Ana Sayfa > Xəbər > “Ləzgicə-azərbaycanca lüğət” ictimaiyyətə təqdim olundu

“Ləzgicə-azərbaycanca lüğət” ictimaiyyətə təqdim olundu


8-05-2015, 12:37. Yazar: admin
“Ləzgicə-azərbaycanca lüğət” ictimaiyyətə təqdim olundu
Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” nəşriyyatında 70 min lüğət vahidindən ibarət, 800 səhifəlik “Ləzgicə-azərbaycanca lüğət” kitabının təqdimatı keçirilib. Adlı-sanlı alimlərin, yazıçıların, azsaylı xalqların ictimai təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri “Samur” Ləzgi Milli Mərkəzi İdarə heyətinin sədri Şair Həsənov açıb. O, bugünkü təqdimatın multikulturalizm ənənələri ilə dünyada tanınan Azərbaycanda tolerantlıq nümunəsi, “Ləzgicə-azərbaycanca lüğətin” nəşrinin respublikamızın mədəni həyatında böyük hadisə olduğunu qeyd edib.

Kitabın müəlliflərindən biri olan “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova deyib: “İctimaiyyətə təqdim etdiyimiz lüğət respublikamızın əsrlər boyu mehriban qardaşlıq ailəsində yaşayan ləzgi və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına təkan verəcək. Qarşılıqlı elmi, ədəbi-bədii tərcümələr etməkdə, hər iki dili daha dərindən öyrənməkdə bu kitabın rolu əvəzsiz olacaq. Ləzgi dilini mükəmməl öyrənmək istəyənlər arasında ləzgilərlə yanaşı müxtəlif millətlərin nümayəndələrinin olmasını, dünya linqvistlərinin ona böyük maraq göstərdiyini, redaksiyamızın müntəzəm olaraq təşkil etdiyi ləzgi dili kurslarına yazılanların sayının getdikcə artdığını nəzərə alsaq, bu lüğətin nə qədər lazımlı və faydalı olduğunu təsəvvür edə bilərik. Lüğət nəşri onu tərtib edənlərdən böyük məsuliyyət, zəhmətkeşlik, hər iki dilin qrammatikasına, ədəbi normalarına dərindən bələdlik sevgi tələb edir. Hər iki dili eyni cür sevməsən, bu işin öhdəsindən gələ bilməzsən”.

Digər müəllif, “Samur” qəzeti redaktorunun müavini Müzəffər Məlikməmmədov deyib: “Ləzgi dilində ilk lüğətin min illik tarixi var. XIII əsrdə yaşamış ərəb kosmoqrafı Zəkəriyyə əl-Qəzvini özünün “Ölkələrin yadigarları” kitabında qeyd edir ki, XI əsrdə Əbu İbrahim İsmayıl əl Muzaninin “Müxtəsər” kitabı və Muhamməd ibn İdris aş-Şafinin şəriət hüququna dair kitabı ərəb dilindən ləzgi dilinə tərcümə olunmuşdu. Bu tərcümələr naməlum müəllif tərəfindən tərtib edilmiş 6 min sözdən ibarət ərəbcə-ləzgicə lüğət əsasında həyata keçirilmişdir. Bundan sonra Abd əl Hayın xronikasında XV əsrdə ləzgicə-ərəbcə lüğətin tərtib edildiyi göstərilir. 1817-1818-ci illərdə məşhur ləzgi alimi və şairi Mirzə Əli ərəbcə-ləzgicə lüğət tərtib etmişdi. Sonralar həmin lüğət əsasında 1864-1865-ci illərdə, yəni 150 il bundan əvvəl “Qurani-Kərim” ləzgi dilinə tərcümə edilmişdir. XVIII əsrdə farsca-ləzgicə, XIX əsrin sonlarında rusca-ləzgicə, ləzgicə-rusca lüğətlər meydana gəlir. Ötən əsrin 20-ci illərində türkcə-ləzgicə lüğət hazırlanmışdı. Sonrakı dövrlərdə, 1932-2012-ci illər ərzində ləzgi alimləri 52 lüğət və danışıq kitabçası hazırlayıb çapdan buraxmışlar. Ləzgicə-azərbaycanca və azərbaycanca-ləzgicə lüğətlərin hazırlanması məsələsini ilk dəfə 1957-ci ildə Azərbaycanın tanınmış dilçilərindən sayılan məşhur ləzgi alimi, filologiya elmləri doktoru Şəmsəddin Sadiyev qaldırıb. Həmin il o, ləzgi dilində işlənən 50 Azərbaycan sözünün və hər iki dildə ortaq işlənən 509 sözün siyahısını tərtib edib. Azərbaycan dilində işlənən ləzgi sözləri ilə bağlı araşdırmaları da ilk dəfə o aparıb. Bütün bunlara baxmayaraq, ikidilli lüğət tərtib etmək ona nəsib olmayıb. Görkəmli alimin arzusunu həyata keçirərək tərtib etdiyimiz bu lüğətə qoy oxucularımız qiymət versinlər”.

Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı dedi: “Ləzgicə-azərbaycanca lüğət” hər iki xalqın mədəniyyətinə böyük töhfədir. Bu, böyük zəhmətin bəhrəsidir. Xalqlar arasında dostluğa xidmət edən belə bir kitaba görə həmkarlarım Sədaqət Kərimovanı və Müzəffər Məlikməmmədovu ürəkdən təbrik edirəm. Onlar bir institutun gördüyü işi görüblər. Bu, həm ləzgi, həm də Azərbaycan xalqı qarşısında çox böyük xidmətdir.”

Geri dön