Ana Sayfa > Xəbər > Xalq şairi: “Bir sira xətalarım şüurlu olub...”

Xalq şairi: “Bir sira xətalarım şüurlu olub...”


21-05-2015, 09:42. Yazar: admin
Xalq şairi: “Bir sira xətalarım şüurlu olub...”
Sabir Rüstəmxanlı bu gün ömrünün 69-cu baharını yaşayır. Yaşının 70-nə gedən yola bir addım – bir gün qalmış onunla görüşdüm. Sədri olduğu VHP-dəki iş otağında idi. Əslində, fikrim onu kabinetdən uzaqlaşdırmaq, təbiətin qoynunda söhbət etmək idi. Lakin ad gününə 1 gün qalmış onu təbrikə gələn dostlarının və müsahibə götürmək istəyən jurnalistlərin çoxluğu bu fikrimizi gerçək etməyi sonraya saxladı. Deyəsən heç özü də bunu istəmirdi, qabaqcadan danışılsaydı, yenə də...

Nə isə diktofonun “start” düyməsi sıxıram.

Yaşa dolduğunu, qocaldığını, finiş xəttinə...

- Sabir bəy, 70 yaşın həndəvərində özünüzü necə hiss edirsiz?

- Ən əsas odur ki, inanmıram 70-ə yaxınlaşdığıma. Yaş adamın sirrini açır. Görünür, elə bu dünyanın və insan həyatının sirlərindən biri də budur ki, insan yaşa dolduğunu, qocaldığını, finiş xəttinə yaxınlaşdığını heç vaxt hiss eləmir.

- Finiş nədir, maşallah 69 yaşında starta dururmuş kimi görünürsüz. Amma deyim, sizin cavanlıq illərinin yaradıcılığında qocalığı və ahıllığı daha çox görmək olar, nəinki son dövrlərin.

- “Ədəbiyyat qəzeti”nin sonuncu sayındakı şeirlərimi oxudun?

- Yox, alaram..

- Hə, al bax. Orda “Ad günüm” şeirində deyirəm ki... yox, yaxşısı budur, al oxu. Doğrusu, mən hər il bu günlər şəhərdən çıxıram. Suallar çox olur, müsahibə götürürlər, qalıb bu məsələ haqda danışmaq istəmirəm. Hər beş ildən bir yaradıcılıq günü keçirdirəm. 60, 65 yaşlarımda da olub, gələn il də 70 yaşımın tamamında olacaq.

- Elə bu il də o baxımdan aktiv olduz. Siyasətdən çox ədəbiyyatın içində göründünüz.

- Təhsil nazirinin düşünülmüş və ölkənin ümumi təhsil sistemi üçün çox ciddi xeyirli nəticələri ola biləcək bir sərəncamı var. Məktəblərdə bədii ədəbiyyatın, kitabın, kitab oxumağın əhəmiyyətini göstərən yaradıcı adamlarla görüşlərə rəvac verən bu sərəncama uyğun olaraq da görüşlər keçirilir. Son vaxtlar məni bir neçə görüşə çağırıblar. İkisində də sən iştirak elmisən. Məncə, bir az unudulmuş ənənədir və o ənənəni bərpa eləmək lazımdı.

Çınqı düşər insanın ürəyinə

- Yadıma gəlir, həm televiziyada göstərilən, həm də ayrı-ayrı müəssisələrdə bir neçə şairi dəvət edib görüşlər keçirilirdi. O dövrün görüşləri ilə bu görüşlər arasında fərq hiss olunur?

