Ana Sayfa > Xəbər > ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MÜSTƏVİDƏ
ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MÜSTƏVİDƏ18-12-2021, 13:44. Yazar: admin |
Bu ilin dekabr ayının 15-də Avropa Birliyi təsisatlarının yerləşdiyi Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak edib. “Şərq tərəfdaşlığı” (European neighbourhourd) proqramı 2008-ci ilin may ayında Avropa Birliyinin üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb, əsası isə bir il sonra, yəni 2009-cu il may ayının 7-də Praqa şəhərində keçirilən sammitdə qoyulub. Proqram Avropa İttifaqını altı tərəfdaş ölkə olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə daha da yaxınlaşdırmaq, sabitlik və iqtisadi inkişafı təşviq etmək, bir sözlə Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması məqsədi güdürdü. Qeyd etdiyimiz kimi, bu il dekabrın 15-də Avropa Birliyi təsisatlarının yerləşdiyi Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçirilib. Avropa İttifaqının 27 ölkəsinin prezidenti və baş nazirlərinin qatıldığı toplantıda Moldovanı Baş nazir Maya Sandu, Gürcüstanı hökumət başçısı İrakli Qaribaşvili, Ermənistanı Baş nazir Nikol Paşinyan, Ukraynanı isə Prezident Vladimir Zelenski təmsil edirdi. Onu da qeyd edək ki, rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqına üzv olmaq iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıblar. Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın NATO ilə etibarlı tərəfdaşlıq əlaqələrindən, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğundan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolundan, postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərindən, regionun simasını dəyişdirəcək Zəngəzur dəhlizi layihəsindən, regional nəqliyyat əlaqələrinin inteqrasiyasının dövlətlərə bir çox imkanlar qazandıracağından danışaraq sammit iştirakçılarını yeni reallıqlarla tanış etdi. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra görüşlər də keçirmişdir. Onlardan biri də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü idi. Xatırladaq ki, bu ilin iyul ayının 18-də Şarl Mişel Cənubi Qafqazın üç ölkəsinə səfəri çərçivəsində Azərbaycana gəlmişdir. Geniştərkibli görüşdən sonra birgə mətbuat konfransı da keçirilmiş, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatlarla çıxış etmişdilər. Təsadüfi deyil ki, Brüsseldə çıxış edən Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin haqqında danışdığımız səfərini və səfər çərçivəsində keçirilən görüşləri xatırlayaraq regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd edib. Elə bunun nəticəsi idi ki, Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələr konstruktiv mühitdə keçirilmişdir. Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqlar çox praktiki olub təfsilatlı xarakter daşıyırdı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan üçün yaxın tərəfkeş olmaqla yanaşı Avropa İttifaqı həm də bizim əsas ticarət tərəfdaşımızdır. “Ticarətimizin demək olar ki, 40 %-i Avropa İttifaqı ilə aparılır. Ötən ildəki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir” deyən Azərbaycan Prezidenti onu da vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib... Beləliklə, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra məqsədimizin Qarabağı dirçəldilməsi olduğundan bu sammitdə bizi maraqlandıran əsas məsələlərdən biri və önəmlisi Prezident Əliyev və Baş nazir Paşinyan arasında keçirilən görüşlərin nəticələri idi. Belə ki, qarşılıqlı razılığa gəlinmişdir ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün əlavə ciddi addımlar atılmalı, tərəflər arasında qarşılıqlılıq prinsipi əsasında dəmir yolu xətlərinin bərpasına dair işlər davam etdirilməlidir. Güllü Yoloğlu
tarix elmləri doktoru, türkoloq Geri dön |