Ana Sayfa > Xəbər > XİN Qriqoryana cavab verib: Ermənistanın Azərbaycanın daxili məsələsinə müdaxiləsi qəbuledilməzdir

XİN Qriqoryana cavab verib: Ermənistanın Azərbaycanın daxili məsələsinə müdaxiləsi qəbuledilməzdir


15-02-2023, 22:32. Yazar: admin


14 fevral 2023-cü il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini bildirib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media məsələ ilə bağlı sorğusunu cavablandırıb.

Diplomat bildirib ki, "Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.

Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

Bu səylər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.

Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir".
Geri dön