- Balaxanıdakı 259 saylı məktəbdəki görüşü çox bəyəndim. Şagirdlərin fəallığı elə mənə həmin illəri xatırlatdı. Verdikləri suallar da maraqlı idi. Hiss olunur ki, məktəbin direktoru, ədəbiyyat müəllimləri özləri müasir ədəbiyyatla ciddi maraqlanır, uşaqlara da onu aşılaya bilirlər. Şeirləri də çox gözəl oxudular. Elə məktəblər də var idi ki, görürdüm, şagirdlərin müasir ədəbiyyatla əlaqələri üzülüb, əlaqə yoxdur. Millət istedadlı millətdi. Onlara sadəcə ədəbiyyatı sevdirmək lazımdı. Sevdirsən, bir çınqı düşər insanın ürəyinə və sonra o çınqı alova dönər, bir daha sönməz. Ədəbiyyat sevgisi, kitab sevgisi belədir, ilk addım atılır, sonra qalanını uşaqlar özləri idarə eləyirlər.

Ortada bir məğlubiyyət var

- Ədəbiyyata, ötənlərlə müqayisədə maraq bir az azalmışdı, amma “heç vaxt maraq olmayıb” demək də olmaz. Kitaba, şeirə, ədəbiyyata dəqiq və gözəl bilirsiz ki, sevgi heç vaxt azalmayıb. Vətənpərvərlik ruhunda yazdığınız əsərlərdən yaranan sevgi niyə axı indiki zamanda oxucularımızda vətənə olan sevgini əvvəlki kimi qabarıq göstərə bilmir?

- Ortada bir məğlubiyyət var. Qarabağ savaşını müvəqqəti də olsa, uduzmağımız var. Mən bunun hesabatını özümə verirəm. Fikirləşirəm ki, mən “Ömür kitabı”yla gənclərin və o nəslin vətənpərvərlik duyğularını, deyək ki, zirvəyə qaldırdım və onlar da məni bir millət sevgisinin zirvəsinə yüksəldib. Tək-tək adamlar o qədər kütləvi bir sevgi qazanıb ki... 7-dən 70-ə hər kəs səni öz böyüyü, övladı, qardaşı, yaxını kimi qəbul eləyir. Amma bunun sonrası, yəni verdiyimiz o atəş nəticə etibarı ilə o hadisələri gətirdi, Azərbaycana müstəqillik qazandırdı. Əslində, orda da ədəbiyyatın böyük rolu var. Amma sonra bir məğlubiyyət, torpaq itkisi və bizdən sonrakı nəsillər bütün bu itkilərdə bizi də günahkar sayır. Valideyn kimi, böyük kimi, o vaxtın siyasi həyatında rolu olan meydan hərəkatının liderləri, təşkilatçıları, o vaxtki mətbuat orqanının başçısı kimi və nəhayət millət vəkili kimi bütün bunların hamısı nəticəyə hesablanır da. Nəticə etibarıyla biz uduzmamışıq, deyək ki, Rusiyanın yardımıyla Ermənistan bizim torpaqlarımızı müvəqqəti olaraq işğal eləyib. Bu, nəticə deyil, nəticə sonra görünəcək. Amma hər halda qisa müddətdə olsa da, ortada belə bir reallıq var. Reallıq bütövlüklə ədəbiyyata olan marağı azaldır.

- Rusiyanın və yaxud digər ölkələrin köməyi ilə Ermənistanın bizi üstələməsini necə izah etmək olar bəs?

- Bu, Rusiyanın siyasi-coğrafi strategiyasi, bir coğrafi yolu var ki, bunun kökü, təməli çox dərindədir. Bunun təməli I Pyotrdan gəlir. Onlar ermənilərə həm özlərinin din qardaşları, həm də siyasi müttəfiqləri kimi baxır. Cənubi Qafqazda Ermənistan Rusiyanın etibarlı dayağıdır. Azərbaycan nə qədər ürəyini versə, sərvətini versə,- verib də,- Sovet dönəmində müharibəni bizim neftlə udmuşuq, buna baxmayaraq, erməniyə münasibəti bizdən fərqlidir. Sırf din amili var. Amma görünür, orda da müəyyən bir şeylər var. Ermənistana bir balaca da islam dövlətinin arasında qalmış bir region kimi baxırlar. Bir azca da incidilmiş. Azərbaycan isə Qacar tayfalarının idarə etdiyi indiki İran kimi nəhəng bir dövlət idi. Rusiya ilə daimi savaşıblar.

