Ana Sayfa > Xəbər > Polis generalının adam bıçaqlayan oğlu təcridxanadan xəstəxanaya aparıldı

Polis generalının adam bıçaqlayan oğlu təcridxanadan xəstəxanaya aparıldı


19-05-2015, 11:47. Yazar: admin
Polis generalının adam bıçaqlayan oğlu təcridxanadan xəstəxanaya aparıldı
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayev Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun Modern.az saytına verdiyi məlumata görə, Tamerlan Əsədullayev Bakı İstintaq Təcridxanasında saxlanılır: “Onunla görüşməmişəm. Amma məndə olan məlumata görə, generalın oğlu Tamerlan Əsədullayev səhhətində yaranan narahatlığa görə Müalicə Müəssisəsinə köçürülüb”.

Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Baş Prokurorluğun məlumatına görə, aprelin 10-da Bakının «Senator» restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş edib.

Geri dön