Ana Sayfa > Xəbər > “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”

“Gərək nəbzin Vətənin nəbzi ilə vursun”


9-05-2022, 13:02. Yazar: admin


Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu şəxsiyyətlər sırasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ.
Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və konkret biliklərə malik olan, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyət idi.
Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir iş qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, fenomenal və ensiklopedik yaddaş, universal bilik kimi keyfiyyətlər bəxş etmişdir. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir. Bu dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Beynəlxalq nüfuza, inkişaf etməkdə olan güclü iqtisadiyyata, qüdrətli orduya, xoşbəxt gələcəyə malik Azərbaycan Ulu öndər Heydər Əliyevin taleyinə yazılmış liderliyin qələbə qanununun həyatdakı gerçəkliyidir.
Respublikaya rəhbərliyinin hər iki dövründə özünün də qeyd etdiyi kimi, həyatını Azərbaycanın dövlət müstəqilliyi, xalqımızın rifahı naminə qurban verməyə hazır olan Ulu öndər Heydər Əliyevin xidmətləri saysız-hesabsızdır.
XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə — Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Azərbaycan xalqının tarixində HEYDƏR ƏLİYEV DÖVRÜ başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
“Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərinvə uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxışyolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi. 
Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində böyük müdrikliklə bəyan etmişdir ki, cəmiyyətin tərəqqisinə, mədəni - intellektual intibaha təsir göstərən ən qüdrətli vasitələrdən biri də elm və təhsildir. Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətin mütərəqqi ruhda inkişafına ciddi zəmin yaratmışdır. 
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarların qəbul edilməsinə nail oldu və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub - yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər oldu. Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi.
1993-cü ilin 15 İyun günü - Milli Qurtuluş Günü.
Prezident Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanmasını - Azərbaycanın Qurtuluşunu təmin etdi. Sabitlik və əmin-amanlıq yarandı.
“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...”
Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması da Ulu öndərimizin tarixi xidmətlərindəndir.
Milli təhsilimizin dirçəlişi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur.
Təhsilimiz öz inkişafının ən mühüm mərhələsinə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ilə daxil olmuşdur ki, o da Ulu öndərimizin sərəncamı ilə təsdiq edilmişdir. Təhsil sahəsinə aid ”Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, ”Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Milli-mənəvi dəyərlərin qorunması haqqında”, ”Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” və s. onlarla tarixi fərman və sərəncamlar Ulu öndərin adı ilə bağlıdır.
Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.
Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi - təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi.
Bu dövrdə milli zəmində aparılan hərbi - təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi - internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. 
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bütün sahələrdə Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin səyi, təşəbbüsü ilə Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin edən, dünyanın nəqliyyat xəritəsini yeniləyən Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Bakı - Tbilisi - Qars dəmir yolu ölkəmizə marağı artırdı. Ölkəmiz multikultural, sivilizasiyalararası dialoq mərkəzinə çevrildi. Ən möhtəşəm beynəlxalq idman yarışlarına, müsabiqələrə ev sahibliyi etdi.
10 oktyabr 1993-cü ilə Prezident kimi and içən Ulu öndər Heydər Əliyevin «And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni edəcəyəm» sözlərini layiqli davamçısı Prezident İlham Əliyev «Dəmir yumruq» əməliyyatını Zəfərlə başa vurmaqla yerinə yetirdi. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatları daha geniş mənada davam etdirən , «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini Müzəffər Ali Baş Komandan kimi, qürurla səsləndirən Prezident İlham Əliyevin başçılığı ilə daha da qüdrətlənən Silahlı Qüvvələrimiz 44 gündə 30 illik əsarətə, Azərbaycan xalqının yurd həsrətinə son qoydu.
“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!...Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq”
İlham Əliyev



Suraxanı rayonu, Etibar Cəfərov adına
118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev

Geri dön