Ana Sayfa > Xəbər > Əliyevlə Paşinyan mövqeləri yaxınlaşdırmağa çalışırlar - “Nezavisimaya qazeta”

Əliyevlə Paşinyan mövqeləri yaxınlaşdırmağa çalışırlar - “Nezavisimaya qazeta”


15-05-2023, 13:50. Yazar: admin
Əliyevlə Paşinyan mövqeləri yaxınlaşdırmağa çalışırlar - “Nezavisimaya qazeta”

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların növbəti raundu keçirilib. Danışıqların mövzusu Ermənistan-Azərbaycan dövlətlərarası münasibətləri və sülh müqaviləsidir. Eyni zamanda, İrəvanda Ermənistan Müdafiə Nazirliyi xarici ölkələrin akkreditə olunmuş səfirliklərinin hərbi attaşelərinə ölkənin Qeqarkunik rayonunda Ermənistan-Azərbaycan sərhədində iki günlük döyüşlərin şəklini təqdim edib.

Bu barədə “Nezavisimaya qazeta” (NG) yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Yaranmış ənənəyə görə, Əliyevlə Paşinyanın Brüsseldə konkret nədən danışdıqları bu günlərin birində məlum olacaq. Şənbə günü axşam Şarl Mişel Nikol Paşinyanla, bazar günü səhər isə İlham Əliyevlə görüşüb. Bu ayrı-ayrı görüşlər zamanı, rəsmi açıqlamaya görə, Avropa Şurasının rəhbəri qonaqlarla regional vəziyyəti, o cümlədən Ermənistanın Geqarkunik bölgəsində sərhəddə vəziyyətin gərginləşməsini, həmçinin Qarabağın dağlıq hissəsinin blokadası ilə bağlı məsələləri müzakirə edib.

İyunun 1-də Əliyev və Paşinyanın Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində yenidən görüşəcəyi artıq məlumdur. Onların Moldova paytaxtında danışıqları Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçiriləcək.

Nə Bakıda, nə də İrəvanda Brüssel görüşündən xüsusi müsbət gözləntilər vardı. Azərbaycan tərəfi hətta etimadsızlıq ifadə edib, onun fikrincə, Ermənistan sülh müqaviləsi bağlamaq üçün real hazırlıq və istək nümayiş etdirmir. Azərbaycanın ekspert ictimaiyyətində belə bir fikir hökm sürür ki, Ermənistan danışıqları imitasiya edərək, əslində revanşist planlar qurur və doğru anı gözləyir.

Bu barədə Cənubi Qafqaz politologiya klubunun rəhbəri İlqar Vəlizadə sosial şəbəkələrdə yazıb.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov isə daha sərt danışıb. Onun fikrincə, Ermənistan 44 günlük müharibənin dərslərini həmişə xatırlamalı və Azərbaycanın imkanlarını qiymətləndirməməkdən əl çəkməlidir.

Erməni politoloq Areq Koçinyan Azərbaycanın maksimalizmini danışıqlar prosesində əsas maneə adlandırır. “Bakı müharibədəki qələbədən məst olub və hər şeyi bir anda əldə etmək istəyir. Belə bir xətt həll olunmamış məsələlərin – “Artsax”ın statusunun və oradakı ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatlarının müzakirəsinə xələl gətirir”.

Koçinyanın fikrincə, insanların müdafiəsi hüququ ilə hansısa mexanizmin yaradılması optimal olardı.

Onun həmkarı Tiqran Qriqoryan hesab edir ki, Ermənistanla Azərbaycan arasında ciddi fikir ayrılıqlarına görə qarşıdan gələn bütün danışıqlar çətin ki, konkret nəticə versin və yaxşı olardı ki, bütün bu yüksək səviyyəli görüşlər hansısa yolla tərəflərin mövqelərini yaxınlaşdırsın. Əsas problem Qarabağ və 2021-ci ilin mayından Ermənistan ərazisində olan Azərbaycan qoşunlarıdır.

Qriqoryan bildirib: “Ermənistan dövlət sərhədlərinin SSRİ-nin son illərinin xəritələrinə görə tanınmasını tələb edir. Azərbaycan öz şərtləri ilə delimitasiyada israrlıdır. Ola bilsin ki, vasitəçilər Bakının mövqeyini yumşalda bilsinlər. Amma düşünürəm ki, bu, mümkün deyil”.

Brüssel danışıqları ərəfəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib ki, Moskva iki il əvvəl Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmış üçtərəfli sazişlərə sadiqdir.

Peskov deyib: “Biz ondan çıxış edirik ki, onlar həll üçün mübahisəsiz əsasdır. Razılaşmaya nail olmaq üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik”.

O, Rusiya ilə Ermənistan arasında münasibətlərin parlaq gələcəyinin olduğunu vurğulayıb: “Onlar dərin, tarixi kökləri olan tərəfdaşlıq, xüsusi əlaqələr kimi inkişaf etməkdə davam edir”.

Xatırladaq ki, artıq mayın 19-da Moskvada Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov arasında danışıqlar aparılacaq.

Bakı ilə İrəvan arasında əsas ziddiyyətlər Qarabağa və sovet dövründə Ermənistandakı Azərbaycan anklavları olan səkkiz kəndə aiddir. Bakı rəsmi İrəvandan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi qeyd-şərtsiz tanınmasını tələb edir. O, həm də Dağlıq Qarabağla bağlı bütün məsələləri təkbaşına həll etmək istəyir.

İrəvan da öz növbəsində israr edir ki, Bakı ilə Xankəndi arasında dialoq beynəlxalq qurumların nəzarəti altında aparılsın. Bundan əlavə, İrəvan Bakının yuxarıda qeyd olunduğu kimi Ermənistanın anklavı olan səkkiz kəndi tərk etməsinə çalışır. Bakı isə “sovet inzibati bölgüsü”nü bərpa etməyə çalışır.

Reyting.az

Geri dön