbəbilə regional səhnədə yaranan “tamaşa”lara baxmaq lazımdır.
DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan Rusiya və NATO arasındakı gərgin münasibətlər sisteminə özünün balanslı xarici siyasət doktrinasını yerləşdirib və bu davranış regional gərginliyi xəfiflədə biləcək xarakterə malikdir: "Rusiya Ukrayna müharibəsində taktiki uğursuzluqlar yaşayır və gələcəkdə strateji məğlubiyyətlə üzləşmək riski yarananda heyfini başqa regionlardan çıxmağa çalışacaq və nəzərə alaq ki, İrəvan Moskvanın hədəfindədir. Ermənistan Qərblə Rusiyanın strateji müharibəsinin ortasında əzilir, nə balans yarada bilir, nə də birtərəfli xarici siyasət vərdişləri ilə uğur qazanır, üstəgəl, Bakının genişlənmiş təzyiqləri ilə üzləşir. Paşinyan Putinlə görüşərkən Rusiyadan pərdəarxası vədlər almaq istəyir, bunun müqabilində Moskvanın nüfuz dairəsini genişləndirə biləcək siyasi kurs yürüdəcəyinə söz verir. Buraya KTMT qüvvələrinin regiona gəlişinə zəmin hazırlamaq cəhdləri də daxildir. Məsələ burasındadır ki, Ermənistanın siyasi təsir vasitələri yoxdur, yürüdə biləcəyi kurs hansı istiqamətə gedirsə-getsin, özünə qarşı təzyiq oxuna çevrilir. Ermənistan sülh obrazına gələ bilmir, çünki siyasətinin tərəzisini gah Qərbə, gah da Rusiyaya doğru əyir, etibarlı təhlükəsizlik üzrə tərəfdaş olmaq statusu qazanmır".
Analitik qeyd edib ki, Paşinyan bunları bilə-bilə Putinlə görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin hüquqları məsələsini Kremlin paketinə daxil etməyə çalışır: "Bundan Rusiyanın təlimatlarının qoxusu da gəlir. Çünki qeyd etdiyimiz kimi, Moskva Ukraynadakı müharibə səbəbilə özünün nüfuz zolağı kimi baxdığı postsovet məkanında imperiya obrazını göstərmək həvəsindədir. Hərçənd Ermənistanın cəzalandırılması perspektivi Kremlin mətbəxində bişməkdədir, Paşinyan bundan çoxdan duyuq düşüb. Buna görə də Rusiyanın hərbi aktivliyini artıra biləcək və strateji maraqlarını yaşadacaq mövqeləri Qarabağdakı ermənilər kontekstinin daxilində tutur və Moskvaya “əlimdən yapış” yalvarışını edir. Paşinyan Putinlə görüşdə Laçın yolunu dəhliz kimi kateqoriyalaşdırmaq, Qarabağdakı ermənilərin humanitar vəziyyətini dramatikləşdirmək cəhdi ilə Azərbaycanla sülh danışıqlarının nəticələrini dəyişdirmək arzusunu büruzə verir. Ancaq qatar gedib, artıq Rusiya da, Qərb də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyır, elə Paşinyan özü də bu yaxınlarda İrəvanın iddialarından imtina etdiyini Azərbaycanın ərazi bütövlüyünü tanımaqla və onun ölçüsünü göstərməklə üzə çıxardı. Qarabağdakı açıq qalan məsələlərin tənzimlənməsinin bazası 10 Noyabr Bəyanatıdır, məntiqlə, Ermənistan prosesdən kənarlaşdırıldığına görə, Bakı ilə Moskvanın verəcəyi qərarlardan çox şey asılıdır. Qərb Bakı-Moskva xəttindəki danışıqların arasında özünün məntiqini yerləşdirir, bu, Azərbaycan üçün o mənada sərfəlidir ki, Rusiyanın ambisiyalarını neytrallaşdıran tərəfdaş qazanır".
A.Kərimov vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədindəki delimitasiya paketi isə geniş çərçivələrə malikdir, bunun böyük regional təsirləri var: "Delimitasiya Bakının regional xəritələrə nüfuz edəcək diktələri fonunda Rusiya-Qərb qarşıdurması, Fransanın ikibaşlı oyunları, İranın tövrü vəziyyəti mürəkkəbləşdirir. Qərb üçün delimitasiya mövzusunun konteksti öz maraqlarını yüksəldəcək texniki prosedur kimi nəzərə çarpır, Rusiyadan ötrü isə regional təsirlərini şişirtməkdən ötrü cəzalandırma mexanizmi tərtib etmək mənasına malikdir. Azərbaycan geostrateji qarşıdurmanın törədə biləcəyi fəsadları proqnozlaşdıra bilər, ancaq bu dəqiqləşir ki, Bakı perspektivdə təhlükəni böyük miqyasda qabaqlamaq üçün Ermənistana qarşı təzyiqlərinin xarakterində yeniliklər edəcək".

Geri dön