Ana Sayfa > Xəbər > Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür


3-09-2022, 09:31. Yazar: admin


Müasir Azərbaycan tarixindən, inkişafından danışarkən ilk öncə hər birimizin gözünün önündə həyatını xalqının xoşbəxtliyinə, rəhbəri olduğu dövlətin inkişafına həsr edən Ümumilli liderimiz Heydər Əliyev canlanır. Azərbaycanlı olması ilə daim qürur duyan və bunu hər dəfə dilə gətirən liderin ömrünün 40 ildən artığı Azərbaycanın müstəqilliyi, inkişafı uğrunda gedən mübarizəyə həsr olunmuşdur.
14 iyul 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə əvəzolunmaz inkişaf mərhələsinin əsasını qoymuş, respublikamızı müstəqilliyə aparan yolda olduqca əhəmiyyətli olan iqtisadi, siyasi, ideoloji addımlar atmışdır.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub və bu dövrü Naxçıvandan başlayan müstəqillik yolu olaraq da adlandırmaq olar.
Ali Məclisin Sədri kimi əzmlə çalışan Ümummilli Liderimiz ilk növbədə düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirmək üçün əsaslı qərarlar almış və bunu həyata keçirmişdir. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmiş və bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin ilkin başlanğıcı olmuşdur. Sonrakı dövrlərdə qəbul edilmiş qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların tamamının muxtar respublikada saxlanması təmin olunub.
Əhalinin doğma torpağına olan bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində Muxtar respublikada Milli Ordu yaradıldı və Naxçıvanın müdafiə potensialı gücləndirildi. Bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası məhz Naxçıvanda qoyulub. İlk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin sərhədləri, gələcək inkişafının istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.
“Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən”, – fikirləri ilə ümummilli Liderimiz muxtar respublikanın o dövrdəki ağır vəziyyətində, xalqı və dövləti üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaratmışdır. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən bu fikirlərin izindən gedərək liderlik vəzifəsini yüksək səviyyədə həyata keçirmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan və dövlət idarəçilik sisteminin təməlinin möhkəm qurulmasına əsl örnək olan böyük işlər görmüşdür.

Könül Məmmədli
Suraxanı rayon Gənclər və İdman İdarəsi yanında fəaliyyət göstərən könüllülərdən ibarət qrupun rəhbəri

Geri dön