Ana Sayfa > Xəbər > Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili


23-11-2022, 22:08. Yazar: admin


Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Ulu Öndər Heydər Əliyev öyüd-nəsihətlə demişdir: "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir”.
Ötən 17 ildə Heydər Əliyev siyasətini inamla davam etdirən cənab Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır.
Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Cənab Prezident İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi ilə əlaqədar təşkil olunan tədbirin sonunda çıxış edərək bildimişdir ki, “Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq” !

Nəzrin Qasımova
Suraxanı rayon Gənclər və İdman İdarəsi yanında fəaliyyət göstərən könüllülərdən ibarət qrupun üzvü



Geri dön