Ana Sayfa > Xəbər > “Minsk qrupu özünü vasitəçi yox, hakim kimi aparır”
“Minsk qrupu özünü vasitəçi yox, hakim kimi aparır”19-05-2015, 09:57. Yazar: admin |
Tanınmış siyasi şərhçi Elxan Mehdiyev Moderator.az-a açıqlamasında Minsk qrupunun fəaliyyətini sərt tənqid edib. Ekspert Minsk qrupunu erməni işğalını pərdələməkdə, bir çox hallarda tərəf qismində çıxış etməkdə ittiham edib: “Minsk qrupu aşkar şəkildə deyir ki, problemin həlli bizlik deyil və gedib bu məsələni öz aranızda həll edin. Onlar bildirirlər ki, biz sadəcə vasitəçiyik. Təbii, onlar sadəcə vasitəçi kimi hərəkət etmir. Onlar tərəf tutmaqla bəzi hallarda hakim kimi hərəkət edirlər. Amma onların mandatları hüquqi baxımdan həqiqətən də yalnız vasitəçiliklə çərçivələnib. Onlar bildirirlər ki, problemin həlli ilə bağlı qərarı münaqişə tərəfləri verməlidir və biz isə sadəcə bu həllə kömək edə bilərik. Vasitəçilər işğalı gizlətməyə, lokallaşdırmağa, beynəlxalq birliyin gözündən, nəzərindən uzaq tutmağa çalışır. Onların bugünə qədərki fəaliyyətində bunu görmək mümkündür. Azərbaycan tərəfi erməni işğalı və onun nəticələrini beynəlxalq təşkilatlara çıxartmaq istəyəndə, ilk növbədə ölkəmizə qarşı ən böyük təzyiq Minsk qrupunun həmsədrlərindən gəlir. Xüsusilə də son vaxtlar erməni tərəfi ilə həmsədrlərin baxışları, mövqeləri üst-üstə düşür. Minsk qrupunun bu şəkildə vasitəçiliyi ötən müddət ərzində Ermənistana qarşı beynəlxalq koalisiyanın yaranmasına mane olmuşdur. Bu siyasət Azərbaycanın da səylərini heçə endirmişdir. Minsk qrupunun fəaliyyəti işğal probleminin həll edilməməsi, əksinə bu işğalın leqallaşması üçün danışıqların meydana çıxması ilə nəticələnmişdir. Minsk qrupu 1992-ci ilin martından bu günə qədər erməni işğalını pərdələmiş, müdafiə etmiş, problemi 2015-ci ilə gətirib çıxartmışdır. Bu baxımdan erməni işğalının baş tutmasında və həll edilməməsində onların rolu inkaredilməzdir. 28 yanvar Krakov bəyanatında Minsk qrupu həmsədrləri barələrində səslənən tənqidlərə qarşı sərt, Azərbaycanı məhkum edən bəyanat verdilər. Minsk qrupunun məramı ayrı və aydındır. Minsk qrupu Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün çalışmır. Bunu Azərbaycan rəhbərliyi etməlidir. Azərbaycan rəhbərliyi isə bunu etmir”. Geri dön |