Ana Sayfa > Xəbər > İki ölkə arasında əməkdaşlığın geniş perspektivləri

İki ölkə arasında əməkdaşlığın geniş perspektivləri


18-11-2022, 09:53. Yazar: admin


Prezident İlham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər etdi. Bir neçə ay əvvəl Albaniya Prezidenti İlir Meta Bakıya səfər etmişdi. Azərbaycan və Albaniyanın dövlət başçıları müntəzəm səfərlər edirlər ki, bu da ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Beynəlxalq təşkilatlardakı Azərbaycanla Albaniya arasında uğurlu əməkdaşlıq mövcuddur ki, bu da iki ölkə arasında əlaqələri gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi rəsmi Bakı çox yüksək qiymətləndirir.
Prezident İlham Əliyev Albaniyaya səfəri ilə bağlı mətbuta müsahibəsində bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.
Cənab Prezident İlham Əliyev Azərbaycan ərazisinin 20 faizini işğal edilməsini və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparılmasını hərbi cinayət adlandırıb. “Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar”.
Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalandığını qeyd edən dövlət başçısı bu torpaqlara həyatın qayıtdığını bildirib.
Albaniya və Azərbaycan arasında əməkdaşlıqdan danışan cənab Prezident İlham Əliyev iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclasını keçirəcəyini bildirib. Çünki, müzakirə ediləsi məsələlər çoxdur. “Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var. İlk öncə qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiya sahələrində geniş əməkdaşlıq imkanları var. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Çünki Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Dövlət başçısı bildirib ki, Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.
Cənab Prezident İlham Əliyev Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini qeyd edərək nümunə olaraq ölkəmizin uzun illər Əfqanıstanda Şimali Atlantika Alyansının əməliyyatlarında fəal iştirak edib. Demək olar, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar.
Dövlət başçısı qeyd ediib ki, Albaniya da Şimali Atlantika Alyansının üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu göstərir.

Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Geri dön