Ana Sayfa > Xəbər > SOCAR və BP strateji tərəfdaşdırlar

SOCAR və BP strateji tərəfdaşdırlar


3-06-2022, 21:32. Yazar: admin


İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Tədbir çərçivəsində təşkil olunan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və bərpa olunan Enerji sərgilərində, həmçinin Bakı Enerji Forumunda iştirak etmək üçün dünyanın 30 ölkəsindən sahə üzrə 249 əsas aparıcı şirkət bura toplaşmışdır. Bu da tədbirin əhəmiyyətini və ona olan marağı göstərir. Bu gün ölkəmiz dünyanın, əsasən də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynamaqdadır. Artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və məlum səbəblərdən dünyada bu sahədə yaşanan böhranın aradan qaldırılması istiqamətində ölkəmizin malik olduğu potensial yüksək qiymətləndirilir. Bütün bunların əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin təzahürüdür. Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz məhz bu siyasət çərçivəsində nəhəng regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri bu qəbildəndir ki, Azərbaycan bu layihələri uğurla icra etdi. Qeyd etmək lazımdır ki, kəmərlərin başa gəlməsi böyük maliyyə imkanları, sabitlik tələb edirdi”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdi. Məlumdur ki, dəhliz enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü bir daha təsdiqləyir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən,dağlardan, dəniz çökəkliyindən keçməsinə baxmayaraq, boru kəməri yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etmişdir. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib. Məhz buna görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Həmçinin ölkəmizdə əlverişli biznes mühüti formalaşdırılıb, investisiya imkanları genişləndirilib.
Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimindəki çıxışı zamanı SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Neft və qaz sahəsində BP-nin bizim üçün strateji tərəfdaş və aparıcı investor olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu şirkət bərpa olunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və tezliklə yaxşı nəticələr olacaq.
BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və BP şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.
Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” potensialı da yüksəkdir, burada küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına əlverişli şərait yaradır. Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq.
Beləliklə, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini bu gün haqlı olaraq əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Sərgi regionun neft,eləcə də digər enerji sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.

Suraxanı Rayon İcra Hakimiyyəti
başçısının Bülbülə qəsəbə
inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Elçin Seyfullayev

Geri dön