Ana Sayfa > Xəbər > Bakı binalarına geyindirilmiş ölüm paltarı
Bakı binalarına geyindirilmiş ölüm paltarı20-05-2015, 13:36. Yazar: admin |
Atasını Dilbərin qarşısına “abır-həya”ya salıb çıxarmaq üçün Balaş ona ölü paltarı geyindirmişdi. Bu absurd ideya XXI əsrin Bakısında binalara ölüm paltarı geyindirməklə təkrarlanır. Guya imicini qoruyan oğulun doğma atası üzərində eksperimenti olsa-olsa fərdi təşəbbüs idi və miqyası bir ailənin dramından kənara çıxmırdı. Bu günümüzün balaşları isə bütün Bakını yaxmaq yolunu tutduqlarının fərqində deyillər. İctimai-siyasi formasiya onlara bəraət verir: kafeteriya hissini fetiş həddinə çatdırmış istelakçı toplumun faciə baş verən anadək sevdiyi zahiri bər-bəzək - vitrinlər və fasadlar cəmiyyətində yaşayırıq. Cəfər Cabbarlının dövründən fərqli olaraq, eksperiment effekt verir. Arada fəlakətlər də olur - eybi yox, başbilənlərə görə bu “oyun şamlara dəyir”. Hətta onların əlində odadavamlı material asan yanan konstruksiyaya çevrilsə belə. Artıq bir ayda ikinci yaşayış binasının kibrit qutusu kimi alışıb yanmasına cavabdeh olanlar heç də Romanı odlayan Nerona oxşamır. İmperator öz şəxsi ambisiyalarını güdməklə həm də alova ilham mənbəyi kimi baxırdı. Yeni neronlar da şəxsi mənfəətlərinin arxasındadır, ancaq onların cinayətləri Bakının yanması ilə müşayiət olunmasa, lap yaxşı olardı: həm pul, həm də zahiri effekt. Neyləsinlər ki, bəzən reallıq bu yaramazların arzuları ilə sonadək üst-üstə düşmür. Vertikalın horizontal üzərində permanent qamçısına söykənən bu cəmiyyətdə həmişə iyerarxiyanın hansısa pilləsindən “açarçılar” tapıb bütün baş verənləri onların ayağına yazmaq mümkündür. Halbuki o “açarçılar”ı bu cinayətlərə sövq edən də anormal cəmiyyətin oyun qaydalarıdır. Bu, o haldır ki, sporadik cinayətlərlə mübarizə aparmaq nəticə verəyəcək, hidranın kəsilmiş bir başının yerinə mövcud formasiya yeni ikisini yetişdirir. Eynilə dibi çoxlu yerdən deşilmiş gəmi vəziyyətindəyik - ayrı-ayrı deşikləri yamaya bilərsiz, ancaq su göyərtəyə dolmaqda davam edəcək. Əgər heç xırda yamaq cəhdləri də yoxdursa? Onda heç bir qara-qışqırığın faydası yoxdur, oturun, boğulacağınız anı gözləyin. Elə bir situasiyadayıq ki, ən xırda problemin həlli də bütün icimai formasiyanın dəyişdirilməsi zərurətinə dirənib. Zığ şosesindəki 9 mərtəbəli yaşayış binası məşəl kimi yanıb sakinlərini evsiz-eşiksiz qoyanda bəzi mütəxəssislər səbəbi söylədilər: binanın fasad örtüyündə istifadə edilməli olan poliuretan alova davamlı maddədir, deməli, yanğın törədə bilməz, odur ki, yeganə rasional izahı onun alovahəssas birləşmə ilə əvəzlənməsində axtarmaq lazımdır. İfrat gəlir ardınca qaçan podratçı üzləmə işlərində Çin mənşəli penoplastdan istifadə edir və artıq paytaxtın bir çox istər yaşayış, istər inzibati binasında istənilən an Zığ şosesindəki faciə təkrarlana bilər. Bir ay keçmədi və təkrarlandı - Azadlıq prospektindəki 16 mərtəbəli, çoxbloklu binanın sakinlərinin faciəsini hamı izlədi. Yekun: 16 ölü, 50-dən çox xəsarət alan. Və bu, artıq o miqyasdır ki, vertikalı tərpətdi: nə isə etmək lazım. Nə? Əlbəttə, “açarçılar”ı cəzalandırmaq. Birinci ranq günahkar isə elə də dərində gizlənməyib - “Global Construction” şirkətlər qrupu poliuretan örtüklərlə məşğul olan yeganə qurumdur, yəni monopolistdir, onların hətta poliuretan örtüklər istehsal edən zavodu da var. Şirkətin bioqrafiyası lap bəh-bəh deyir: böyüklüyünə görə ölkənin ən tanınan tikinti şirkəti hesab olunur. Hətta nüfuzlu sertifikata layiq görülüb və s. və i. Onun tikdiyi və üzlədiyi binalar arasında isə Gəncədə Heydər Əliyev Mərkəzinndən başlamış Beynəlxalq Bankın binasına qədər çeşidli obyektlər var. Potensial fəlakət qlobaldır. Ancaq dayanın bir - ən xırda məişət mübahisəsində də səbəb heç vaxt bircəcik olmur (zahirən bu cür görünsə belə). İcra hakimiyyəti sifariş verir, mənzil-kommunal idarələri adından tender təyin olunur, qalib seçilir, sonra onun iş planı dəqiqliklə yoxlanılır, çoxsaylı arayışlar, ekspertizalar... - prosesə onlarla müxtəlif struktur cəlb olunur. İndi isə hamı “aydan arı, sudan duru” olub, matəm qrimasları edərək ortada gəzir. Söhbət isə orqanizm kimi işləyən bütöv bir sistemdən gedir və bu sistem “əl əli yuyar, əl də qayıdıb üzü” prinsipi ilə iki onillikdir fəaliyyət göstərir. Bəs onları niyə heç kəs sorğu-suala çəkmir? Əgər bu şəbəkənin yalnız bir vintini seçib bütün günahları onun boynuna atacaqlarsa, bu, nəinki müalicə, heç profilaktikaya cəhd də deyil. Deməli, vəziyyət ölü nöqtədən tərpənməyəcək. Çünki, iştirakçılar sudan quru çıxır, bircəcik vinti isə həmişə qurban vermək olar. Əlbəttə, şübhəli şəxs kimi saxlanılan şirkət rəhbərinin cəzası cinayətə görə cəza olacaq. Ancaq cəzasız qalacaq digər cinayətkarlar ümumi mənzərədə heç nəyin dəyişməyəcəyindən xəbər vermirmi? Elə görünür ki, hamımıza növbəti alovun harada və nə vaxt peyda olacağı panikası ilə dözmək qalır - gözləmə nevrozu, bir sözlə. Üstəlik hər sahədə. Çünki poliuretan adı ilə penoplastı təkcə tikintidə sırımırlar. Hər sahənin öz “penoplast”ı var... Geri dön |