Ana Sayfa > Xəbər > İri iş adamlarının həbs olunması ilə bağlı ilginc məqamlar
İri iş adamlarının həbs olunması ilə bağlı ilginc məqamlar14-05-2015, 12:34. Yazar: admin |
Ölkədə iri iş adamlarının həbs olunması böyük rezonans doğurub. Onlar Beynəlxalq Bankdan böyük məbləğdə kredit alıb, lakin qaytarmadıqları üçün saxlanılır. Yeyilən pullar isə ölkənin ümumi iqtisadiyyatına zərərsiz ötüşməyib. Baş verən hadisələrin ölkə iqtisadiyyatına təsiri necə olacaq? “Hafta.az-ın debatı” rubrikasında iqtisadçı ekspertlər Natiq Cəfərli və Samir Əliyevin fikirlərini təqdim edirik: İqtisadçı ekspert Natiq Cəfərli Hafta.az-a açıqlamasında bildirib ki, baş verən hadisələr sonunda islahatlar aparılarsa, bunun sahibkarlıq və banks sektoru üçün əhəmiyyəti olar: “İndiyə qədər iş adamlarının həbsi olub. Məsələn AMAY-ın prezidentinin həbsini göstərmək olar. Lakin ölçüsünə görə, bu boyda əhatəli əməliyyat olmayıb. Bir neçə mənbənin təsdiqmləməsinə görə, həbslərin əsas səbəbi Beynəlxalq Bankdan alınan kreditlərin geri dönüşünün təmin edilməməsidir. Bunlar isə Beynəlxalq Bankın rəhbərliyinin dəyişməsindən sonra baş verdiyi üçün, buradan bir nəticə çıxarmaq olar. Nəticə isə budur ki, yeni sədr təhvil-təslim işlərini apardığı zaman, bu qanun pozuntularını ortaya çıxarıb və müvafiq orqanları bununla bağlı məlumatlandırıb. Bu əməliyyatın həyata keçirilməsi bir başa olaraq dövlətin ən yüksək instansiyasından verilən əmrin nəticəsidir. Ortaya digər məqam da çıxır ki, Beynəlxalq Bank son günlər keçiridiyi kredit əməliyyatlarında şəfaflığı təmin etməyib. Şəxsi tanışlıq əsasında kiçik bir çevrə iri kredit borcları götürdüyü halda, kiçik sahibkarlara güzəştlər edilməyib. Bu da sahibkarlara öz bizneslərini inkişaf etdirmələri üçün çətinliklər yaradıb. Ümid edək ki, baş verənlər kampaniya xarakterli deyil, köklü islahatlar formasında davam edəcək. Ümumiyyətlə, bank sektorunda, sahibkarlıqla bağlı problemlər həll olunacaq.Bu kimi əməliyyatlar aparılmasa ölkədə iqtisadi inkişafın təmin olunması, sahibkarlığın inkişafı ləng gedər. Buna görə də əməliyyatlar ciddi islahatlarla yekunlaşarsa, ölkə üçün uğurlu olar”. İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, ümumiyyətlə ölkənin bank sektorunda gərginlik yaşanır və bu davam edəcək: “Mərkəzi Bank mayın ayının məlumatlarını açıqladı. Mənzərə vəziyyətin getdikcə qəlizləşdiyini göstərir. Problemlər daha çox Beynəlxalq Bankın payına düşür. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Günahkarın sadə vətəndaş yox, iri sahibkarlar olduğunu bildirmişik. Nəticə göz qabağındadır. Təbii ki bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35% itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35% artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55% artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7–də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçirtdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır. Bir neçə ay öncə proqnozlaşdırdığımız vəziyyət artıq göz qabağındadır. Bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb. İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər. Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir. Əziyyət çəkənsə ölkə iqtisadiyyatı olacaq”. Geri dön |