Ana Sayfa > Xəbər > Qubadlının azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı.

Qubadlının azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı.


24-10-2022, 15:59. Yazar: admin


1990-cı illərdə mənfur düşmənlərimiz ermənilərin hərbi təcavüzünə məruz qalmış cənnət guşələrimizdən biri də Qubadlı rayonu olmuşdur. Qubadlı dəfələrlə (1915, 1918, 1920) erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Bu dövrdə bütövlüklə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur.
1988-ci ildən Qubadlı rayonuna həm Ermənistan, həm də Dağlıq Qarabağla olan sərhədləri istiqamətində ermənilərin təcavüzkar hücumları başlamış, bu hücumlar getdikcə sistemli şəkil almışdır. 1993-cü il avqustun sonunadək davam edən müharibə nəticəsində Qubadlı rayonu yüzlərlə şəhid vermiş, onlardan 9 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
1993-cü il avqustun 31-də düşmənin genişmiqyaslı əməliyyatı nəticəsində işğal olunan Qubadlı rayonunun 30 mindən çox sakini öz yurd yuvasından didərgin düşmüşdür. İşğal nəticəsində erməni vandallarının əlinə keçən Qubadlı rayonunda yüzlərlə infratruktur, mədəni-məişət obyekti, bina tamamilə dağıdılmışdır. İşğal illərində ermənilər qanunsuz olaraq Qubadlının Xanlıq kəndində qəsəbə salmış xaricdən gətirilən ermənilər burada məskunlaşdırılmışdır. Həmçinin bu illər ərzində Qubada güclü istehkamlar qurulmuşdur.
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın dəstəyi sayəsində biz Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edirik. Qubadlının azad edilməsi bir neçə gün çəkdi. Çünki ilk öncə düşmənin hərbçilərimizə atəş açdığı yüksəkliklər götürüldü. Bu əməliyyat xüsusi fədakarlıq və peşəkarlıqla həyata keçirildi. Və nəhayət 2020-ci il oktyabrın 25-də Qubadlı düşmən əsarətindən azad edildi. Qubadlının azad olunmasında Azərbaycan Ordusunun Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid bir neçə elit bölmələri iştirak etdi. Düşmən Qubadlıda təxminən 800 hərbçi itirdi.
Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var idi. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhəddini son 27 ildə ilk dəfə bərpa etdi, silahlı qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməsi üçün möhtəşəm imkan əldə olundu. Rayonun azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı.
Prezident cənab İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun işğaldan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənov və Zaur Quliyevi təbrik etmiş və bu təbriki bütün şəxsi heyətə çatdırmağı tapşırmışdır.
Vətənin azad olunmasında öz canından, qanından keçən vətən oğulları hər zaman xalqımız, dövlətimiz və Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Qubadlının azad olunmasında fərqlənən igidlərimizi də mükafatlandırmaq üçün oktyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olunmuşdur. Biz bu möhtəşəm qələbəni bizə yaşadan vətən oğulları önündə ehtiramla baş əyirik. Məhz onların şücaəti Müzəffər Ali Baş Komandanımızın dahi sərkərdəlik bacarığı bizi bu möhtəşəm qələbəyə apardı. O qələbəyə ki, tariximizin ən qürurlu, ən şərəfli səhifəsidir.
Şanlı qələbə ilə bitən Vətən Müharibəsindən sonra azad edilmiş rayonlarımızda genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Hal-hazırda Qubadlı rayonunda da quruculuq işləri sürətlə davam etdirilir. Bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa edilir. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşası davam etdirilir. Ən önəmli yerlərdən birini tutan enerji təsisatının qurulması başa çatdırılıb. Cənab İlham Əliyev Qubadlıya səfərlər etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Həmin görüşdə yerli sakinlərin arzu və istəkləri şəhərin baş planında nəzərə alınıb. Böyük əhəmiyyət kəsb edən infrasturtur layihələri uğurla icra olunur. Yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gəlmişdir. Düşmənin amansızlıqla dağıtdığı bu yurd yerləri yaxın zamanlarda müasir və yeni görkəmi ilə öz sakinlərini qəbul edəcək. Öz dədə-baba yerlərinə qayıdan qubadlılar yeni arzularla Qubadlıda yeni həyata başalayacaqlar.

Mələk Məmmədova
Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin tarix müəllimi




Geri dön