200 il tarix üçün nədir ki?

- 200 il qabaq Rusiya və İran arasında Türkmənçay, Gülüstan müqaviləsi bağlanıb, torpaqlrımız parçalanıb, bu millət elə uduza-uduza gedib, amma siz həmişə millətin böyüklüyündən danışırsız. Son iki əsrdə ancaq uduzuruq. Qabaqlar da qələbələr sual altda olub.

- Nəticə etibarı ilə bütün fəthlərin və bütün işğalların sonu ondan imtinadır. Bütün imperiyalar böyük sərkərdələrin idarəsilə qurulub və bütün imperiyalar dağılıb. Çingiz xanın imperiyası da dağılıb, min ilin qəhrəman sərkərdəsi idi. Əmir Teymurun imperiyası da elə. Şah İsmayıl Xətainin və Osmanlı imperiyası, Avropa imperatorluqları da dağılıb. İngilislər az qala dünyanın yarısını işğal etmişdi. Və bu dağılmaların çoxunun nəticəsində heç nə qalmayıb. Atatürk Türkiyəni milli dövlət olaraq xilas elədi. Azərbaycan türkləri türklərin bir parçası olaraq çox böyük bir coğrafi ərazidə yerləşib və burda sərhədləri müəyyən eləmək çətindir. Biz ümumi bir sülalə dövləti kimi çox böyük bir nüfuz və güc sahib olmuşuq. Atabəylər zamanında da, Səfəvilər zamanında da titullu xalq Azərbaycan türkləri olub. Amma sonra bu hümmətçilik, islam düşüncəsi xalqlar arasındakı sərhədi əridib elə bir siyasətə gətirib ki, bizim ucun o milli sərhədləri dəqiqləşdirmək çətin olub. Bu 200 il imperatorluq səviyyəsində olan böyük dövlətimizi itirmişik, amma milli dövlətimizin balaca bir hissəsində şərqdə ilk demokratik dövlət qurmuşuq. 10 milyonluq Azərbaycan türkünün dünya dövlətlər birliyində yeri olan bir qurumu, respublikası var. Bu o ümidi doğurur ki, yerdə qalan ətrafdakılar da tədricən milli varlıqlarını qorumq uğrunda mübarizələrini davam etdirəcək. Həm də 200 il tarix üçün nədir ki? Bir anlığa daha böyük zamanda yaşamış xalqları və millətləri düşünə bilərik. Mənim bir şeirim var: “Bu mənim xalqım deyil”. Ağacları götürək, xəstəlik vurur, yayın ortasında da yarpaqlar tökülür-filan, amma ağac özü qurumur. Bu gün bizim millətimizin təəssüf ki, üstündən bir ruzigar əsib keçib. Xəyanət ruzigarı, böyük dövlətlərin savaş ruzigarları, bizi bölmək, məhv eləmək istəyən düşmən qüvvələrin bütün xəyanət ruzigarları hamısı başımızın üstündən əsib keçib. Və bizim millətin həmin ağac kimi gövdəsi yerindədir. Bir yaz gələcək və təzədən bu ağac yarpaqlayacaq. Ən qorxulusu, o ağacın kökdən qurumasıdır. Amma bizim millət ağacımız heç vaxt kökdən qurumaz. Çünki bu türk milləti dünyanın kökündən, başlanğıcından gəlir və inanıram ki, sonuna kimi də gedəcək. Əgər bu insanlıq, bəşəriyyət ayrı bir qalaktikadan, qalaktikanın ayrı bir planetindən gəlibsə, biz oradan gəlmişik. Yox, burda hər hansı bir torpaqdan yaranıbsa bu bəşəriyyət, demək, biz bu torpağın ilk məhsullarındanıq. Mən buna inanıram. Çünki başqa şeyləri bir kənara qoyuram, riyazi hesablamalar belə bunu göstərir. Dilimizin qrammatik kamilliyi, dəyişilməz surəti kimi “Dədə Qorqud”un 1300 il yox, bəlkə də 2300 il tarixi var. O, eramızdan əvvəl bəlkə də 6 əsrdə saq dövlətində başlamışdı. 10-cu-7-ci əsr arasında o boyda dil fərqi ola bilməzdi. Mən “Göy Tanrı”nı yazmışam, miladdan öncə 7-ci, 6-cı əsrin tarixidir və “Dədə Qorqud”u təxminən o dövrlərə bağlayıram. Bir də ki bizim tariximizi, türklərin tarixini neçə min ildir saxtalaşdırmaqla məşğuldurlar. Gözümüzün qabağında indiki tarix saxtalaşdırılır. Tarixlər təəssüf ki, yazılmır. Bununla belə, türklüyə bütöv baxıram və Azərbaycanı da onun bir qanadı kimi görürəm.

