Ana Sayfa > Xəbər > Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir


29-09-2022, 11:50. Yazar: admin


Dünyanın ciddi siyasi çəkişmələrlə üz-üzə qaldığı son günlərdə bir millət olaraq bizim məsuliyyətimiz daha böyükdür. Müharibə ocaqlarından birinin daxilində yer alması, haqlı olduğu halda bir sıra dünya dövlətləri tərəfindən haqsız qələmə verilməsi Azərbaycanın ciddi öhdəliklərlə üz-üzə dayanmasının əsas sübutudur. Bütün çətinliklərə baxmayaraq, bu gün hər bir vətəndaş son iki illik şanlı tariximizin yaşatdığı qürurdan elə bir güc alıb ki, hər bir azərbaycanlının qəlbində qələbəmizin, şanlı zəfərimizin əbədiliyi hissi həkk olunub. Bu hissin əminliyinin təminatçısı isə hər çıxış ilə xalqının önündə dayandığını sübut edən, cənab Prezident İlham Əliyevdir.
Prezidentin Füzuli rayonunda 27 sentyabr tarixli çıxışı təkcə Şəhid ailələrinin deyil, hər birimizin qəlbinə bir təsəlli bəxş etdi. Çıxışda Şəhidlərin intiqamının alınmasının dönə-dönə vurğulanması, hər birimizin Şəhid valideynlərinə mənəvi borcumuzun olduğunun ifadə olunması xalqın öz dövlətinə olan inam və etibarını artırır.
44 günlük Vətən müharibəsini şanlı tariximiz kimi təhlil edən Ali Baş Komandan qələbənin kökünün xalqın mənəvi birliyində olduğunu qeyd etmişdir.
Prezidentin nitqinin hüznlü çalarını pozitiv ruha kökləyən məsələlərdən biri də düşmən tapdağından azad olan torpaqlara böyük və əbədi qayıdış olmuşdur. İgid əsgər və zabitlərimizin müqəddəs qanı ilə azad edilən torpaqlarda bu gün ağıllı kəndlərin, müasir şəhərlərin yaradılması qürurverici addımdır.
Öz çıxışında milli həmrəyliyi Azərbaycan xalqının təbii güc mənbəyi kimi qiymətləndirən cənab Prezident əslində 2020-ci ilin 27 sentyabrından 10 noyabrınadək müxalifət anlayışının milli məsələdə özünü büruzə verməməsini, hər kəsin iradə birliyi nümayiş etdirməsini qeyd etdi.
Azərbaycanın müxtəlif ərazilərində Şəhidlərimizin şərəfinə abidələrin ucaldılmasını təqdirəlayiq hal olaraq şəxsən Prezidentin öz nəzarətində olması bu gün hər bir Şəhid ailəsi üçün daha bir təsəllidir. II Qarabağ müharibəsinin ilk günündə azad edilən kəndlərdən biri kimi Qaraxanbəylidə qaya parçası üzərində ucaldılan abidə də məhz belə xatirə komplekslərindəndir. Azərbaycanın əsgər və zabitləri öz canlarını xalqın ləyaqətini və ədaləti bərpa etmək, dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkünləri doğma torpaqlara qaytarmaq üçün qurban verdilər. Unutmaq olmaz ki, bu gün üçrəngli müqəddəs bayrağın dalğalandığı hər qarış torpaq bizə şəhidlərin və qazilərin əmanətidir.
44 gün ərzində dayanmadan Zəfərə doğru addımlayan Azərbaycan ordusu 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi. Biyabırçı bir vəziyyətdə kapitulyasiya aktını imzalamağa məcbur olan düşmən dövlətimizin və ordumuzun qarşısında məğlubiyyətini qəbul etdi.
Qeyd etmək lazımdır ki, bu günkü yeniyetmə və gənclərin, eləcə də bütün xalqın çiyninə şərəfli bir misiya düşür. Xoşbəxt bir nəsil olaraq hər birimiz dərk etməliyik ki, şahidi və iştirakçısı olduğumuz hadisələrdən düzgün nəticə çıxarmalı və gələcək nəsillərə düzgün örnək olmalıyıq.
Bu torpağın övladı olmağı ilə fəxr edən müzəffər bir xalq kimi haqqımızı bərpa etdiyimizə görə çox sevincliyik. Məhz buna görə hər bir vətəndaş öncə öz vicdanı, sonra isə xalqı və dövləti qarşısında söz verməlidir ki, müstəqilliyin keşiyində son nəfəsinədək duracaqdır.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımı və siyasi kursu bizə bütün təhdidlərin qarşısının alınacağı mesajını verir. İnkişaf edən qalib Azərbaycanın hərbi gücü azadlığımızın, firavan həyatımızın təminatçısıdır.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər ordunun Ali Baş Komandanı!

Nisə Fərəcova
Suraxanı rayonu 232 Nisə Fərəcova
nömrəli tam orta məktəbin direktoru


Geri dön