Ana Sayfa > Xəbər > “Azərbaycanın infrastrukturu Avropanın prinsiplərinə tam uyğundur”
“Azərbaycanın infrastrukturu Avropanın prinsiplərinə tam uyğundur”8-05-2015, 16:32. Yazar: admin |
Türkmən qazının Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsi ilə Avropa bazarlarına çıxarılması ilə bağlı Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında dördtərəfli danışıqların aparılması tərəflərin Anlaşma Memorandumu və birgə bəyanat imzalaması ilə yekunlaşdı. Bununla da türkmən qazının gələcəkdə TANAP vasitəsi ilə Avropa bazarlarına çıxarılması barədə müəyyən nəticələr əldə edildi. Bu günlərdə isə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin ölkəsinin regionda həyata keçirilən böyük qaz layihələrində iştirak edə biləcəyini açıqlayıb. O, İranın təbii qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yerdə dayandığını diqqətə çatdıraraq, iranlı neft-qaz mütəxəssislərinin TANAP və Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihələri ilə tanış olduqlarını, araşdırmalar apardıqlarını vurğulayıb. Səfir bu sahədə heç bir ölkə ilə rəqabət aparmaq niyyəti güdmədiklərini, sadəcə, İran qazını satmaq istədiklərini də dilə gətirib. Türkmənistan və İranın TANAP, TAP kimi layihələrdə iştirakı, buna Rusiyanın reaksiyası, sözügedən layihələrin “Türk axını”na təsiri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban cavablandırır. - İlham bəy, bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadda türkmən qazının TANAP vasitəsi ilə Avropa bazarlarına çıxarılması barədə Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında dördtərəfli görüş keçirilib. Müzakirələrin yekununda Türkmənistan təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb. Siz bu razılaşmanı necə dəyərləndirirsiniz? - Aşqabadda aparılan danışıqların nəticəsi olaraq, tərəflər arasında bəyannamə qəbul olunub. Türkmənistan tərəfinin danışıqlar barədə mətbuata açıqlamasında bu sənəd bəyannamə kimi təqdim edilib. Bəyannamə isə hüquqi öhdəliyi olmayan bir sənəddir. Həmin sənədin mahiyyətinə uyğun olaraq, tərəflər işçi qrup yaradacaqlar. Bu qrupda enerji nazirlərinin müavinləri təmsil olunacaq, mütəmadi görüşlər keçirəcəklər. Türkmənistan tərəfinin xahişi ilə onlar türkmən qazının nəqli üçün bütün mümkün variantları gözdən keçirəcək, Avropa Konvensiyası çərçivəsində hüquqi baxımdan ortaya çıxa biləcək problemlərin həllini aradan qaldıracaqlar. Burada Xəzərin hüquqi statusunun müəyyən edilməməsindən irəli gələn, eləcə də alqı-satqı və nəql olunma məsələsi zamanı ortaya çıxacaq problemlər də var. Digər tərəfdən, mümkün risklər, bu risklərin aradan qaldırılması da diqqət mərkəzində olacaq. Yəni hələlik qarşıda həllini gözləyən bir çox ciddi məsələlər var. Ümumilikdə bütün bu problemlərin həlli üçün Aşqabad görüşü və bəyannaməsi ilkin başlanğıcdır. Sözügedən prosesin nə qədər davam edəcəyini indidən söyləmək isə olduqca çətindir. Amma Avropa Komissiyasının vitse-prezidenti bu barədə çox optimist fikirdədir. O, 2019-cu ildən etibarən Avropanın türkmən qazını almaq istədiyini bildirib. Avropada düşünürlər ki, 2019-cu ildə Rusiya Ukrayna üzərindən tranziti saxlaya bilər. Avropanın “Qazprom” ilə “Türk axını” məsələsində bir araya gələ bilməməsi də ciddi problem yaşadır. Belə vəziyyətdə alternativ variant kimi türkmən qazının Avropaya çatdırılması layihəsi xüsusi dəyərə malikdir. 