- Sabir bəy, gəlin qəfildən dağdan dərəyə enək: axırıncı dəfə özünüz üçün nə vaxt çay dəmləmisiz?

- Bağa gedəndə, bir neçə gün bundan əvvəl.

- Qıraqdan özünüz-özünüzə bu Sabir Rüstəmxanlıdı, Türkün böyük oğludur, demisiz?

- Mənim içimdə elə bir kompleks yoxdur. Küçəyə çıxanda, camaatın arasında olanda, görüşlərə gedəndə, tək başına bazara gedəndə özümü Azərbaycanın siravi vətəndaşı hesab eləyirəm. İnsanların: ay siz də bura gəlmisiz? - deməsi, bu münasibətlər məni sıxır. Kənddən necə gəlmişəmsə, çalışmışam həmin saflığı, həmin səmimiyyəti, həmin utancaqlığı, həmin sevgimi, adamlarla könüldaş olmaq qabiliyyətimi qoruyub saxlayım.

Bir sira xətalarım şüurlu olub

- Sizin “Xətai yurdu” kitabınızda gənclik illərinizin “xətaları” da yer alıb. Sevgi dolu məktublar və sair... İndi o məktublar tükənib, yoxsa “narahat” edənlər olur?

- İnsan xətaları, əgər normal insandırsa, ömrü boyu davam eləyir. Təbii ki, o illərdə mənim bir sira xətalarım şüurlu olub. İlk gənclik illərimdə yaşadığım, gördüyüm əziyyətlərin bir növ qisaslarını almaq üçün. Amma qalanı məndən asılı deyil. Talehin gətirdiyi xətalar olub. Heç kim istəməz ki, bir yol qırılsın, başqa yol başlasın. Amma bunlar elə bir yerə gəlir, yol elə bir yerə dirənir, məcbur olub ikinci yolu açırsan. Sən dağlarda yaşamamısan, sən Cəlilabad dağlarından başqa dağlar görməmisən, bilməzsən, - gedirsən, görürsən, cığır qayaya dirənib, fırlanırsan, ya altından, ya da böyründən keçirsən. Ya da bostana bir su arxı çəkirsən, hər yerdən rahat gəlir, bir də görürsən, hardasa yeni yol açdı özünə...

- Sizin doğulduğunuz Hamarkənd də elə dağlıq yer deyil, ətrafla müqayisədə hamardır.

- Hamarkənd o dağların arasında nisbətən balaca meydan kimidir. Amma deyim ki, yəhərə oxşayır. Bir tərəfindən Qara çay, o biri tərəfindən də Ağ çay axır. Arxasından da Qoşun yurdu. Bax o Qoşun yurdu gəlir ta dağlara doğru. Bax ora bir yəhərdir. Təsəvvür elə, nəhəng bir adamdı, oturub, bir ayağını Qara çaya, bir ayağını da Ağ çaya tərəf atıb. Elə bil nəhəng atını çapır. Mən də o duyğunu yaşayıram.

Görən dünyada çörəyinin duzu olan adam varmı?

- Sabir bəy nəyə heyfsilənirsiniz?

