Ana Sayfa > Xəbər > Minsk Qrupunun dirçəldilməsi üçün yeni "oyun"lar - "Bu dəfə Rusiya da dəstəkləyir"

Minsk Qrupunun dirçəldilməsi üçün yeni "oyun"lar - "Bu dəfə Rusiya da dəstəkləyir"


15-02-2022, 14:44. Yazar: admin
Minsk Qrupunun dirçəldilməsi üçün yeni "oyun"lar - "Bu dəfə Rusiya da dəstəkləyir"

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarla Ermənistan Baş naziri Nikol Paşinyan arasında dünən görüş keçirilib. Tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regiondakı durumu da müzakirə ediblər. Onlar Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyindən danışıblar. DİA.AZ-ın məlumatına görə, bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov xatırladıb ki, son zamanlar Minsk Qrupunun dirçəldilməsi istiqamətində müxtəlif cəhdlər olur, bəyanatlar səsləndirilir.

Müsahibimizin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun görüşündə də bu məsələ xüsusi vurğulanmışdı:

"Əslində sözügedən cəhdlər təəccüblü deyil. Əksinə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regionda "suların durulmağa" başlandığı bir vaxtda bu cür səylər gözləniləndir. Bəlkə də, əvvəllər Minsk Qrupunun fəallaşması Rusiya üçün o qədər də arzuolunan deyildi. Çünki bu, regiondakı təsir qüvvəsinin azalması demək idi. İndi Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpa olunması fonunda sözügedən qurumun aktiv "oyunçuya" çevrilməsi həm Qərbin, həm də Kremlin maraqlarına cavab verir. Çünki hər iki tərəf İrəvan- Ankara münasibətlərinə qarşıdır. İkisi də yaxşı başa düşür ki, əlaqələr belə sürətlə davam etsə, bir azdan onların heç birinə regionda ehtiyac olmayacaq”.

Siyasi şərhçi qeyd edib ki, son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədilməsinin, atəşkəsin pozulmasının səbəblərindən biri də məhz Minsk Qrupunun fəallaşdırılması ilə bağlıdır:

"Minsk Qrupunun "oyuna daxil olmasının" Ermənistan hakimiyyətinin ürəyincə olmaması ehtimalı daha çoxdur. Çünki Paşinyan son vaxtlar konstruktiv mövqe nümayiş etdirir, əlaqələrin bərpasında maraqlı görünür. Əlbəttə, o özü də yaxşı başa düşür ki, sözügedən təşkilat regionda əməkdaşlığa töhfə verməyəcək, əksinə proseslər uzanacaq. Odur ki, Bakı, Ankara və İrəvan tələsməlidir. Böyük ehtimalla yaxın gələcəkdə regionla bağlı ciddi hadisələrin şahidi ola bilərik. Proseslər daha da sürətlənməlidir. Yalnız belə olsa, Minsk Qrupunun prosesləri yavaşlatmaq cəhdlərinin qarşısı alına bilər”.
Geri dön