Ana Sayfa > Xəbər > Zəngəzur dəhlizi TƏHLÜKƏSİZ OLACAQMI? - AKTUAL
Zəngəzur dəhlizi TƏHLÜKƏSİZ OLACAQMI? - AKTUAL10-06-2023, 10:49. Yazar: admin |
Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalar ilə bağlı bir çox məsələlərdə razılığa gəliblər. Qeyd edək ki, iyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında üçtərəfli görüş keçirilib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata açıqlamasında qeyd edib ki, tərəflər Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun açılması, o cümlədən yüklərin daşınmasında gömrük nəzarətinin tənzimlənməsi ilə bağlı məsələlərdə ümumi razılığa gəliblər. "Prinsial olaraq mətn yüksək səviyyədə hazırlanıb. İki-üç uyğunsuzluq var ki, onlar üçün əlavə müzakirəyə ehtiyac var. Əsas məqam dəmir yolunun keçəcəyi coğrafi hissədir. Biz bunu elan etdik. Həmçinin, gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik”, - Overçuk bildirib. Overçuk, həmçinin bildirib ki, bütün tərəflər regional kommunikasiyaların açılması istiqamətində zəruri və lazımi addımlar atmaqla bağlı qərara gəliblər. Ümumiyyətlə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında keçirilən son üçtərəfli görüşdə hansı prinsipal məsələlər müzakirə olunub? Növbəti danışıqlarda avtomobil yolunun çəkilməsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəsmilərinin son görüşündə müzakirə olunan prinsipal məsələlər birbaşa nəqliyyat kommunikasiyaların layihələşdirilməsi, münasib infrastrukturun qurulması və gömrük məntəqələrinin qurulması ilə bağlı olub: “Regionda gərginliyin azalması və sabitliyin təmin olunması üçün Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası olunması ilə bərabər, hər iki dövlət arasında nəqliyyat kommunikasiyaların açılması da vacibdir. Bu istiqamətində addımların atılması xalqlararası qarşılıqlı etimadın yaranmasına müsbət təsir göstərəcək. Üç dövlətin rəsmilərinin son görüşündə dəmiryol xəttinin çəkilməsi və bu dəmir yolu ətrafında infrastrukturun qurulması, eləcə də buna mane ola biləcək problemlərin aradan qalxması ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Artıq tərəflər bu məsələdə ümumi razılığa da gəliblər. Tərəflər arasında keçirilən görüşlərdə təkcə dəmir yolu yox, həmçinin avtombil marşrut yolu da ehtiva olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bütün hallarda hər iki marşrut yolu məlum Zəngəzur dəhlizi vasitəsilə həyata keçəcək. İndiyə qədər Azərbaycandan Naxçıvana gedən yol İran ərazisindən keçirdi. Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə Azərbaycan vətəndaşları Naxçıvana getmək üçün İranın quru yollarından istifadə etməyə ehtiyac duymayacaqlar. Bura tranzit daşımaları da daxildir. Məhz bu səbəblərə görə, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və buna hər vəchlə mane olmağa çalışır. İran öz maddi vəsaitlərinin itirilməsindən narahatdır”. Ekspert əlavə edib ki, Rusiya, Türkiyə, Çin və Mərkəzi Asiyanın ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Belə olan halda İran hakimiyyətinin dəhliz ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə ehtiyacı var”. Politoloqun fikrincə, Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların təhlükəsizliyinə yalnız Rusiya zəmanət verə bilər. “Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya olunmayana qədər nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatında ciddi problemlər yaranacaq. Həmin kommunikasiyaların təhlükəsizliyinə ancaq Rusiya cavabdehlik daşıya bilər. Əlbəttə, ABŞ və Avropa İttifaqının təzyiqi ilə Ermənistan kommunikasiyaların təhlükəsizliyinin təminatında beynəlxalq güclərin təmsil olunmasını istəyir. Lakin Ermənistanın da imzaladığı üçtərəfli noyabr bəyanatında qeyd olunur ki, kommunikasiya xətlərinə məhz Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək. Ermənistan üçtərəfli Bəyanatın pozulmasına çalışır. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin erməni sərhədçilərinin nəzarətinə verilməsinə imkan verməyəcək. 44 günlük Vətən müharibəsində ordumuz ona görə mübarizə aparmayıb ki, Zəngəzur dəhlizi birbaşa Ermənistanın nəzarətinə verilsin. Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya sərhədçilərinin zəmanət verməsi həm Azərbaycan, həm də Ermənistanı qane edə bilər. Bu, yalnız Rusiyanın bölgədəki geosiyasi nüfuzundan narahat olan ABŞ və Avropa İttifaqını qane etmir”. Azərbaycan tərəfdə gömrük postlarının Rusiyanın nəzarətində olub-olmayacağı ilə bağlı suala E.Manafov bu cür cavab verib: “Bu məsələdə son qərarı Azərbaycanın dövlət rəhbəri verəcək. Dövlətimiz tərəfindən veriləcək qərar kommunikasiyaların layihələşdirilməsində öz əksini tapacaq”. Geri dön |