- Çox şeyə. Ömür keçdi və görmək istədiyim çox şeyi görə bilmədim. Bəzən mənə elə gəlir ki, bəlkə heç mən ədəbiyyatçı olmalı deyildim. Çünki cavanlıqda mən riyaziyyatçı olmaq istəyirdim. Mənim bürcümdə sərkərdə olmaq da var. Yaxşı sərkərdə ola bilərdim. Yaxşı aşpaz, eyni zamanda yaxşı jurnalist ola bilərdim. Məmməd İsmayılla kirayədə qaldığım vaxt olub, o bilir mən necə ləziz yeməklər hazırlaya bilirəm.

Bilirsən, dünyada ən böyük bəla yerində olmamaqdı. Mən özümü şanslı bir adam hesab eləyirəm, o baxımdan ki, ədəbiyyatda özümü qürbətdəki kimi hiss eləmirəm. Mən qürbət üçün doğulmamışam, vətən üçün doğulmuşam. Və çoxlu planlarım vardı... Axır birini seçdim, ədəbiyyatçı oldum. Və bu gün ədəbiyyat yolunda özümü qərib olaraq, yad eldə hesab eləmirəm. Hesab eləyirəm ki, ora mənim mühitimdi. Çünki sözlə bir anlaşmam və ilhamla bir anlaşmam var. İstədiyim bir şeyi sözlə ifadə eləyə bilirəm. Bəlkə siyasət vaxtım almasaydı, daha yaxşı ifadə eləyə bilərdim. Ona daha çox vaxt sərf eləmək lazımdı. Hərdən ilhamın küsüb yarım il gəlmədiyi vaxtlar da olur. Amma hər halda mən orda sözlə, türk dilinin zəngin xəzinəsi ilə üz-üzə qalanda özümü suda balıq kimi hiss eləyirəm.

- Şörəyinizin duzu var?

- Görən dünyada çörəyinin duzu olan adam varmı? Çünki hamıya elə gəlir ki, bunun çörəyinin duzu yoxdur. Mənim çörəyim halal çörəkdir. Əslində, dünyanın ən bərəkətli çörəklərindən biri təndir dəyirman kömbəsidir. Dəyirmanda çörəyin duzu olmur ki. Mənim də çörəyimin duzu yoxdur, ona görə ki, illər uzunu çörək verdiyim çox adamların xəyanətini, dönüklüyünü görmüşəm. Görmüşəm ki, milli ideyalarla, millətçilikdən dəm vura-vura sonra gedib öz şəxsi mənafeyinə görə hər şeyi satır. Bu cür adamları çox görmüşəm, mən buna vərdiş eləmişəm. Elədiyim yaxşılıqları heç vaxt oturduğum masaya yapışıb qalım deyə eləməmişəm. Öz daxilimdən gələn eşqlə, bir vətən sevgisi ilə görmüşəm işlərimi.

- Nədən imtina edərdiz?

- İmtina eləmək üçün artıq gecdir. Nədən imtina eləyə bilərəm?

- Seçim qarşısında qalsanız... bəzən deyirlər e, mənim yazılarım mənim övladlarımdı...

- Yazdıqlarım arasında imtina eləyəcəyim yoxdur. Bəlkə müəyyən tənqidi yazılar var. Biri bir tənqidi daş atıb, mən də əsəblərim dözməyib, səbrim çatmayıb, cavab vermişəm. İnsan necə doğulursa, o cür də yaşayır. Yəni biri təbiət etibarilə anadan insan cildində uzunqulaq doğulubsa, sən min dəfə tənqid elə, söz de, onu dəyişdirmək mümkün deyil. Yəni ürəyində kinə, küdurətə, xırda mübahisələrə, dedi-qodulara gərək fikir verməyəsən. Mən, mümkün qədər çalışmışam ki, ürəyimə elə şeyləri yaxın buraxmayım. Ürək daim sevgi ilə dolu olmalıdır, o sevgi varsa, hər şey var.

- Həmişə sevgi ilə olun, Sabir bəy...

Geri dön