2019-cu ildə TANAP-ın buraxıcılıq gücü 16 milyard kubmetr olacaq. Bu günə qədər TANAP-ın operatoru olan ARDNŞ rəsmilərindən heç kim bəyan etməyib ki, 2019-cu, yaxud 2020-ci illərdə TANAP-ın buraxıcılıq gücü 16 deyil, 17 milyard kubmetr olacaq. Avropa və Türkmənistan istəyir ki, türkmən qazının nəqlini 10 milyard kubmetrdən başlayıb 30 milyard kubmetrə qədər artırsınlar. Amma reallıq budur ki, bizim boru kəmərində 2019-2022-ci illərdə nə türkmən qazını, nə də digər tərəfin qazını ötürmək üçün yer olacaq. TANAP-ın ötürücülük gücü 2023-cü ildən tez genişləndirilməyəcək. Bu baxımdan, türkmən qazının Avropaya ötürülməsini 2023-cü il üçün daha real hesab edirəm. Çünki məhz bu zaman neft-boru sistemində genişləndirilmə mümkün olacaq. - Türkmənistan dövlətinin daha çox Çinə real bazar kimi baxdığı və Avropa ilə bağlı müəyyən tərəddüdlər yaşadığı da məlumdur. - Türkmənistan üçün indiyə kimi bir nömrəli bazar Çin bazarıdır. Çünki 2021-ci ildə onların Çinə 65 milyard kubmetr qaz nəql edəcəyi planlaşdırılıb. Türkmənistanın bütün rəsmi sənədlərində bu öz əksini tapıb. Təkcə ötən il 32 milyard kubmetr qaz Çinə çatdırılıb. Bu il isə 40 milyard kubmetrə yaxın olacaq. - Nəzərə alaq ki, Moskva ilə Aşqabad arasında enerji sahəsində əməkdaşlıq var. Bu mənada dördtərəfli danışıqları və əldə edilən razılaşmanı Rusiya gələcəkdə özünə qarşı bir layihə kimi qəbul edə, Türkmənistana təsir və ya təzyiq göstərə, onu bu addımından çəkindirə bilərmi? -Türkmənistan qazının Avropa bazarına çıxarılmasını Rusiya daim özü üçün təhlükə sayır. Eyni yanaşma bu gün də davam etməkdədir. Ancaq Rusiya Azərbaycanla bağlı özünə qarşı belə bir təhlükə görmür. Çünki Azərbaycan perspektivdə qaz ixracını 10-20 milyard kubmetr civarında göstərib. Bu, Rusiyanın Avropaya nəql etdiyi qazın həcmi ilə müqayisədə böyük deyil. Ona görə də bu, Rusiyanın ümumi maraqlarına, bazardakı payına hər hansı təhlükə gətirmir. Lakin türkmən qazının Avropa bazarına çıxarılması Rusiya üçün real təhlükədir. Mənzərəni daha aydın təsəvvür etmək üçün rəqəmlərə istinad mütləqdir. Təsəvvür edək ki, bütün infrastruktur tam hazırdır və 30 milyard kubmetr türkmən qazı Avropa bazarına çatdırılır. Bununla yanaşı, 20 milyard kubmetr Azərbaycan qazı da həmin bazara çıxır. Ümumilikdə 50 milyard kubmetr qazın Avropa bazarına çıxarılması Rusiya üçün potensial təhlükədir. Avropa İttifaqı da Avropa Komissiyası qarşısında vəzifə qoyub ki, qarşıdakı illərdə Rusiya qazından asılılıq azaldılsın. Rusiya indiyə kimi Avropa bazarında 150 milyard kubmetr qaz satır. Türkmənistan qazı Azərbaycan qazı ilə birlikdə Avropa bazarına 50 milyard kubmetr həcmində çatdırıldığı zaman Rusiya birdən-birə eyni həcmdə qaz satışından məhrum olur. Təbii ki, Rusiya buna kəskin reaksiya verəcək. Nümunə kimi Ukrayna üzərində