Ana Sayfa > Xəbər > Knyaz Məmmədovun qətli ilə bağlı YENİ XƏBƏR

Knyaz Məmmədovun qətli ilə bağlı YENİ XƏBƏR


13-03-2015, 16:44. Yazar: admin
Knyaz Məmmədovun qətli ilə bağlı YENİ XƏBƏR
Ali Məhkəmədə 12 il əvvəl iş adamı Knyaz Məmmədovu oğurlayaraq qətlə yetirməkdə təqsirləndirilən Miryusif Əliyevin məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə məhkumun kasasiya şikayətinə baxılmasından imtina etməsi məlum olub. Bu səbəbdən də onun şikayəti baxılmadan geri qaytarılıb
Qeyd edək ki, Miryusif Əliyev bacısının əri Ümid Nəsirov və sabiq polis əməkdaşı Rəşad Novruzovla birlikdə məşhur iş adamı Knyaz Məmmədovu oğurlayıblar. Onlar əvvəlcə iş adamının girovluqdan azad edilməsi üçün 250 min manat tələb ediblər. Lakin Knyaz Məmmədov onu oğurlayan şəxsləri tanıdığından pul almaq planı baş tutmayıb.
2003-cü ildə Rəşad Novruzov və Ümid Nəsirov yaxalanıblar, Miryusif Əliyev barəsində həmin ildən axtarış elan olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü ildən axtarışda olan, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Miryusif Əliyev 2012-ci ilin martında tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Miryusif Əliyev apelyasiya şikayətində günahsız olduğunu, Knyaz Məmmədovu qətlə yetirmədiyini qeyd edib və yuxarı instansiya məhkəməsindən barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsi Miryusif Əliyevin şikayətini təmin etməyib. Qərardan narazı qalan məhkum kasasiya şikayəti verib.

Geri dön