Ana Sayfa > Xəbər > Mətbuat Avropa Oyunları ərəfəsi necə fəaliyyət göstərir? - Baş redaktorlarla SORĞU
Mətbuat Avropa Oyunları ərəfəsi necə fəaliyyət göstərir? - Baş redaktorlarla SORĞU14-05-2015, 15:40. Yazar: admin |
İyunun 12-dək 28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. I Avropa Oyunları ərəfəsində mətbuatın fəaliyyəti necə qiymətləndirilir? Modern.az saytı bu sualla baş redaktorlara müraciət edib. “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi tarixi bir hadisədir. Bəlkə də biz bu gün bunu o qədərə də real dəyərləndirə bilmirik. Amma zaman keçdikcə, bu, daha qabarıq hiss olunacaq. Bundan sonra hər dəfə Avropa Oyunları keçiriləndə Azərbaycanın adı xatırlanacaq. Bu cür beynəlxalq yarışlar Azərbaycan kimi özünü dünyaya təqdim etmək istəyən bir ölkə üçün həm də gözəl fürsətdir. Təsəvvür edin ki, iyunun 12-dən 28-dək bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq. TV kanalları bizdən danışacaq, Bakıdan, oyunların keçirildiyi yerlərdən reportajlar verəcəklər. İştirakçılar və qonaqlar Bakının necə gözəl bir şəhər olduğunu əyani görəcəklər. Bu, gözəl bir reklam olacaq. Bundan əlavə, yarışdan sonra bizə oyunların keçirilməsi üçün hazırlanan gözəl bir infrastruktur qalacaq. Bu infrastrukturdan, həm sadə insanlar, həm də idmançılarımız yararlanacaqlar. Hesab edirəm ki, Azərbaycan mediasının Avropa Oyunlarına diqqəti yüksək səviyyədədir. Bunu hər gün gündəlik mətbuatı, saytlarımızı izləməklə də görmək mümkündür. Artıq xeyli müddətdir mətbuatımız Avropa Oyunlarını özünün əsas mövzusuna çevirib. Hesab edirəm ki, bu mötəbər turnirlə bağlı xəbərlərin geniş və ətraflı şəkildə işıqlandırılması qarşıdakı günlərdə də davam etməlidir. Dünyanın müxtəlif ölkələrindən oyunları izləmək üçün bura jurnalistlər gəlirsə, biz niyə dayanmalıyıq ki? Biz niyə bu fürsəti əldən verməliyik ki? Bizim “Kaspi” qəzeti də hər gün Birinci Avropa Oyunları ilə bağlı xəbərlərə xüsusi diqqət ayırır. Biz həm oyunlarla bağlı müxtəlif xəbərləri yayır, həm, Avropa Oyunlarının səfirlərindən müsahibələr götürür, həm də ictimaiyyətin tanınmış nümayəndələrinin fikirlərinə yer veririk. Mətbuat olaraq yeri gəldikcə turnirə qara yaxmaq istəyənlərin cavabını da verməyə çalışmalıyıq. Məlum qüvvələrin əsas məqsədi müxtəlif qeyri-dəqiq məlumatlar yaymaqla oyunları vətəndaşlarımızın gözündən salmaqdır. Bu istiqamətdə davamlı iş aparırlar. Fikrimcə, mətbuat bu cür istəklərin ifşa olunmasında, insanlara reallığın çatdırılmasında aktiv olmalıdır”. “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “I Avropa Oyunları ərəfəsində Azərbaycanın istər yazılı, istər elektron, istərsə də internet mediasının bu şəkildə fəal olması gözlənilən idi. Jurnalistikanın başlıca prinsiplərindən olan vətənpərvərlik və məsuliyyət hissinə sahib olan dəyərli həmkarlarımız ölkəmizdə keçiriləcək bu möhtəşəm idman tədbirinə həqiqətən də ev sahibi kimi yanaşır. Əlbəttə, bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan kimi kiçik dövlətlərə çətindir. Eyni vaxtda 6000 çox idmançı və bundan da qat-qat artıq turistin qəbulu, onların yerləşdirilməsi, təhlükəsizliyi kimi məsələlərlə yanaşı, bu idman yarışına qarşı aparılan kampaniyanın zərərsizləşdirilməsinin yükünü təkcə dövlət çəkə bilməz. Mətbuat olaraq bizlər həm Avropa Oyunlarının əhəmiyyətinin daxili auditoriyaya düzgün çatdırılmasında, həm də bu idman yarışına qarşı çıxanların əks arqumentlərlə susdurulmasında bacardığımızı etməliyik. Sevindirici haldır ki, Azərbaycan mediası bu missiyanı öhdəsindən gəlməyi bacarır. Bəzin istisnalarla demək olar ki, bütün növ media orqanları müxtəlif rubrikalarla İlk Avropa Oyunlarının əhəmiyyətinin təbliğinə çalışırlar. Vaxta çox az qalıb, yəqin ki, jurnalist həmkarlarımız, oyunlara qədər və ondan sonra da bu tempi qoruyub saxlayacaqlar”. Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu: “Fikrimcə, Azərbaycan mətbuatı I Avropa Oyunlarının təbliği ilə ciddi məşğuldur. Saytlarda, televiziyalarda gündə onlarla materiallar verilir. Bu yarışla bağlı keçirilən bütün tədbirlər geniş işıqlandırılır, sorğular aparılır, müsahibələr götürülür, reportajlar hazırlanır. Biz AzNews.az olaraq Azərbaycan üçün çox böyük əhəmiyyət malik olan bu yarışla bağlı saytın görünən yerində “I Avropa Oyunları - Bakı 2015” adlı ayrıca bölüm yaratmışıq. Hər gün həm öz materiallarımızla, həm də başqa saytlara yayımlanan məsələyə aid olan maraqlı yazılarla həmin bölümü yeniləyirik. Çalışırıq ki, televiziyalarda yayımlanan süjetləri də oxucularımız çatdıraq. Amma yaxşı olardı ki, I Avropa Oyunlarının təşkilat komitəsi, eləcə də digər aidiyyəti qurumlar da mətbuatla sıx işləsinlər. Görünür, onlar daha çox xarici telekanallar, mətbuatla işləməyə vaxt səf edirlər. Yeri gəlmişkən deyim ki, bu oyunlarla bağlı xarici telekanallarda yayımlanan reklam rolikləri, süjetlər möhtəşəmdir”. “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı: “Mətbuatın oyunlar ərəfəsində fəaliyyətini çox yüksək qiymətləndirirəm. Mətbuat öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Əslində mətbuatın görməli işi çoxdur. Çünki Azərbaycan dövləti olaraq birbaşa prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsi nəzarəti və rəhbərliyi altında o qədər möhtəşəm böyük işlər görülüb ki, media bunlara müşahidəçi kimi qala bilməz. Mətbuat bu möhtəşəm oyunların Azərbaycan da keçirilməsini və görülən işləri kifayət qədər işıqlandırıb təbliğ edir. Düşünürəm ki, mətbuat ictimai rəyə lazım olan mesajları ötürə bilir”. Geri dön |