cərəyan edən prosesləri göstərmək olar. Ukraynada 2006-cı və 2009-cu illərdə iki dəfə qaz müharibələri yaşandı. Bu proseslərdən irəli gələrək, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, ardınca ərazi bütövlüyünün pozulması, iki dövlət arasında indiyə kimi davam edən müharibə baş verdi. Hazırda Rusiya qaz nəqlini birbaşa Ukraynadan yan keçən “Cənub axını” layihəsi üzərində qurur. Rusiya 2007-ci ilə qədər Ukrayna üzərindən 120 milyard kubmetr qaz nəql edib. 2019-cu ildə rəsmi Moskva bu rəqəmi sıfıra endirməyi düşünür. - İran da regionda həyata keçirilən böyük qaz layihələrində iştirak edə biləcəyini açıqlayıb. Bu barədə İranın Azərbaycandakı səfiri bildirib. Deyilənləri nəzərə alsaq, İranın TANAP-da iştirakı, bu layihədə pay sahibi olması nə dərəcədə realdır? - İran səfiri mətbuata müsahibəsində diplomatik şəkildə suallara cavab verib və ölkəsinin qaz nəqlini hansısa bir şirkətə bağlamır. Qeyd edir ki, layihə iştirakçılarından hansı şirkət İrana daha yaxşı təkliflər verəcəksə, rəsmi Tehran ondan pay alacaq. İran bu məsələyə biznes qanunlarından çıxış edərək yanaşır, seçim edir. Digər tərəfdən, İran qazının Avropa bazarına çıxış yolu yalnız TANAP layihəsi deyil. Unutmaq olmaz ki, BOTAŞ-ın da sistemi var. BOTAŞ-ın Şərqdən Qərbə qaz ötürmək üçün minimum 10 milyard kubmetr gücündə sistemi var. Bizim “Şahdəniz-2” layihəmizdən 2018-ci ildə qaz çıxacaq. 2020-ci ildə isə Avropaya qaz ötürmək gücündə olacağıq. Əgər TAP 2020-ci ildən tez hazır olmayacaqsa və o zaman maksimum 16 milyard kubmetr ötürücülük gücü olacaqsa, İran, Türkmənistan qazı bu boru vasitəsilə necə nəql oluna bilər? SOCAR prezidenti mətbuata açıqlamasında da qeyd edib ki, 2026-cı ildə TANAP özünün maksimum gücə, yəni ildə 31 milyard kubmetr qaz nəql etmək gücünə çatacaq. Bu məsələ hardasa 11 il sonra mümkün olacaq. Digər tərəfdən, əgər İran və Türkmənistan hərəsi 10 milyard kubmetr qaz verəcəklərsə, Azərbaycanın nəql edəcəyi qazın da həcmini bura əlavə etsək, ümumilikdə 36 milyard kubmetr edir ki, bu da çoxdur. - Regiondakı qonşu ölkələrin də TANAP və TAP layihələrinə maraq göstərməsi və gələcəkdə bu layihələrin iştirakçısına, pay sahibinə çevrilməsi Azərbaycanın mövqeyinə necə təsir edir? - Ən əsası budur ki, Azərbaycanın infrastrukturu var. TANAP vasitəsi ilə birinci mərhələdə 16, ikinci mərhələdə 23 və sonuncu mərhələdə 31 milyard kubmetr qaz nəql olunacaq. Bizim infrastruktur başqa ölkələrə, yəni Rusiyaya bağlı deyil, açıqdır. Bu isə Avropanın prinsiplərinə tam uyğundur. Belə layihələrdə biz ilk olaraq öz kommersiya maraqlarımızı güdürük. Yalnız bu maraqları həyata keçirəndən sonra paralel olaraq üçüncü tərəfin də maraqlarını həyata keçirəcəyik. Bu da Azərbaycanın regionda nüfuzunun artmasına, qonşuluq siyasətinin güclənməsinə, regionun çiçəklənməsinə və burada qarşılıqlı etimadın daha da yaxşılaşmasına səbəb olacaq. Bu, “Cənub” qaz dəhlizinin ən böyük uğurudur. Təməlqoyma mərasimində qeyd edildiyi kimi, TANAP sülh kəməri olacaq. Çünki bu layihədə iştirak edən hər bir ölkə bundan qazanc götürəcək. Geri dön |