Ana Sayfa > Xəbər > “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Nazlı Qazıyeva

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Nazlı Qazıyeva


15-04-2022, 20:26. Yazar: admin
“İNFONEWS” -da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.

Layihə rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənova UNEC “Maliyyə və Mühasibat” fakültəsinin III kurs, 476 qrup tələbəsi Nazlı Nadir qızı Qazıyevanın essesini təqdim edir
.

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Nazlı Qazıyeva




ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ!


Hər uğurun bir qəhrəmanı var deyirlər. Bu qələbəmizin isə qəhrəmanı yox, qəhrəmanları var. 44 günlük müharibədə Azərbaycan əsgəri addım-addım irəliləyərək, Vətən sevgisi ilə igidliklə döyşüb, torpaqlarımızı qanları, canları bahasına azad etdilər. Bir deyil, iki deyil, yüzlərlədir, minlərlədir, bu qəhrəmanlar… Bu torpaq, bu Vətən Babəklər, Həzilər, Mübarizlər, Poladlar yurdudur. Qəhrəman dedikdə, çox vaxt ağlımıza ilk gələn əsgərlərimiz olur, amma müharibə qəhrəmanları təkcə bu igidlərimiz deyil, belə oğulları dünyaya gətirən analardır.

Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan qəhrəmanlarımızın sırasında şəhid Aqil Mirzəliyevin də imzası var. O, 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İ. Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarının, bilik yarışlarının qalibi olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra, qəbul imtahanında 613 bal toplayaraq, UNEC-in “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən Aqil 27 sentyabrda başlayan II Qarabağ müharibəsində fədakarlıqla iştirak edib. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaətlə döyüşüb. 20 oktyabrda Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə isə qəhrəmancasına şəhid olub.

Şəhid Mirzəliyev Aqil “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Fəxr edirik ki, Aqil kimi igid, cəsur oğullarımız var. Elə vətənpərvər el oğlunun anasına dediyi son sözlər də onun ürəyinin vətən eşqi ilə döyündüyünün bariz nümunəsi idi. O yüksək emosianal hisslərlə anasına deyibmiş: “İndi bu Vətəni kim alsın, bu torpağı kim alsın?!”

Belə bir ifadə var: “Torpaq uğrunda ölən varsa vətəndir”. Bəli, 44 günlük haqq mübarizəmizdə Vətənin hər qarışı uğrunda canından keçən igidlərimiz oldu. Onlar ən uca zirvəyə – Şəhidlik zirvəsinə ucaldılar. Dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisi olan Şəhidlərimiz daim bizim qəlbimizdədirlər!

8 NOYABR! Bu tarix Azərbaycanın ilk Zəfər bayramını qeyd etdiyi, Qarabağımızın ürəyi – Şuşanın qaytarıldığı gündür. Üçrəngli bayrağımızın Qarabağda, Şuşada dalğalandırıldığı gündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin azad olunduğunu bu sözlərlə elan etdi: “ƏZİZ ŞUŞA, SƏN AZADSAN! ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!”

Şəhidlərimiz xalqımızın illərdən bəri həsrətlə, yanğı ilə gözlədiyi 10 noyabr 2020- il – Qarabağın ermənilərdən, düşmənlərdən azad edildiyi Qələbə sevincini qanı-canı bahasına bizə yaşatdı.

Böyük sevgi və ehtiramla Şəhidlərimizin qarşısında baş əyir, onlara rəhmət diləyirik.

Şəhidlər ölməz, Vətən bölünməz!
Geri dön