Ana Sayfa > Xəbər > Qafqazda sülhün tək yolu – Türk-Rus razılaşması
Qafqazda sülhün tək yolu – Türk-Rus razılaşması21-05-2015, 10:18. Yazar: admin |
“Ötən on illər ərzində Cənub Qafqazda xüsusilə də Azərbaycanın neft-qaz resursları və siyasi tərəfdaşlığı, Qərblə yaxınlaşması fonunda bölgədə geosiyasi vəziyyət dəyişib. Bu isə keçmişdə çox mühüm ideyalar kimi irəli sürülmüş məsələləri təkrar gündəmə gətirməyi zəruri edir”. Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib. O, bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün tapılması üçün Rusiya Türkiyə ilə razılaşmaya getməlidir: “1999-cu ildə ATƏT-in İstanbul sammiti zamanı Heydər Əliyev regionun təhlükəsizliyi və gələcəyi üçün çox mühüm bir təkliflə çıxış etmişdi. Bunun adı “Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq” paktı idi. Burada Türkiyə və Rusiyanın yer aldığı bir format nəzərdə tutulur, Ermənistan-Azərbaycan konflikti də daxil olmaqla bölgənin gələcəyinə dair bu ölkələrin bir anlaşmaya getməsi istənilirdi. Sonradan hətta Qərbin də bu formatda müəyyən bir variantda iştirakı da vurğulanmışdı. Hesab edirəm ki, bu məsələni bir daha Rusiya və Türkiyə rəhbərləri qarşısında qaldırmalıyıq. Onlar bölgəyə dair razılaşmaya getməli, qarşılıqlı maraqlar tanınmalıdır. Türkiyə Azərbaycanın, Rusiya isə Ermənistanın yanında olmaq istəyir. Bunu heç kəs süngü ilə qarşılamır, qoy olsun. Beynəlxalq siyasət bu cür müttəfiqlik hadisələri ilə doludur. Bununla bərabər Azərbaycan və Ermənistan arasında sülhün tapılması üçün Rusiya Türkiyə ilə razılaşmaya getməlidir. Ona görə də bu məsələni təkrar yaddaşlara gətirməklə, eyni zamanda, siyasi qüvvələr, dövlət rəsmiləri, hakimiyyət institutlarının bu ideyanı tirajlamasını, beynəlxalq danışıqlarda irəliyə sürməsini və bütün bu müqavilələrinin əslində belə ideyalardan başlandığının nəzərə almasını istəyirəm. Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün hara gedilsə, nə qədər dövlətlərlə ünsiyyət qurulsa, Minsk Qrupları yaradılsa da, ən sonda Türkiyə və Rusiya müəyyən bir ortaq nöqtəyə gəlməlidir. Mən bunun şərtlərini irəli sürmək istəmirəm. Ola bilsin Azərbaycan həmin müqavilədə İrəvana iddia etməyəcəyini ortaya qoysun, Ermənistan da həm Qarabağ ermənilərinə, həm də bütövlükdə bölgədəki təhlükəsizlik məsələlərinə Azərbaycandan sığortalar alsın, o cümlədən Rusiya və Türkiyənin də maraqlarını ehtiva edən elə bir məsələ tapılsın ki, bölgəyə dair bir sənəd imzalansın”. Geri dön |