Ana Sayfa > Xəbər > İlham Əliyevin yeni HADRUT İSMARICLARI...

İlham Əliyevin yeni HADRUT İSMARICLARI...


25-12-2021, 10:25. Yazar: admin
İlham Əliyevin yeni HADRUT İSMARICLARI...

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də, 60 illik yubiley günündə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Vertikal.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Prezident hərbi hissəyə döyüş bayrağını təqdim edib. Sonra dövlət başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər. Prezident çıxışında deyib ki, Hadrutda hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır: “Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir”.

Dövlət başçısı çıxışında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışaraq deyib: “Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

Dövlət başçısı qeyd edib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.

Prezidentin sözlərinə görə, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı: “Halbuki Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”.

İlham Əliyev qeyd edib ki, bu gün Ermənistan ordusu yoxdur: “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.

Daha sonra ölkə başçısı bildirib ki, Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir: “Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”.

Prezident vurğulayıb ki, belə briqadalar çox olacaq və beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər. Dövlət başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.
Geri dön