Ana Sayfa > Xəbər > Brüssel görüşləri: Azərbaycanın hərbi zəfərini tamamlayan siyasi, diplomatik qələbələr silsiləsində növbəti mərhələ

Brüssel görüşləri: Azərbaycanın hərbi zəfərini tamamlayan siyasi, diplomatik qələbələr silsiləsində növbəti mərhələ


18-12-2021, 13:48. Yazar: admin
Brüssel görüşləri: Azərbaycanın hərbi zəfərini tamamlayan siyasi, diplomatik qələbələr silsiləsində növbəti mərhələ

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə dekabrın 14-də baş tutan birgə görüşü Azərbaycanın Vətən müharibəsindəki zəfərinin regionda yaratdığı yeni imkanların reallaşdırılması istiqamətində mühüm addım oldu. Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında noyabrın 26-da keçirilən və kifayət qədər məhsuldar olan Soçi görüşündən sonra Brüsseldəki görüşün nə ilə yekunlaşacağı ölkə daxilində və beynəlxalq ictimaiyyətdə xüsusi maraq doğururdu.

İlk növbədə qeyd edək ki, bu görüş Azərbaycan üçün olduqca müsbət siyasi, diplomatik atmosfer şəraitində baş tutdu. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və sonra NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşlərində və mətbuata açıqlamalarda səsləndirilən fikirlər Azərbaycanın istər NATO, istərsə də Avropa İttifaqı üçün olduqca böyük əhəmiyyətə malik olan tərəfdaş olduğunu bir daha təsdiqlədi. Dövlət başçımızın Şimali Atlantika Şurasının iclasında və Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitindəki çıxışları isə Vətən müharibəsindən sonra regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığını nümayiş etdirir.

Bütövlükdə Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanın siyasi, iqtisadi, hərbi tərəfdaşlığı və potensialı NATO və Avropa İttifaqı kimi nəhəng qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bu isə hər iki qurumla əlaqələrin bundan sonra da Azərbaycanın maraqlarına uyğun formada artan templə davam edəcəyini deməyə əsas verir.

Brüssel görüşü ilk növbədə, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu və bu prosesə töhfə vermək niyyətini nümayiş etdirdi. İki ölkə arasında münasibətlərin nizamlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi Aİ-nin təşəbbüsü ilə aparılan bu danışıqların səmərəli və praqmatik keçməsindən xəbər verir.

Bundan əlavə, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Daha bir razılığa əsasən, kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır.

Üçtərəfli görüşdə Azərbaycan üçün böyük önəm kəsb edən işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirilib. Aİ tərəfindən regionda minaların təmizlənməsi prosesində hər iki ölkəyə yardım ediləcəyi, habelə münaqişədən zərər çəkmiş insanlara kömək göstəriləcəyi görüşdə diqqətə çatdırılıb. Bundan əlavə, Aİ-nin təsis edəcəyi ekspertlər qrupunun sərhədlərin müəyyən olunması ilə bağlı problemlərə texniki dəstək göstərməsi nəzərdə tutulub.

Göründüyü kimi, Soçi görüşünün məntiqi davamı kimi gerçəkləşən Brüssel görüşünün Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə

yekunlaşdığı tam aydındır. BunuAİ-nin təşəbbüsü ilə keçirilmiş görüşün nəticələrinə dair Ş.Mişelin bəyanatı da təsdiqləyir. Bəyanatda Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış ifadə olunur. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Qurum regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Həmçinin, iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələr də Aİ tərəfindən dəstəklənəcəkdir.

Regionda kommunikasiya xətlərinin açılması, Ermənistan ərazisindən dəmir yolunun çəkilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin reallaşacağı anlamına gəlir. Prezident İlham Əliyev hələ Vətən müharibəsinin başa çatmasından çox qısa müddət sonra Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılcağını tam əminliklə bəyan etmişdi. Bu gün gedən proseslər dövlət başçımızın uzaqgörənliyinin, müdrik və prinsipial siyasətinin növbəti təzahürüdür.

Prezident İlham Əliyevin NATO Baş katibi ilə birgə mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər bu məsələdə, eləcə də Laçın dəhlizi ilə bağlı ölkəmizin üstün mövqeyini nümayiş etdirdi. Hər iki dəhlizin hüquqi rejiminin eyni olmasının zəruriliyini əsaslandıran dövlət başçısı xatırladıb ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatında deyildiyi kimi, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir: “Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq”.

Dövlət başçımızın vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması həm də Ermənistanın özü üçün vacibdir.

Brüssel səfəri çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Fransa prezidenti Emanuel Makronun iştirakı ilə növbəti birgə görüşünün baş tutması isə onu deməyə əsas verir ki, artıq bütün dünya Azərbaycanın Qarabağ zəfərini və onun nəticələrini, o cümlədən “status” məsələsinin birdəfəlik qapandığını qəbul edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və bütün region yeni tarixi mərhələyə qədəm qoyur. Yeni dövrün imkanlarından nəinki region dövlətləri və xalqları, eləcə də Azərbaycanın aparıcı rol oynayacağı regional layihələrə dəstək verəcək və qoşulacaq bütün tərəfdaşlar faydalana biləcəklər.

Hülya Məmmədli

politoloq

Geri dön