Ana Sayfa > Xəbər > "Oazis" restoranının sahibi öz qazancının çox hissəsini vergidən gizlədir

"Oazis" restoranının sahibi öz qazancının çox hissəsini vergidən gizlədir


13-03-2015, 16:51. Yazar: admin
"Oazis" restoranının sahibi öz qazancının çox hissəsini vergidən gizlədir
Bakı şəhərində fəaliyyət göstərən restoranların əksəriyyətinin fəaliyyətində ya qüsurlar var, ya da qanunsuzluqlar. Ciddi yoxlamalar aparılsa, 100 restorandan bəlkə də 90-nı bağlanmalı olar. Vergidən yayınmadan tutmuş fahişəlik, artıq qiymət, qeyri-gigiyenik şərait, ofisiantların qeyri-peşəkarlığı, əmək müqaviləsinin olmaması, kriminal hadisələr və sair saymaqla qurtarmır. Bütün bu qanunsuzluqlar bugünkü Azərbaycan restoranlarının əksəriyyətinə şamil oluna bilər. Amma gördüyünüz kimi, heç bir restoran nə bağlanılır, nə də ciddi yoxlamaya məruz qalırlar. Çünki əksəriyyətinin arxasında güclü himayədarlar var. Məhz onların hesabına bu restoran sahibləri istədiyi qanunsuz əməlləri törədə bilirlər.

Digər tərəfdən, elə restoranlar da var ki, brend adı altında dediyim bu qanunsuzluqları həyata keçirir. Belə restoranlardan biri də paytaxtda bahalığı və baş verən qalmaqallarla ad çıxarmış "Oazis"dir. Yəqin ki, çoxlarınız ötən il bu restoranda baş vermiş qanlı olayı yəqin ki, yadınızdan çıxarmamısınız. Həmin dövrdə "Oazis"də baş verən kütləvi davada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Kütləvi davada iştirak edən iki nəfər şübhəli şəxs qismində saxlanılsa da, nəyinsə hesabına bir nəticəyə varılmadı. Qeyd edək ki, dava əvvəlcə restoranda ad günü qeyd edən bir ailənin üzvləri arasında başlayıb. Daha sonra dava salanlar ofisiantı çağıraraq mağazadan onlara spirtli içki almağı tələb ediblər. Bura ailəvi restoran olduğuna görə, spirtli içki verilmədiyini deyən ofisiant təhqir olunub. Ofisiantı təhqir edənlərin söyüş söyməsi həmin vaxt restoranda olan digər müştərilərin də ciddi narazılığına səbəb olub. "Oazis" restoranının baş inzibatçısı Azad Əliyev hadisənin təfərrüatlarını açıqlayıb: "Digər müştərilər bizim administrator otağına yaxınlaşıb şikayət etdilər. Dedilər ki, rəqs meydançasında olan bir nəfər özünü apara bilmir, axı bura ailəvi restorandır. Biz də inzibatçını təlimatlandırdıq ki, həmin müştəriyə yaxınlaşıb, desin ki, belə olmaz". Vətəndaş Zaur Əsgərov isə mediaya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirib. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün "Oazis"də 15 nəfərlik yer götürüb, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib Miri oğlu da onları döyüb. Qeyd edək ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar restoranın bir neçə əməkdaşı həbs olundu. Diqqət çəkən əsas məqam isə davada birbaşa iştirak edən restoranın sahibi Mirtalib Miri oğlunun məsuliyyətdən kənarda qalması oldu. Nəyə görəsə və yaxud kiməsə verilən nəyinsə müqabilində restoran sahibi bu hadisədən təmiz çıxa bildi. Halbuki onun da cinayət məsuliyyətinə cəlb olunması gərəkdir. Hətta bu hadisədən sonra restoranın fəaliyyətini dayandıracağını gözləyirdi. Lakin yuxarıda yazdığım kimi nəyinsə hesabına və onlara "krışalıq" edənlərin gücü sayəsində Mirtalib Miri oğlu restoranın fəaliyyətini davam etdirməsinə nail oldu. Halbuki "Oazis"in fəaliyyətini dayandırması iş adamının biznesinə böyük zərbə ola bilərdi. Amma o buna imkan vermədi. Nəzərinizə çatdırmaq istəyirik ki, Mirtalib Miri oğlunun cəzasız qalması və restoranın fəaliyyətini davam etdirməsi yeni cinayət hadisələrinin qeydə alınmasına zəmin yaradır. Hətta o hadisədən sonra da bu restoranda dəfələrlə müştərilərlə ofisiantlar arasında mübahisələr düşüb. Anlaşılan odur ki, Mirtalib Miri oğlu öz restoranında ofisiant yox, qoçu dəstəsi saxlayır. Səsini çıxaran müştəri ya dərhal restorandan çıxardılır, ya da döyülür. Onların cəzasız qalmasının səbəbi isə iş adamının hüquq-mühafizə orqanlarındakı himayədarları mane olur. Digər tərəfdən, burda müştərilərə təklif edilən yeməklərin keyfiyyəti istənilən səviyyədə deyil. Müştəri ödədiyi məbləğin qarşılığında normal xidmət görmür. Restoranda istifadə olunan ət və toyuq məhsullarının haradan gətirildiyi məlum deyil. Bu məhsulların baytarlıq nəzarətindən keçməməsi barədə iddialar var. Yəni belə çıxır ki, Mirtalib Miri oğlu müştərilərə mənşəyi bilinməyən ət yedizdirir". "Oazis"in fəaliyyəti ilə bağlı qeyd olunması vacib olan məsələlərdən biri də vergi ilə bağlıdır. Bildiyiniz kimi, bəzi iş adamları arxalarında dayanan məmurların çətiri altına sığınmaqla dövlətə normal vergi keçirmirlər, əksər hallarda isə vergidən yayınırlar. Cənab prezident İlham Əliyev isə dəfələrlə öz çıxışında sahibkarlara şəraitin yaradılmasını deməklə yanaşı, vergidən yayınan, qanunsuzluqlar edənləri ən sərt cəza verilməsini bildirib. Amma görünür, prezidentin bu sözlərini "Oazis" restoranının sahibi Mirtalib Miri oğlu vecinə almır. Çünki dediyimiz kimi, "Oazis"in sahibi qazancını vergi orqanlarından gizlədir və ciddi qanun pozuntusuna şərait yaradır: "Restoranın aylıq qazancı külli miqdarda vəsaitlə hesablanır. Di gəl ki, biznesmen gəlirini vergi orqanlarından gizlədir, bununla da müəyyən miqdarda vəsait vergidən yayındırılmış olur. Buna görə də Vergilər Nazirliyinin əməkdaşları restoranda ciddi yoxlamalara başlamalıdır. Ümidvarıq ki, bu yazıdan sonra Vergilər Nazirliyinin və digər dövlət qurumlarının yetkili şəxsləri "Oazis"in fəaliyyətini hərtərəfli araşdırıb müvafiq tədbirlər həyata keçirəcəklər.

Geri dön